Moldova prezidenti İqor Dodon Azərbaycan səfiri Qüdsi Osmanovla görüşü zamanı iki ölkə arasındakı münasibətlərin inkişafı məsələlərini müzakirə edib.
“Report” xəbər verir ki, bu barədə dövlət başçısı “Facebook” səhifəsində yazıb:
“İqtisadi-ticarət əməkdaşlığı da daxil olmaqla ikitərəfli münasibətlərin mühüm məsələlərini müzakirə etdik. Moldovada Azərbaycan kapitalı olan 130-dək müəssisənin olduğunu məmnuniyyətlə qeyd etməklə yanaşı, mövcud potensialın yarımçıq istifadə olunduğunu göstərdik, qarşılıqlı maraq kəsb edən ən perspektivli istiqamətlərdə dialoqu artırmağa tərəfdar olduğumuzu bildirdik”.
Moldova prezidenti həmçinin iki ölkə arasında sosial və humanitar sahələrdə də əməkdaşlıq məsələlərinin, o cümlədən Çadır Lunqa şəhərində Uşaq Yaradıcılıq Mərkəzi tikintisi layihəsinin Azərbaycan tərəfindən dəstəklənməsi məsələsinin də müzakirə olunduğunu qeyd edib.