İyunun 1-də Moldovada 47 ölkənin dövlət və hökumət başçılarının, o cümlədən Azərbaycan Prezidenti İlham Əliyevin iştirak etdiyi Avropa Siyasi Birliyinin (ASB) ikinci sammiti keçirilib. Sammitdə sülhün yaradılması və enerji təhlükəsizliyinin təmin edilməsi, Avropa qitəsində əməkdaşlığın gücləndirilməsi və s. kimi mühüm məsələlər müzakirə olunub.
“Report”a müsahibəsində Moldovanın Azərbaycandakı səfiri Aleksandr Yesaulenko bu sammitin ölkəsi üçün əhəmiyyətindən, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolundan və Bakı ilə Kişineu arasında ikitərəfli əməkdaşlığın perspektivli istiqamətlərindən danışıb.
- Avropa Siyasi Birliyinin Kişineuda keçirilən ikinci sammitinin Moldova üçün hansı əhəmiyyəti oldu?
- Mən Avropa Siyasi Birliyinin ikinci sammitini sülh haqqında və sülh naminə sammit kimi xarakterizə etmək istərdim. Hesab edirik ki, bu platforma bütün Avropa qitəsini bir nöqtədə - Moldovada birləşdirməyə imkan verdi və biz bundan çox qürur duyuruq, çünki bu hadisə Moldova Respublikası üçün böyük əhəmiyyət kəsb edirdi və bütün dünyaya Avropa İttifaqının birliyini nümayiş etdirdi. Onu da vurğulamaq istərdim ki, Prezidentimiz təhlükəsizlik, enerji təhlükəsizliyi, Aİ-nin genişlənməsi kimi mühüm məsələlərə diqqət yetirdi. Məlum olduğu kimi, Aİ-nin genişlənməsi mövzusu bu il Avropa rəhbərliyinin gündəmində ola bilər və biz bunun Moldova ilə Aİ arasında gələcək danışıqların mövzusu olacağını gözləyirik.
Bu, Aİ ölkələri arasında münasibətlərin gücləndiyini göstərir. Gündəlikdə Moldova və Ukraynaya dəstək mövzuları da var, çünki hadisələr ölkələrimiz arasındakı sərhədlərin yaxınlığında baş verir. Amma ən başlıcası Moldovanın dinc və eyni zamanda təhlükəsiz ölkə olduğunu bütün dünyaya uğurla nümayiş etdirməkdir. Fikrimcə, Avropa qitəsinə sülh gətirmək üçün bu dialoqu davam etdirməliyik. Bu kontekstdə Avropa Parlamentinə, Aİ strukturlarına müxtəlif sahələrdə, o cümlədən Ukraynadan gələn və Moldovada qalan insanlara verilən dəstəyə görə təşəkkür etmək istərdim.
- Moldova ilə Azərbaycan arasında ikitərəfli əməkdaşlıq haqqında nə deyə bilərsiniz? Sizcə, hansı sahələrdə əməkdaşlığı gücləndirmək mümkündür?
- Moldova və Azərbaycan dost ölkələr və yaxşı tərəfdaşlardır, enerji sahəsində əməkdaşlıq isə bizim üçün böyük maraq doğurur. Ötən qış bizə etibarlı tərəfdaşların və dostların olmasının nə qədər vacib olduğunu göstərdi. Azərbaycan isə sübut etdi ki, Moldovanın qardaşı və dostudur və bu çətin dövr Azərbaycanın sayəsində uğurla geridə qoyuldu. Ona görə də biz bu sahədə əməkdaşlığın inkişaf etdirilməsini səbirsizliklə gözləyirik. Aİ-nin dəstəklədiyi sualtı elektrik kabelinin çəkilməsi üzrə enerji layihəsinə xüsusi marağımızı da vurğulamaq istərdim.
- Azərbaycan, Rumıniya, Gürcüstan və Macarıstan arasında imzalanmış saziş əsasında Qara dənizin dibi ilə “yaşıl” enerji təchizatı layihəsindən Moldova hansı faydalar əldə edə bilər? Azərbaycanla Moldova arasında başqa enerji layihələri varmı?
- Bu layihə Moldova üçün potensial maraq doğurur. Rumıniya, Gürcüstan, Macarıstan və Azərbaycan arasında imzalanmış sazişin enerji təhlükəsizliyinin inkişafına və möhkəmləndirilməsinə yönəlmiş daha bir maraqlı layihə olduğunu görürük. Moldova bu mühüm layihənin bir hissəsi olmaqda maraqlıdır.
Hamımız enerji təchizatının şaxələndirilməsinin vacibliyini başa düşürük və gördüyümüz kimi, Azərbaycan enerji təhlükəsizliyinin möhkəmləndirilməsində Aİ-nin əsas tərəfdaşlarından birinə çevrilir.
- Ölkələr arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi barədə nə düşünürsünüz? Bu istiqamətdə hansı birgə layihələr hazırlanır?
- İkitərəfli əməkdaşlığımızın inkişafı üçün potensial var. Bunu kənd təsərrüfatı sahəsi barədə də, şərabçılıq sənayesi barədə də demək olar. Bilirik ki, Qarabağ ölkənin kənd təsərrüfatı rayonudur və düşünürəm ki, təcrübə mübadiləsi yolu ilə kənd təsərrüfatı sahəsində əməkdaşlığımızı gücləndirə bilərik.
- Azərbaycanla Moldova arasında turizm sahəsindəki əməkdaşlığı necə qiymətləndirərdiniz?
- Turizm sektoru hökumətimiz üçün prioritet sahədir, biz turizmdə yeni istiqamət olan “aqroturizm”i inkişaf etdirməyə çalışırıq. Ölkənizlə bu sahədə əməkdaşlığı gücləndirmək üçün Moldova ilə Azərbaycan arasında birbaşa aviareyslər açmaq lazımdır.
- Humanitar sahədəki əməkdaşlığı necə şərh edə bilərsiniz?
- Moldova üçün bu sahənin inkişafı çox vacibdir. Bu əməkdaşlığın, o cümlədən təhsil və mədəniyyət sahəsində əməkdaşlığın inkişafı üçün böyük potensialımız var. Ölkələr arasında tələbə mübadiləsini genişləndirmək imkanlarını müəyyən etməliyik və mən bu məsələdə çox nikbinəm.
Tələbələrimiz Azərbaycana və əksinə, azərbaycanlı tələbələr Moldovaya gələ bilər, professor-müəllim heyətinin təcrübə mübadiləsi üçün proqramlar həyata keçirmək də mümkündür.