“Praqada keçirilən görüşdə Azərbaycan və Ermənistan liderləri arasında əldə olunmuş razılaşmalar mühüm əhəmiyyət kəsb edir.
"Report" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
“Biz hələ də tərəflərə kömək etməyə hazırıq, fundamental məsələlərlə bağlı qərar qəbul etmək vacibdir. Praqada dövlət başçıları arasında əldə olunmuş razılaşmalar mühüm əhəmiyyət kəsb edir. Onlar bütün problemləri BMT Nizamnaməsini və Alma-Ata Bəyannaməsini rəhbər tutaraq həll etmək niyyətində olduqlarını qeyd ediblər”, - Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri bildirib.
XİN başçısı jurnalistlərə rəsmi Moskvanın Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması layihəsi barədə də danışıb: "Moskva layihəsi çoxdan, bu ilin əvvəlində hazırlanıb və Rusiyanın ümumi baza tapmağa kömək etmək istəyinin göstəricisi kimi tərəflərə təhvil verilib. Layihə hər iki dövlət tərəfindən müsbət qarşılanıb. İndiyədək Azərbaycan tərəfindən beş prinsip təklif olunub, sonra Paşinyanın bu prinsiplərə reaksiyası gəldi”.
S.Lavrov onu da əlavə edib ki, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Vaşinqton görüşü zamanı Azərbaycan tərəfi mümkün sənədin növbəti variantını təqdim edib, ABŞ paytaxtından qayıtdıqdan sonra isə Ermənistan nümayəndələri əks təkliflərini təqdim ediblər.