“Macarıstan Azərbaycanla strateji tərəfdaşlıq elan edən ölkələrdən biridir”.
“Report” xəbər verir ki, bunu Macarıstanın Azərbaycandakı səfiri Viktor Şederkenyi ADA Universitetinin təşkil etdiyi onlayn mühazirə zamanı deyib.
O qeyd edib ki, bu münasibətlər iki dövlətin liderləri səviyyəsində də möhkəmlənib: “Əlbəttə, siyasi əməkdaşlıq münasibətlərimizin vacib hissəsini təşkil edir. Biz tərəfdən Xarici İşlər və Ticarət nazirinin rəhbərlik etdiyi Hökumətlərarası Komissiyamız var. Siyasi əlaqələrimizi təkcə ikitərəfli deyil, müxtəlif təşkilatlar, ilk növbədə, Avropa İttifaqı çərçivəsində də inkişaf etdiririk. Bundan əlavə, Macarıstan Türkdilli Dövlətlər Şurasında müşahidəçidir və bu çərçivədə də münasibətlərimizi müxtəlif sahələrdə fəal inkişaf etdiririk. Məsələn, Budapeştdə təşkilatın ofisini açmışıq”.
Diplomat həmçinin Azərbaycan-Macarıstan münasibətlərində iqtisadi əməkdaşlığın xüsusi əhəmiyyətini qeyd edib: “Bu baxımdan Macarıstanın “MOL Group” şirkətinin “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku və Azərbaycan neftinin əsas ixrac kəməri - Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərində ABŞ-ın “Chevron” şirkətinin payını əldə etməsini xatırlaya bilərik. Bu, Macarıstanın Azərbaycanın neft-qaz sektorunda maraqlı olduğunu göstərir. Burada söhbət yalnız ticarətdən yox, həm də qarşılıqlı layihələrdən, o cümlədən kənd təsərrüfatı sahəsindəki layihələrdən gedir”.
V.Şedederkenyi eyni zamanda humanitar sahədə əməkdaşlığın vacibliyini qeyd edib.
O bildirib ki, Macarıstan hökuməti hər il Azərbaycan tələbələri üçün 200 təqaüd ayırır.