Azərbaycanla Malayziya arasında münasibətləri yüksələn xətlə inkişaf edir. 1993-cü il aprelin 5-də iki ölkə arasındakı diplomatik əlaqələrin təməli qoyulub. 1997-ci ildə isə Azərbaycan-Malayziya parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılıb. Bu gün iki ölkə arasında iqtisadiyyat, ticarət, təhsil, enerji, texnologiya sahəsində fəal əməkdaşlıq mövcuddur.
Malayziyanın Azərbaycandakı səfiri Ahmad Kamrizamil Mohd Riza “Report”a müsahibəsində mövcud əməkdaşlıqlar və nəzərdə tutulan birgə layihələrlə bağlı sualları cavablandırıb:
- Cənab səfir, Azərbaycanda fəaliyyətinizə qısa müddət əvvəl başlamısınız. Bölgələrə səfər etmək imkanınız olubmu? Ümumiyyətlə, Azərbaycan haqqında təəssüratlarınızı bilmək istərdik.
- Azərbaycan gözəl və təhlükəsiz ölkədir. Paytaxt Bakı isə öz ikonik binaları və qədim şəhər quruluşu ilə heyranedicidir. Burada mən özümü evimdə kimi hiss edirəm, çünki Azərbaycan da Malayziya kimi müsəlmanların çoxluq təşkil etdiyi bir ölkədir, buradakı mədəniyyət və əhval-ruhiyyə, demək olar ki, bizimki ilə oxşardır. Mən Bakıda ən möhtəşəm qastronomiya təcrübəsini yaşamışam. Azərbaycan mətbəxi təzə tərəvəz və məhsulları, eləcə də ət və quş ətinin əla dadı ilə olduqca gözəldir. Şübhəsiz ki, buradakı quzu əti indiyə qədər daddığım ən yaxşı yeməklərdən biridir. Ümumilikdə isə Azərbaycan özündə müasir və tarixi elementləri birləşdirən unikal ölkədir. Ən əsası şey isə insanlarının mehriban olmasıdır, getdiyiniz hər yerdə insanların sizi gülərüz və yüksək qonaqpərvərliklə qarşıladığını görürsünüz.
Hazırda mən bu gözəl ölkəni kəşf etmək fürsətinə sahibəm. Hələ ki Azərbaycanda Bakıdan başqa Qusar rayonunda olmuşam, oradakı Şahdağ Turizm Mərkəzinin gözəlliyinə heyran qalıb, marşrutlar arasında yerləşən şəhərlərdə dayanmaqdan böyük həzz almışam. Hazırda Gəncə, Şamaxı və Şəki kimi tarixi şəhərləri, gözəl dağların, meşələrin və Quba, Qəbələ, Astara kimi bölgələrin yaşıllığının valehedici mənzərəsini görməyi, eləcə də ölkədəki UNESCO irsi siyahısına daxil olan bütün məkanları ziyarət etməyi planlaşdırıram. Həmçinin işğaldan azad edilmiş rayonlara, xüsusən Şuşaya, Ağdama, Füzuliyə səfər edərək o gözəl diyarları görməyi də səbirsizliklə gözləyirəm.
- İkitərəfli münasibətlərin inkişafı üçün səfirliyin fəaliyyət istiqamətində nə kimi dəyişikliklər planlamısınız? Əməkdaşlıq çərçivəsində hansı sahələr prioritet hesab olunur?
- Prezident İlham Əliyevlə görüşəndə vurğuladım ki, Malayziya ilə Azərbaycan arasında münasibətlər səmimi olsa da, bunlar hər iki ölkə üçün daha da faydalı ola biləcək strateji və hərtərəfli münasibətlər səviyyəsinə yüksəldilməlidir. Mən Malayziya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin və əməkdaşlığın gücləndirilmək üçün ciddi səy göstərirəm. Hazırda azərbaycanlı həmkarlarım, xarici diplomatlar və bütün müvafiq maraqlı tərəflərlə ölkələr arasında dostluq münasibətlərini gücləndirəcək ticarət və iqtisadiyyat, təhsil, mədəniyyət, turizm, gənclər və idman kimi istiqamətlər başda olmaqla qarşılıqlı maraq və fayda kəsb edən sahələr üzrə sıx əməkdaşlıq edirəm. Halal sənaye, İslam bankçılığı və mikromaliyyə, bərpa olunan enerji, İKT platformaları və müdafiə avadanlıqları/təchizatları kimi böyük potensiala malik qeyri-ənənəvi sektorları araşdırıram. Mən həmçinin Azərbaycanda nano və peyvənd texnologiyasını və Malayziyanın bu texniki biliklərinin Azərbaycan bazarına nüfuz etmə imkanlarını araşdırmaq istəyirəm.
Malayziya ilə Azərbaycan insanları arasında əlaqələri və münasibətləri inkişaf etdirmək üçün nazirlər, hökumət rəsmiləri və işgüzar dairələr yüksək səviyyəli səfərlər etməlidirlər. Digər prioritet məsələlərə isə ikitərəfli məsləhətləşmələr olmaqla bir neçə gözlənilən memorandumun yekunlaşdırılması, ali təhsil üzrə anlaşma memorandumunun imzalanması və malayziyalıların Azərbaycana səfəri üçün sərbəst viza razılaşmasının əldə edilməsi daxildir.
- Malayziyanın yüksək texnologiyalar sahəsində dünyadakı liderlik mövqeyini nəzərə alsaq, Azərbaycana töhfə və dəstəyi tam olaraq nədən ibarət ola bilər?
- Malayziya Cənub-Şərqi Asiya regionunda ən sürətlə inkişaf edən ölkələrdən biridir. Ən çox inkişaf edən sahələrdən biri yüksək texnologiyalardır. Malayziyanın Cənub-Şərqi Asiyadakı strateji yerləşməsi (mövqeyi) onu Asiya-Sakit Okean regionunda böyüyən bazarlara çıxış imkanı qazanacaq yüksək texnologiyalar üçün cəlbedici məkana çevirir. Onun Çin, Yaponiya və Cənubi Koreya kimi əsas bazarlara yaxınlığı böyük üstünlükdür. Malayziya logistika və paylamanı asanlaşdırmaq, nəqliyyat xərclərini və çatdırılma vaxtlarını azaltmaq üçün mərkəz ola bilər.
Malayziyada artıq 20 il əvvəldən başlayaraq yüksək və rəqəmsal texnologiyalara böyük maraq göstərilir. İslam maliyyəsi və bankçılığı daxil olmaqla maliyyə xidmətləri sektorunun rəqəmsallaşdırılmasına da böyük investisiyalar qoyulub. Xarici şirkətlə müxtəlif təkliflər, xüsusən də fərdiləşdirilmiş vergi güzəştləri və Malayziya İnvestisiya İnkişafı Təşkilatı (MİDA) kimi agentliklərimizin oynadığı dəstək rolu səbəbindən davamlı olaraq Malayziyaya baxırlar. Onlar bizim Tək Dayanacaq Mərkəzimizdən və MİDA kimi agentliklərlə iş görməyin asanlığından çox razıdırlar. Eyni zamanda, Miqrasiya Departamenti ingilisdilli əhaliyə lazımi dəstəyi göstərir.
Malayziya yarımkeçirici sənayenin ehtiyaclarına uyğunlaşdırılmış ixtisaslı işçi qüvvəsini inkişaf etdirmək üçün təhsil və təlim proqramlarına sərmayə qoyub. Bir çox universitet və texniki institutlar elektronika, mühəndislik və əlaqəli sahələrdə ixtisaslaşdırılmış kurslar təklif edərək yarımkeçirici şirkətləri ixtisaslı kadrlarla təmin edirlər. Azərbaycanlı tələbələr Malayziyada həmin sahələr üzrə ali təhsil almaq üçün bu fürsətdən istifadə etməlidirlər. Bilik mübadiləsi və təcrübə üçün Malayziya Texniki Əməkdaşlıq Proqramı (MTCP) çərçivəsində Azərbaycan daxil olmaqla xarici ölkələr üçün yüksək texnologiyalar, süni intellekt, əşyaların interneti (IoT), dördüncü sənaye inqilabı, rəqəmsal təhlükəsizlik kimi yüksək texnologiyalar üzrə bir çox kurslar mövcuddur. Bu istiqamətlər üzrə Azərbaycandan daha çox iştirakçı görməkdən şad olardıq.
Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi ilə Malayziya resurslarla zəngin olan bu ölkənin dinamik və cəlbedici iqtisadi mənzərəsini araşdırmaqda olduqca maraqlıdır. Malayziyanın Azərbaycanda informasiya texnologiyaları və multimedia daxil olmaqla qeyri-neft sektorlarının əhatə dairəsini və ölçüsünü genişləndirmək üçün böyük potensialı var. Hətta Malayziyanın qabaqcıl ölkələr sırasında olduğu İslam bankçılığı da bu ölkədə böyük potensiala malikdir.
- Cənab səfir, məlumdur ki, Malayziyanın “Petronas” milli neft şirkəti Azərbaycanda “Şahdəniz” yatağının işlənməsində iştirak edib və sonradan layihəni tərk edib. Azərbaycanın COP29-a evsahibliyini və “yaşıl enerji”yə doğru qətiyyətli addımlarını nəzərə alsaq, Malayziya ilə enerji sahəsindəki əməkdaşlığı fərqli məcraya daşımaq da mümkün görünürmü?
- Əvvəla, Azərbaycan hökumətini COP29-a ev sahibliyi etmək üçün seçilməsi münasibətilə təbrik edirəm. Biz iqlim fəaliyyətinə təkan vermək üçün birlikdə işləməyi səbirsizliklə gözləyirik. Qeyd etdiyim kimi, Malayziya-Azərbaycan ikitərəfli münasibətləri bərpa olunan enerji kimi sahələrdə irəliləməlidir. İqtisadi və siyasi əlaqələrimiz möhkəmdir və durmadan inkişaf edir. Ermənistanla 30 illik münaqişə də başa çatıb və mən hazırda daha çox Malayziya müəssisəsini Azərbaycanda dinamik iqtisadi sektora qatılmağa təşviq edirəm. Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi ilə biz Malayziya və Azərbaycan biznes sektorları arasında potensial ticarət və investisiya əməkdaşlığını kəşf edə bilərdik.
“Petronas” məsələsinə gəldikdə isə Aşqabadda “Petronas” şirkətinin baş direktoru ilə Azərbaycandakı fəaliyyəti barəsində danışanda o, Bakıya dönüş yolunu bağlamadıqlarını bildirdi. Onların Azərbaycanın SOCAR, “Azpetrol” şirkətləri ilə çox yaxşı əlaqələri var. Deməli, onların buraya gəlmə ehtimalı hələ də var. Düzü, mənim üçün də maraqlıdır ki, bəlkə, “Petronas” da yaşıl enerjiyə doğru gedir? Ona görə danışanda mən onlara bu istiqamətdə təklif vermişəm ki, əgər Azərbaycana neft və qaz sahəsinə əməkdaşlıq alınmasa, o zaman yaşıl və ya bərpa olunan enerji sahəsində əməkdaşlığa keçsinlər.
Fikrimcə, bu, Azərbaycan üçün də maraqlı olar. Hazırda onlar bu sahəyə baxırlar, inşallah, yaxın gələcəkdə bu barədə müsbət xəbərlər gələr. Amma bilmək lazımdır ki, onlar Azərbaycanı tərk edəndə münasibətləri qorumağı bacarıblar, yaxşı şəkildə ayrılıblar. Ona görə də ümid edirik ki, “Petronas” geri qayıdacaq. Ümumiyyətlə, biz yaşıl enerji sahəsində əməkdaşlığa ciddi maraq göstəririk, Malayziyada bərpaolunan enerji istehsalı 20-25 ildir mövcuddur. COP29 bu işlə məşğul olan şirkətlərin Azərbaycana, Bakıya gəlməsinə rəvac verir. Biz Azərbaycanla birgə müəssisə qurmaqda maraqlı olan şirkətləri axtarırıq.
- Maraqlıdır, Malayziya şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında iştirakı da mümkün görünürmü? Ümumiyyətlə, Malayziya şirkətlərinə bu ərazilərlə bağlı məlumat verilibmi?
- Qarabağ bölgəsi çoxlu xarici investorları cəlb edib. Bu bölgə Malayziya şirkətlərinin investisiya qoyması üçün də cəlbedici ola bilər. Maraqlanan Malayziya şirkətləri xüsusən azad edilmiş Qarabağ bölgəsindəki ağıllı şəhər layihəsi olmaqla yeni bazar imkanlarını kəşf edə bilər. Malayziya azad edilmiş ərazilərdə bərpa layihələri də daxil olmaqla Azərbaycanın bütün sektorlarında potensial iştirak axtarışındadır. Malayziya şirkətləri Qarabağa investisiya qoymaqda maraqlıdır. Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərin inkişaf prosesinə baxışı əlamətdardır, çünki bu ərazilərin futuristik və dayanıqlı regionlara çevrilməsi istiqamətində addımlar atılır və biz bu möhtəşəm layihələrin nəticələrini səbirsizliklə gözləyirik.
Azərbaycan hökuməti xüsusilə müharibə başa çatdıqdan sonra birbaşa xarici sərmayələr axtarışına başladı. Siyasi sabitlik və Prezidentin güclü populyarlığı müharibədən sonrakı yenidənqurma layihələrinə çoxlu xarici investor cəlb etdi. BƏƏ, Almaniya, Səudiyyə Ərəbistanı, Rumıniya və Türkiyə kimi bir çox dost ölkələr bu layihələrə sərmayə qoymağa başladılar. Əvvəl də dediyim kimi, Malayziya şirkətlərinin xüsusən də ağıllı şəhər layihəsində yeni bazar imkanlarını kəşf etməsi, bərpa olunan enerji, günəş enerjisi, elektrik, elektronika və İslam bankçılığı və maliyyəsi, eləcə də İKT rəqəmsal platformaları kimi digər xidmətlərdə öz imkanlarımız və təcrübəmizdən istifadə etməsi üçün ən yaxşı vaxtdır.
Mən Malayziya şirkətlərinin Azərbaycan iqtisadiyyatının dinamikasında iştirakını təşviq etməyə davam edəcəm. Bu mənim əsas performans göstəricim (KPI) olacaq. Bir çox Malayziya şirkətləri Azərbaycanda biznes imkanlarının potensialına nəzər salır. Əgər şərait əlverişlidirsə və mövcud imkanlar varsa, biz hər iki tərəfdən gələcəkdəki mümkün və potensial birgə layihələrini və əməkdaşlığını məmnuluqla qarşılayarıq. Artıq Azərbaycanın Malayziyadakı səfiri Qarabağ regionuna, xüsusilə də bərpa olunan enerji layihələrinə sərmayənin təşviqi məqsədilə seminarlar və forumlar vasitəsilə Malayziya-Azərbaycan iqtisadi tərəfdaşlığının potensialını göstərmək üçün agentliklər və biznes qurumları kimi Malayziyanın müvafiq maraqlı tərəfləri ilə əməkdaşlıq içərisindədir.
Malayziya da regionda sülhün qorunmasında və bərqərar olmasında maraqlıdır. Biz azad edilmiş ərazilərdə ehtiyac duyulan hissələrdə Malayziya Texniki Əməkdaşlıq Proqramı (MTCP) platforması çərçivəsində müvafiq təlim kursları təklif edə bilərik. Bu səbəbdən MTCP çərçivəsində bölgədə potensialın gücləndirilməsi, sülhün qorunması, bərpa, sabitliyə yönələn kursları təşkil edilə bilər.
- Bildiyim qədərilə Azərbaycan və Malayziya arasında mövcud əməkdaşlıq sahələrindən biri də təhsildir. Ötən ilin dekabr ayında Bakıda ikinci Malayziya təhsil sərgisi baş tutdu. Maraqlıdır, Azərbaycanla Malayziya arasında təhsil sahəsində əməkdaşlıq hansı səviyyədədir, iki ölkə arasında hansı təhsil proqramları mövcuddur?
- Təhsil Malayziya və Azərbaycan arasında əməkdaşlıq üçün geniş imkanlar təklif edən əsas prioritet sahələrdən biridir. Malayziya təhsilin bütün sahələrində əməkdaşlığa hazırdır. Son illərdə Malayziya sürətlə beynəlxalq təhsil mərkəzinə çevrilib. Bu günə qədər 179 ölkədən 100 381 xarici tələbə Malayziyada təhsilini davam etdirir. Hökumət 2025-ci ilə qədər xarici tələbələrin sayını 250 minə çatdırmağı hədəfləyir. Bütün bunlar Malayziyanın təhsil sahəsində uğurlarından xəbər verir.
Keçən il ikinci dəfə keçirilən Malayziya təhsil sərgisi bu istiqamətdə əməkdaşlığa hazır potensial ölkə kimi Azərbaycanın böyük əhəmiyyətini əks etdirir. 2022-ci illə müqayisədə ötən ilin dekabrında keçirilən təhsil sərgisi ziyarətçilərin marağına və çoxsaylı suallara səbəb oldu. Sərgi Malayziyada təhsil almaq istiqamətində ciddi maraq doğurdu. Bu, müsbət inkişafdır. Məqsədimiz Malayziya universitetlərini tanıtmaq, eyni zamanda azərbaycanlı tələbələri Malayziyada ali təhsil almağa cəlb etməkdir. Biz buna nail olduğumuza inanırıq və bu ilin noyabr ayında bu təhsil sərgisinin üçüncü dəfə daha geniş miqyasda keçirilməsini planlaşdırırıq.
Azərbaycanda Malayziyanın ali təhsilini təşviq etmək üçün il ərzində bir sıra proqramlar nəzərdə tutulub. Universitetlər öz proqramlarını təbliğ etmək üçün Bakıda yerləşən bir neçə məktəbə də baş çəkiblər. Lisey şagirdlərini Malayziya təhsil imkanları ilə mümkün qədər tez tanış etmək onlara ali təhsillərini davam etdirmək fürsətlərini erkən əldə etmək imkanı verər. Malayziya potensial olaraq Azərbaycan tələbələri arasında ali təhsil üçün üstünlük verilən ölkələrdən biri ola bilər. Əlverişli təhsil haqları və kifayət qədər aşağı yaşayış qiymətləri ilə yanaşı, Malayziya Azərbaycanla mədəni və dini oxşarlıqları bölüşür.
Biz Azərbaycan tərəfi ilə artıq ali təhsil sahəsində əməkdaşlığa dair memorandumu yekunlaşdırırıq. Başa çatdıqdan sonra o, nazirliklər, akademik qurumlar və ekspertlər arasında mübadilə, mobillik və əlaqəni asanlaşdıracaq və Malayziyanın dünyanın təhsil mərkəzinə çevrilməsi üçün bir vasitə rolunu oynayacaq. Malayziya və Azərbaycan qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi üzərində işləyirlər. Təhsil sahəsində bir neçə Azərbaycan və Malayziya universiteti arasında memorandum imzalanıb, hazırda tələbə, akademik və ekspertlərin mübadiləsini səbirsizliklə gözləyirlər. Artıq uzun illərdir ki, azərbaycanlılar Malayziyada keyfiyyətli təhsil alırlar. Azərbaycan 4000-dən çox tələbəsinə xaricdə təqaüd imkanı təklif edir. Malayziya həmin tələbələri ölkəmizdə təhsil almağa dəvət etməkdən məmnun olar. Malayziyadan olan tələbələrin də Azərbaycanda təhsil alması bizi sevindirir. Hazırda iki malayziyalı tələbə Azərbaycan Hökumətinin İslam Əməkdaşlıq Təşkilatı/Qoşulmama Hərəkatı (OIC/NAM) təqaüdünü alır, onların hər ikisi psixologiya ixtisası üzrə təhsil alırlar. Bir tələbə isə ADA-nın təqaüdü ilə Diplomatiya və Beynəlxalq Münasibətlər sahəsində magistr dərəcəsi üzrə təhsilini davam etdirir.
- Bu gün turizm də tərəflərin fayda götürə biləcəyi əməkdaşlıq sahələrindən biridir. Məsafənin uzaqlığını nəzərə alaraq bilmək istərdik ki, Malayziya ilə kombo turların yaradılması, eləcə də komplektləşdirilmiş turpaketlərin hazırlanması istiqamətində danışıqlar nə yerdədir? Azərbaycan Malayziyanın turizm təcrübələrindən necə bəhrələnə bilər?
- İnsanlarımızın bir-birinin mədəniyyətini daha çox öyrənməsinə kömək etmək üçün onlar arasında əlaqə çox vacibdir. Tur şirkətlərinin yenilənməsi üçün qarşılıqlı mübadilə proqramları və tanıtım tədbirləri ilə yanaşı müxtəlif seminarlar və turizm sessiyaları həyata keçirilə bilər. Biz sənayenin əsas oyunçularından biri olan “Air Arabia” ilə əməkdaşlıq edirik. Ötən ilin mart ayından etibarən aviaşirkət Şarjadan Kuala-Lumpura birbaşa uçuşunu bərpa edib. Səfirlik, Malayziya Turizm Ofisi və “Air Arabia” arasında birgə əməkdaşlıq nəticəsində 2023-cü ilin iyul ayında bir qrup məşhur azərbaycanlı bloger, influenser və səyahət agentləri üçün Malayziyaya səfər təşkil edildi.
Malayziya dünyanın ən turistik ölkələrindən biridir. Hər il ölkəyə ən azı 25 milyon turist gəlir. “Həqiqi Asiya” şüarı ilə Malayziya uzun müddətdir ki, dünyanın ən yaxşı turizm məkanlarından biri kimi nüfuz qazanıb. Azərbaycan Malayziyanın turizm təcrübəsindən yararlana və ondan müsbət istiqamətdə təsirlənə bilər. COVID-19 böhranından əvvəl turizm sektoru 2019-cu ildə ölkənin ÜDM-sinin 15,9%-ni və ümumi məşğulluğun təxminən 24%-ni təşkil etməklə Malayziya iqtisadiyyatına əsas töhfə verən sahələrdən biri olub. Həmin il Malayziya 26,1 milyon turist qəbul edib, 21 milyard dollar turizm gəliri əldə edilib və 3,6 milyon iş yeri təmin edilib.
Malayziya çoxlu gözəl və maraqlı yerlər təklif etdiyi üçün Azərbaycandan daha çox turisti Malayziyanı ziyarət etməsini məmnunluqla qarşılayır. Bizdə çoxlu yüksək keyfiyyətli və münasib qiymətə qonaqlama yerləri var. Malayziyaya səfər edən Azərbaycan vətəndaşları üçün 30 günlük vizasız rejim mövcuddur. Üstəlik, Azərbaycan manatı Malayziya ringgitindən güclüdür ki, bu da Malayziyaya səfər edən azərbaycanlı turistlər üçün üstünlükdür. Turist səfərləri ilə bağlı statistic məlumatlara gəldikdə, 2021-ci ildə (yanvar-dekabr) Malayziyadan Azərbaycana gələn turistlərin sayı 522 nəfər təşkil etdiyi halda, 2022-ci ilin eyni dövründə bu göstərici 1060-a qədər yüksəlib və bu, 50 faizlik artım deməkdir. 2023-cü ilin yanvar-iyul aylarında isə Azərbaycana 1054 nəfər malayziyalı turist gəlib. Biz Azərbaycana daxil olan malayziyalılar üçün vizasız rejimin tənzimlənməsinə yönələn ikitərəfli sazişi yekunlaşdırmağa çalışırıq. Anlaşma Memorandumu imzalandıqdan sonra bu, iki ölkə arasında birbaşa uçuşların yolunu açacaq və turistlərin gəlişini artıracaq.
- Prezident İlham Əliyevə etimadnamənizi təqdim edərkən görüş çərçivəsində də birbaşa aviareyslərin həyata keçirilməsi məsələsinə toxunulmuşdu. Prosesin tam icrası nə vaxta mümkün ola bilər?
- Hazırda Kuala Lumpur və Bakı arasında birbaşa uçuşlar mövcud deyil. Bununla belə, mən çox inanıram ki, bu təklif hər iki ölkə üçün faydalı olacaq. Gücləndirilmiş əlaqə iqtisadi inkişafın ən mühüm aspektidir. Bu, ölkələrimiz arasında insanların və məhsulların daha yaxşı və səmərəli hərəkətini yaxşılaşdıra bilər. Fiziki, institusional və insanlar arasında əlaqələr vasitəsilə ticarət və iqtisadi əməkdaşlıq möhkəmləndirilə bilər. Cənub-Şərqi Asiya regionuna birbaşa marşrut haqqında danışıqlar aparılıb. Bakı-Kuala Lumpur-Bakı sektorları həm Malayziya, həm də Azərbaycana fayda verə bilər. Bu, insanlar arasında əlaqəni asanlaşdıracaq və Malayziya ilə Azərbaycanı ən yaxşı turizm istiqamətləri kimi tanıdacaq.
Azərbaycan bir çox sənaye sahələri üçün mərkəz olmaq potensialına malikdir. Ölkə Asiya ilə Avropanın kəsişməsində, çox strateji bir məkanda yerləşir. Beləliklə, birbaşa uçuş təşəbbüsü reallaşarsa, Bakı müqəddəs torpağa-Ümrə və ya Həcc ziyarətin gedən malayziyalılar üçün dayanacaq nöqtəsi ola bilər. Biz planlaşdırılan birbaşa uçuşlarla bağlı danışıqların bərpası üçün “Azərbaycan Hava Yolları”, “AirAsia” və ya maraqlı olan aviaşirkətlərlə yanaşı, müvafiq nazirlik (Nəqliyyat Nazirliyi) də daxil olmaqla aidiyyəti qurumlarla əlaqə qurmağa davam edəcəyik.
“Turizm Malayziya” ölkənin “Visit Malaysia Year 2026” çərçivəsində gələn turistləri 35,6 milyona çatdırmaq hədəfinə uyğun olaraq Mərkəzi Asiyadan artan səyahət tələbini stimullaşdırmaq məqsədi ilə beynəlxalq hava yolları ilə strateji əməkdaşlıq edir. 2023-cü ilin yanvar-noyabr aylarında Malayziya Mərkəzi Asiyadan 21 910 turisti qəbul edib ki, bu da 2022-ci illə müqayisədə 196,7% artım deməkdir. Eyni zamanda, Rusiyadan gələnlərin sayı da artıb, eyni dövrdə Malayziya 100 645 rusiyalı turistə ev sahibliyi edib. Bu, 2022-ci illə müqayisədə 360 faizlik bir artımdır, 2019-cu ildəki pandemiyadan əvvəlki vəziyyətlə müqayisədə isə 39,5% artım deməkdir.
- Görüş çərçivəsində həm də Azərbaycan-Malayziya iqtisadi əlaqələrinin genişləndirilməsi üçün hökumətlərarası komissiyanın yaradılması məsələlərinə diqqət çəkilib. Bu komissiyanın yaradılması üçün hansı işlər görülüb?
- Biz hazırkı ikitərəfli iqtisadi əməkdaşlığın təkmilləşdirilməsi üçün Birgə Hökumətlərarası İqtisadi Komissiyanın yaradılması təklifini məmnunluqla qarşılayır və səbirsizliklə gözləyirik. Bunun izi ilə mən Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədovla görüşmüşəm və hələ ki biznes şurası formatında Birgə Hökumətlərarası Komissiyanın daha kiçik formasının yaradılmasını təklif etmişəm. Bu şuranın yaradılması Hökumətlərarası Birgə Komissiyanın yaradılması yolunda ilk addım olar. Elnur Məmmədov bu təkliflə bağlı nikbinliyini fadə etdi. Bu Biznes Şurası çərçivəsində milli palatalar, ticarətlə bağlı qurumlar və özəl sektorlar hər iki ölkənin iqtisadi maraqlarını təşviq etmək üçün birlikdə çalışacaqlar. Biz icra mexanizmini müzakirə etmək üçün azərbaycanlı həmkarlarımız və Malayziyanın müvafiq qurumları, o cümlədən milli ticarət palatamız ilə sıx əməkdaşlıq edirik. Reallaşdıqdan sonra biz ikitərəfli iqtisadi imkanları nəzərdən keçirib müzakirə etmək, kənd təsərrüfatı və qida sənayesi, rabitə, yaşıl enerji və informasiya texnologiyaları kimi müxtəlif sahələrdə əlaqələri genişləndirmək üçün işçi qrupunun yaradılmasını nəzərdə tuturuq.
- Son olaraq bilmək istərdik ki, yaxın vaxtlarda iki ölkə rəsmilərinin qarşılıqlı səfərləri gözlənilirmi?
- Prezidentlə görüş zamanı insanlarımız arasında əlaqələri artırmaq üçün nazirlər, hökumət rəsmiləri, işgüzar dairələr arasında daha yüksək səviyyəli səfərlərə ehtiyac olduğunu da vurğuladıq. Ona görə də rəsmilərin səfərləri də daxil olmaqla, daimi təmasların və səfər mübadiləsinin olması zəruridir. Xarici işlər naziri Ceyhun Bayramovun bu il Malayziyaya səfərinin mümkünlüyü ilə bağlı hər iki tərəflə fəal şəkildə təmasdayıq. Bu, keçən ilin iyulunda Qoşulmama Hərəkatının Nazirlər Toplantısında iştirak edən keçmiş xarici işlər nazirimizin Bakıya səfərinə cavabdır. Bu, bəzi gözlənilən anlaşma memorandumlarını, xüsusən də ikitərəfli məsləhətləşmələr, ali təhsillə bağlı Anlaşma Memorandumu və Ceyhun Bayramovun səfəri zamanı imzalana biləcək sərbəst giriş vizası üçün platforma rolunu oynayar. Birgə ikitərəfli məsləhətləşmələrə gəlincə, sonuncu görüş 2022-ci ilin iyulunda Elnur Məmmədovun Malayziyaya səfəri zamanı keçirilib. Növbə bizimdir və biz görüşün bu il keçirilməsini planlaşdırırıq.
Münasibətlərimizdə Parlament diplomatiyası da vacibdir. Malayziya və Azərbaycan parlamentləri fəaldır, hər iki ölkənin parlamentariləri və spikerləri 2012-ci ildən qarşılıqlı səfərlər edir. Bu fəal və sıx münasibətlər gələcəkdə də iki ölkənin qarşılıqlı mənafeyi naminə əlaqələri dərinləşdirmək üçün davam etdirilməlidir. Azərbaycan xalqını daha çox iştirakını təmin etmək üçün insanlar arasında əlaqəni artırmalıyıq.
FOTO: Vüqar Xanlarov