Küveyt Azərbaycan vətəndaşlarına elektron vizalar verə bilər

Xarici siyasət
  • 03 aprel, 2018
  • 08:22
Küveyt Azərbaycan vətəndaşlarına elektron vizalar verə bilər

Bakı. 3 aprel. REPORT.AZ/ Azərbaycanın Küveytdəki səfiri Elxan Qəhrəman Küveytin baş nazirinin birinci müavini, müdafiə naziri Şeyx Naser Sabah Əl-Əhməd Əl-Sabah ilə görüşüb.

Səfirlikdən "Report"a verilən məlumata görə, E.Qəhrəman Azərbaycan rəhbərliyinin Küveytlə hərtərəfli əməkdaşlığın inkişaf etdirilməsinə böyük əhəmiyyət verdiyini qeyd edərək ölkələrimiz arasında tarixi, dini və mədəni bağlılığın əlaqələrimizin daha da inkişafı üçün münbit şərait yaratdığını bildirib.

O, Azərbaycanın İslam və ərəb dövlətləri, o cümlədən Küveytlə münasibətlərinə toxunaraq iki ölkə arasında iqtisadi-ticarət, müdafiə, investisiya qoyuluşu, mədəniyyət və turizm və bir sıra digər sahələrdə ikitərəfli əlaqələrin inkişaf etdirilməsinin vacib olduğunu bildirib. Səfir əlaqələrin inkişafı istiqamətində gələcək illər ərzində daha intensiv şəkildə fəaliyyətin aparılmasının zəruri olduğunu vurğulayaraq əməkdaşlıq əlaqələrinin bütün sahələrdə genişlənəcəyi və inkişaf edəcəyinə, ticarət dövriyyəsi və səfər mübadilələrinin artacağına ümidvar olduğunu diqqətə çatdırıb.

İki ölkə arasında birbaşa aviareyslərin həyata keçirilməsinə başlandıqdan sonra Küveytdən Azərbaycana 17 min turistin səfər etdiyi, birbaşa aviareyslərin həftədə 6 dəfə həyata keçirildiyi, 2016-cı il tarixindən etibarən Küveyt vətəndaşlarına Azərbaycanın bütün beynəlxalq statuslu hava limanlarında sadələşdirilmiş viza rəsmiləşdirilməsinin tətbiqinə başlanıldığı, həmçinin Küveyt vətəndaşlarının elektron “ASAN Viza” sistemi vasitəsilə qısa bir müddətdə viza almaq imkanında olduqları barədə məlumat verib. Eyni zamanda Azərbaycan vətəndaşlarına da elektron vizaların verilməsi imkanlarına baxılmasını xahiş edərək məsələnin müsbət həllinin ikitərəfli münasibətlərin inkişaf tempinə töhfə olacağı barədə fikrini ifadə edib.

Görüş zamanı İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və digər beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimizin qarşılıqlı faydalı əməkdaşlığından söhbət açan səfir ölkəmizin taleyüklü problemi olan Dağlıq Qarabağ münaqişəsilə əlaqədar Küveytin Azərbaycana göstərdiyi siyasi dəstəyə görə ölkə rəhbərliyinə və xalqına minnətdarlığını bildirib. 

Öz növbəsində, Şeyx Naser Sabah Əl-Əhməd Əl-Sabah Küveyt rəhbərliyi və xalqının Azərbaycanla münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini vurğulayaraq Prezident İlham Əliyevin və Küveyt əmiri Şeyx Sabah Əl-Əhmədin qarşılıqlı səmimi münasibətlərinin iki dost ölkə arasında əlaqələrin inkişafında mühüm rolunu qeyd edib. Azərbaycana, ölkə rəhbərliyinə və xalqımıza bəslədiyi səmimi ehtiram hisslərini ifadə edib. Azərbaycanla əlaqələrin bundan sonra da inkişafına yardım etməyə hazır olduğunu deyib.

Azərbaycan rəhbərliyinin Küveyt vətəndaşları üçün sadələşdirilmiş viza rəsmiləşdirilməsi qərarını yüksək qiymətləndirildiyini bildirərək bu addımın, həmçinin iki ölkə arasında birbaşa hava xəttinin açılmasının mövcud əlaqələrin inkişaf tempinə, o cümlədən siyasi, iqtisadi, ticarət, ictimai, humanitar və digər mühüm sahələrin möhkəmlənməsinə müsbət təsir göstərdiyini vurğulayıb. Təhlükəsizlik, mental uyğunluq, qədim tarix, gözəl təbiət, zəngin mədəniyyət və ləziz mətbəx baxımından küveytlilər üçün olduqca cazibədar olan Azərbaycana səfər edənlərin sayında artımın olmasını sevindirici bir hal kimi qeyd edib. Azərbaycan vətəndaşlarına da elektron vizaların verilməsi fikrini müsbət dəyərləndirib və məsələyə baxılması məqsədilə müvafiq göstəriş verəcəyini bildirib.

Son xəbərlər

Bütün Xəbər Lenti