Bakı. 11 may. REPORT.AZ/ Malayziyanın Azərbaycandakı səfiri Dato Roslan Tan Sri Əbdül Rəhmanın "Report"a müsahibəsi:
- Bakıda Malayziya səfirliyinin açılmasından sonra Azərbaycan-Malayziya əlaqələrinin inkişafını necə qiymətləndirirsiniz?
- Malayziyanın Bakıdakı səfriliyi 2014-cü il aprelin 1-də fəaliyyətə başlayıb, rəsmi açılış mərasimi isə 2014-cü il sentyabrın 12-də olub. Həmin dövrdə Malayziyanın baş naziri Azərbaycana rəsmi səfərə gəlmişdi və səfirliyin açılış mərasimində iştirak edib. Bu dövr ərzində iki ölkə arasında bir neçə yüksək səviyyəli səfər həyata keçirilib.
Azərbaycanda Malayziya mədəniyyəti və turizminin təşviqi məqsədilə səfirlik Malayziya və Azərbaycanın Mədəniyyət və Turizm nazirlikləri ilə birgə 2015-ci il sentyabrın 18-20-də Malayziya Mədəniyyət Festivalı təşkil edib. Malayziya və Azərbaycan parlamentlərarası dostluq qrupu yaradılıb və bir sıra səfərlər həyata keçirilib.
Bundan başqa, Kuala-Lumpur Universiteti Bakı Ali Neft Məktəbi ilə əməkdaşlıq və tələbə mübadiləsi üzrə anlaşma memorandumu imzalayıb. Malayziya Şimal Universiteti isə Azərbaycan Dövlət İqtisad Universiteti ilə anlaşma memorandumu imzalayıb. "ADA" Universiteti ilə Malayziyanın Diplomatiya və Xarici İşlər İnstitutu arasında da oxşar sənəd var. Eyni zamanda, iki ölkə arasında ali təhsil sahəsində əməkdaşlığın artırılması gözlənilir.
Hazırda Malayziya və Azərbaycan ikiqat vergitutmanın aradan qaldırılması haqqında anlaşma memorandumu üzərində işləyir. Sənəd imzalanması üçün hazırdır.
- İki ölkə arasında iqtisadi əməkdaşlığın səviyyəsi qaneedicidirmi? Ötən il ticarət dövriyyəsi nə qədər olub?
- Hər iki ölkə birgə iqtisadi əməkdaşlıqda maraqlıdır. Yuxarıda qeyd edilən ikiqat vergitutmanın aradan qaldırılması haqqında anlaşma memorandumunun imzalanmasına hazırlıq buna sübutdur. 2016-cı ilin yanvar-sentyabr ayları ərzində Malayziyadan Azərbaycana ixrac 26,289 milyon ABŞ dolları təşkil edib. Bu, 2015-ci illə müqayisədə 76,85% azdır. Bu, əsasən Azərbaycanın elektronika məhsulları idxalının aşağı düşməsi ilə bağlıdır. Azərbaycandan Malayziyaya ixracın həcmi isə 226 290 dollar təşkil edib və bu, 2015-ci ilin analoji göstəricisindən (573 338 dollar) 60,53% azdır.
Ticarət dövriyyəsinin səviyyəsinin aşağı düşməsi həm Malayziyada, həm də Azərbaycanda iqtisadi fəallığın azalması ilə bağlıdır. Amma ticarət gec-tez, xüsusən də insanlar arasında güclü əlaqələr olduğu zaman inkişaf edəcək. Əlbəttə, Malayziya məhsullarının rəqabətqabiliyyətliliyi qonşu ölkələrlə müqayisədə daha yüksəkdir, lakin onların Malayziyadan Azərbaycana çatdırılması maliyyə vəsaiti tələb edir.
- Malayziya və Azərbaycan neft hasil edən ölkələrdir. Bunu nəzərə alaraq, iki dövlət qiymət artımı və qeyri-neft sektorunun inkişafına nail olmaq üçün ikitərəfli və çoxtərəfli səviyyədə addımlar ata bilərlərmi?
- Malayziya yalnız Azərbaycanda yox, həm də digər ölkələrdə həmişə bu sektora cəlb olunmaq imkanlarını nəzərdən keçirir. Bildiyiniz kimi, 2015-ci ildən neftin qiyməti ciddi şəkildə aşağı düşüb. Bu da neft şirkətlərinə, o cümlədən bizim dövlət neft şirkəti PETRONAS-a ciddi təsir edib. Buna baxmayaraq, PETRONAS SOCAR ilə gələcək əməkdaşlıqda maraqlıdır.
PETRONAS gübrə, reaktiv yanacaq və s. istehsalı kimi neft əsaslı emalsonrası sahə üzrə geniş təcrübəyə malikdir. Gələcəkdə SOCAR ilə bu sahədəki əməkdaşlıq daha da genişləndirilə bilər. PETRONAS digər sahələrdə də SOCAR ilə əməkdaşlığa açıqdır.
- PETRONAS və SOCAR arasında əməkdaşlığın genişləndirilməsi gözlənilirmi?
- PETRONAS Azərbaycanın neft-qaz sektorunda fəal iştirak edir. Hazırda PETRONAS-ın "Şahdəniz" yatağında payı var. PETRONAS həmçinin "Şahdəniz-2" layihəsinin tərkib hissəsi olan Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsində iştirak edir. PETRONAS bu il bu layihələrə təqribən 700 milyon dollar sərmayə qoyub. Qazın ilk partiyası 2018-ci ildə tədarük olunacaq. Ümumilikdə bu günə qədər PETRONAS Azərbaycana 4 milyard dollar məbləğində sərmayə yatırıb.
PETRONAS həmçinin "Şahdəniz-3" layihəsində potensial iştirakını nəzərdən keçirir. Hazırda BP ilə bu yataqda dərinsulu quyu qazıntısı üzrə razılıq əldə olunub. Bu iş şirkətə 500 milyon dollara başa gələcək.
Şirkət eyni zamanda, 2016-cı ildə SOCAR ilə "Qoşadaş" yataqlar blokunda neft hasilatı üçün imkanlar axtarışı, eləcə də SOCAR-ın bütün dünya üzrə (xüsusilə Misir, Hindistan və Maltadakı) elektrik stansiyalarına maye təbii qazın tədarükü üzrə iki anlaşma memorandumu imzalayıb.
- Azərbaycanla Malayziya turizm sahəsində əməkdaşlıq edirmi? Bakı və Kuala-Lumpur arasında aviareyslərin açılması ilə bağlı danışıqlar olubmu?
- Azərbaycandan ötən il 923 turist qəbul etmişik və bu, 2015-ci ilin göstəricisindən (1174 nəfər) azdır. Amma Azərbaycan vətəndaşları üçün Malayziyada 30 gün müddətində qalmaq üçün viza tələb olunmur. Azərbaycan da malayziyalılar üçün viza prosesini sadələşdirib. İndi Malayziya vətəndaşı Azərbaycanın beynəlxalq hava limanına gəldikdən sonra viza əldə edə bilər. Bundan əlavə, Azərbaycan manatının kursu Malayziya ringgitindən güclüdür və bu, Malayziyaya səyahət edən azərbaycanlı turistlər üçün üstünlükdür. Həmçinin, Malayziyada turist xidmətləri Cənub-Şərqi Asiyada ən yaxşılar arasındadır. Odur ki, azərbaycanlı turistləri Malayziyaya səfərə dəvət edirik.
Kuala-Lumpur və Bakı arasında birbaşa aviareyslərdən danışarkən hazırda belə imkanımızın olmadığını qeyd etməliyəm. Amma qəti şəkildə əminəm ki, belə təklif iki ölkənin xeyrinə olacaq. Bizim lou-kost uçuşlar həyata keçirənlər arasında ən tanınmışlardan olan "Air Asia" aviaşirkətimiz var və onlar Tehrandan Kuala-Lumpura uçuşlar təşkil edirlər. Çalışırıq ki, onlar Azərbaycana da uçsun. Məsələn, Tehrandan Bakıya və Bakıdan Tehrana, oradan da Kuala-Lumpura. Qiymətlər rəqabətqabiliyyətlidir, tarixdən və biletin olub-olmamasından asılı olaraq, 300-500 dollar ətrafında dəyişir.
"TourismMalaysia" Malayziyanın təşviqi və avropalıların, o cümlədənazərbaycanlıların Malayziyaya səfərini təmin etmək üçün yerli turizm şirkətləri və Avropa ölkələrindəki aviaşirkətlərlə işləyir.
- Ötən ilin aprel ayında qoşunların təmas xəttində toqquşmalar oldu. Ermənistan atəşkəs rejimini pozmaqda davam edir. İslam Əməkdaşlıq Təşkilatının fəal üzvü kimi, Malayziya Cənubi Qafqazda sülhün bərqərar olması üçün nə təklif edə bilər?
- Malayziya və Azərbaycan qarşılıqlı maraq doğuran bir çox beynəlxalq məsələlər üzrə ümumi mövqeni bölüşür. Malayziya İslam həmrəyliyi prinsiplərinə uyğun olaraq, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı İslam Əməkdaşlıq Təşkilatının (İƏT) qətnaməsini dəstəkləməyə davam edir.
İƏT Xarici İşlər Nazirlərinin 2014-cü il iyunun 19-da keçirilmiş 41-ci sessiyasında Ermənistanın Azərbaycana təcavüzü haqqında bir sıra qətnamələr qəbul edilib və Malayziya da onları dəstəkləyib. Beynəlxalq ictimaiyyəti bu münaqişənin ədalətli həlli üçün iş görməyə çağırırıq. Malayziya həmçinin BMT Baş Assambleyasının 62/243 saylı "Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət" adlı qətnaməsinin qəbul edilməsində də iştirak edib. Bu, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT-nin beşinci, BMT Baş Assambleyasının isə ilk sənədidir. Dağlıq Qarabağ münaqişəsinin ədalətli həll yolu tapılana qədər Azərbaycanı dəstəkləməyə davam edəcəyik.
- Bu il iki ölkə arasında qarşılıqlı səfərlər gözlənilirmi?
- Keçən il Malayziyadan Azərbaycana bir neçə səfər olub. Malayziyanın 5-ci Baş naziri Tun Abdullah Əhməd Bədəvi 2016-cı il martın 6-11-də Azərbaycana səfər edib. Ardından həmin il aprelin 11-14-də Malayziyanın parlamentlərarası dostluq qrupu Azərbaycana rəsmi səfər edib. Bundan sonra Malayziyanın xarici işlər naziri aprelin 27-29-da Azərbaycana işgüzar səfər edib və UNAOC-un 7-ci Qlobal Forumunda iştirak edib.
Bu il yenə səfərlər gözləyirik. Həmçinin, Azərbaycanın Prezidentini Malayziyada gözləyirik. Səfər bu il ola bilər, onun tarixi üzərində işləyirik. Bu ilk və tarixi səfər üçün vaxt olacağına ümidvaram.
- Azərbaycanda 2017-ci il "İslam həmrəyliyi ili" elan edilib. Malayziya bu addımı necə qiymətləndirir və bu sahədə hansısa layihələr gözlənilirmi?
- İslam həmrəyliyi ilini qeyd etmək üçün məmnuniyyətlə İslam Həmrəyliyi Oyunlarında, eləcə də Azərbaycan tərəfindən təşkil edilən digər tədbirlərdə iştirak edəcəyik. İslam Həmrəyliyi Oyunlarında Bakıya Malayzaiyadan 66 atlet və rəsmi nümayəndə gələcək. Azərbaycanın 2015-ci ildə təşkil edilmiş Birinci Avropa Oyunlarında olduğu kimi, İslamiadada da möhtəşəm tədbir təşkil edəcəyinə əminəm.
Şübhəsiz, İslam Həmrəyliyi Oyunları mayın 12-22-də Bakını diqqət mərkəzinə çevirəcək. "İslam həmrəyliyi ili" ilə bağlı universitetlərdə müxtəlif mühazirələrlə çıxış etmişəm. Biz eyni dini və irsi bölüşürük. Bu, heç şübhəsiz, əməkdaşlığımızın səviyyəsini artırmağa yardım göstərir.