"Fransadakı erməni diasporu ölkənin xarici siyasətinə təsir göstərməyə çalışır".
Bunu "Report"un yerli bürosuna açıqlamasında Fransa Milli Assambleyasında Fransa-Azərbaycan Dostluq Qrupunun üzvü, deputat Mişel Vyale (Michel Vialay) bildirib.
Onun sözlərinə görə, Fransadakı erməni diasporu ölkənin rəsmi şəxslərinin siyasi əqidələrindəki fərqlərdən məharətlə istifadə edirlər: "Fransanın daxilində baş verənlər onun xarici siyasətinə təsir göstərməməlidir. Xüsusilə seçki kampaniyaları ərəfəsində daxili məsələlər diqqət mərkəzində olmalıdır. Lakin Ermənistanda yaşayanlardan daha çox tələbkar olan Fransadakı erməni diasporu ölkənin xarici siyasətinə təsir göstərməyə çalışır. Bunun üçün onlar hökümət və bir sıra parlamentarilərin mövqelərindəki fərqlərdən istifadə edirlər".
M.Vyale deyib ki, Fransa hər iki ölkənin və əhalisinin iqtisadi inkişafdan bəhrələnməsi üçün münaqişə tərəflərinin dialoqa girməsinə çalışmalıdır: "Hər kəs 1989-cu ildə Ermənistan tərəfindən başlanılan münaqişədən və Azərbaycan torpaqlarının bir hissəsinin işğalından sonra ümid edirdi ki, Minsk qrupunun vasitəçiliyilə BMT-nin qətnamələri tətbiq ediləcək, beynəlxalq qəbul edilmiş sərhədlərə hörmət ediləcək və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. 30 il sonra diplomatik danışıqların uğursuz nəticələnməsindən sonra hərbi yolla BMT-nin qətnamələri həyata keçirildi. İndi sərhədlərə hörmət edilməsi məsələsi həll olunub, ən vacibi Avropa ilə Asiyanın qovşağında yerləşən, müxtəlif mədəniyyətlərin qovuşduğu Qafqazda davamlı sülhün qurulması və Azərbaycanla Ermənistan arasında əlaqələrin yaradılmasıdır. Tarixdə Fransa qonşuları ilə bir çox çətin epizodlar yaşayıb. Lakin bu gün xalqlarımız qarşılıqlı, faydalı birgə hədəflər müəyyən edərək ortaq gələcək qurmağa nail olublar. Bu təcrübə bizim üçün dəyərlidir və bunu Qafqaz ölkələri ilə bölüşməliyik".
Fransalı deputat Dağlıq Qarabağın uğurlu coğrafi mövqeyinə və bundan irəli gələn perspektivlərə də toxunub: "Aralarında 30 il intervalla baş vermiş iki Qarabağ müharibəsi zamanı və eyni zamanda keçən il noyabrın 10-da imzalanmış üçtərəfli razılaşmanın sonunda ermənilərin "torpaq yandırma" siyasəti xeyli dağıntıya səbəb olub. Buna görə də müxtəlif obyektlərin və infrastrukturların yenidən qurulması ilə məşğul olmaq və bu fürsətdən istifadə edərək yeni regional inkişafın əsaslarını qoymaq vacibdir. Çünki iqtisadi inkişaf müxtəlif infrastrukturun, habelə nəqliyyatın inkişafından asılıdır. Qafqaz coğrafi qovşaq və iqtisadi inkişaf üçün gərəkli olan mübadiləyə əlverişli ərazi olduğu üçün bu bölgəyə gediş-gəliş asanlaşdırılarsa, müxtəlif fəaliyyət növlərinin yaradılması üçün böyük imkanlar açılacaq. Bu nöqteyi-nəzərdən, Dağlıq Qarabağda kənd təsərrüfatı, turizm, hər cür idman sahələrinin inkişafı üçün potensial imkanlar var".