Monteneqronun sabiq prezidenti Filip Vuyanoviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.
"Report"un məlumatına görə, mətndə deyilir:
"Hörmətli Prezident, əziz İlham Əliyev.
Böyük kədər və narahatlıqla sülhün, beynəlxalq hüquq normalarının yenidən pozulması və təəssüflər olsun ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yeni hərbi əməliyyatlarda onlarla günahsız insanın qətlə yetirilməsi xəbərlərini eşitdim.
Monteneqro ilə Azərbaycan arasında ümumi dövlətlərarası münasibətlərin möhkəmləndirilməsinə yönəlmiş açıq və konstruktiv söhbətlərimiz haqqında düşünərək, Dağlıq Qarabağdakı uzunmüddətli ağrılı münaqişə və onun sülh yolu ilə həllinə yönəlmiş səylərinizi mənə xüsusi diqqətlə təqdim etdiyiniz dəyərli görüşlərimizi xatırladım.
Ölkələrimiz arasındakı yaxın münasibətlərə hörmət əlaməti olaraq, dostluq əlaqələrimizin sübutu kimi 2013-cü il martın 12-də Çetinye şəhərində Azərbaycan Respublikası və Monteneqro arasında dostluq münasibətləri və tərəfdaşlıq haqqında Bəyannamə imzaladıq. Bununla da Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı əsasında, hamı tərəfindən tanınmış prinsiplərə və beynəlxalq hüquqa uyğun olaraq sülh yolu ilə həll olunmasının vacibliyini birlikdə bəyan etdik.
Fürsətdən istifadə edərək, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinə əməl olunmasının vacibliyini vurğulamaqla yanaşı, silahlı münaqişənin tezliklə sülh yolu ilə həllinə nail olunacağına ümid etdiyimi bildirmək istəyirəm.
Zatı-aliləri, Sizə və bütün Azərbaycan xalqına möhkəm cansağlığı, əmin-amanlıq, rifah arzulamaqla, dərin hörmət və ürəkdən gələn salamlarımı çatdırıram".