"Qoşulmama Hərəkatında Azərbaycanın sədrliyinin uzadılması böyük üstünlükdür, BMT-dən sonra ən böyük beynəlxalq təşkilatın bütün üzv ölkələrilə tərəfdaşlıq əlaqələri üçün şərait yaradır".
Bunu “Report”a Vaşinqtonda fəaliyyət göstərən “Atlantik Şurası” (Atlantic Council) adlı nüfuzlu beyin mərkəzinin böyük elmi işçisi, ABŞ-ın Azərbaycandakı sabiq səfiri, beynəlxalq ekspert Metyu Brayza bildirib.
Ekspert həmçinin qeyd edib ki, Qoşulmama Hərəkatının 60 illiyinə həsr olunmuş yüksək səviyyəli tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev həmin təşkilatın rəhbər tutduğu təməl prinsiplərinin dövlətlərin ərazi bütövlüyünə hörmət, zor gücündən istifadə etməmək, üzv dövlətlərin daxili işlərinə müdaxilə etməmək olduğunu bildirmişdi.
O cümlədən, dövlət başçısının BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş məlum dörd qətnamələrini yerinə yetirmək üçün heç bir iş görməyən beynəlxalq birliyin uzun illərdir ikili standartlarla fəaliyyət göstərdiyini vurğuladığı da xatırladılıb.