Avropa Komissiyasının Qonşuluq və Genişləndirmə Danışıqları üzrə baş direktoru Qert Yan Kupman (Gert Jan Koopman) "Report"a müsahibəsində Azərbaycan Ermənistan arasında normallaşma prosesindən, işğaldan sonra mina təmizləmə işlərindən, Avropa İttifaqının bu məsələdə Azərbaycana yardımından danışıb:
- Cənab Kupman, bu gün Azərbaycan ciddi mina problemi ilə üz-üzədir. Bundan sonra işğaldan azad edilən əraziləri tam şəkildə minalardan təmizləmək üçün hələ bir neçə il lazımdır. Avropa Komissiyasının ərazilərini minalardan təmizləmə istiqamətində Azərbaycana dəstəyi nədən ibarətdir?
- Üçölçülü mina probleminin həllinə kömək etmək üçün Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) ilə işləyən dəstək proqramı mövcuddur. Bunun bir hissəsini təlim, bir hissəsini avadanlıq təminatı, digər hissəsini isə sadəcə olaraq minatəmizləmə əməliyyatlarının aparılmasının xərcləri təşkil edir. Biz bu prosesə maddi töhfə veririk, ümumilikdə 12 milyon avro səfərbər etmişik. Həmçinin texniki dəstək və yardım da təklif etmişik və deməliyəm ki, bu, yalnız başlanğıcdır. Biz bunu son dərəcə vacib hesab edirik, ona görə də əməkdaşlığımızda bunun əsas prioritet kimi irəli sürülməsini istəyirik.
- Azərbaycan və Ermənistan artıq sərhədlərin müəyyənləşdirilməsi istiqamətində ilkin razılıq əldə ediblər. Həmçinin, Ermənistan Qazax rayonunun işğal altında olan dörd kəndini də qaytarmağa razılıq verib. Bu razılığı necə qiymətləndirirsiniz?
- Hazırkı proses bizi çox ruhlandırır. Artıq dörd kəndin Azərbaycana qaytarılması üzrə razılaşma var. Mən onu da başa düşürəm ki, minalardan təmizləmə qrupları, əslində, birlikdə işləyirlər. Dünən mənə dedilər ki, Azərbaycan Ermənistana bir neçə minatəmizləmə texnikası təklif edib, bunu eşitmək, həqiqətən də, xoşdur. İki komandanın çiyin-çiyinə və ya sözün əsl mənasında baş-başa işlədiyini eşitmək çox xoşdur. Bunu son dərəcə müsbət hadisə hesab edirik. Aydındır ki, bizim strateji məqsədimiz regionda sülhün bərpa olunmasını təmin etməkdir. Hər iki ölkə ilə ikitərəfli, həm də regional müstəvidə çox sıx işləmək istəyirik.
- Mövcud müsbət hadisələr fonunda yaxın gələcəkdə sülh müqaviləsinin imzalanacağını güman edirsinizmi?
- Bu, açıq şəkildə iki ölkə arasında gedən prosesdir. Çox şadam ki, iki ölkə bu prosesi birlikdə irəliyə doğru aparır. Başa düşürəm ki, bundan sonra bir sıra görüşlər olacaq və çox ümid edirəm ki, siz bu sülh sazişinə nail olacaqsınız, biz isə öz növbəmizdə bu prosesi tam dəstəkləyəcəyik. Danışıqların çox yaxşı getdiyini düşünürəm. Düzünü desəm, heç kim prosesin bu qədər yaxşı keçəcəyini gözləmirdi. Ona görə də hər iki ölkəni təbrik edirəm. Əvvəllər dediyim kimi, biz bunu son dərəcə müsbət bir inkişaf kimi görürük. Düşünürəm ki, regionda sülh hər şeyi dəyişəcək. Regionun çox böyük potensialı var. Biz avropalılar bu regionla işləməyi çox istərdik. Fikrimcə, uzun müddətdir davam edən regional münaqişə sülhlə sonlansa, Aİ ilə region arasında böyümə, inkişaf və iqtisadi əlaqə şansları daha da güclənəcək.
- Avropa İttifaqının sülhə töhfəsi nədən ibarət ola bilər?
- Biz bu istiqamətdə müxtəlif yollarla dəstək göstərə bilərik. Lakin dəstək ölkələrin istəklərindən asılı olan bir şeydir. Hər iki ölkə suverendir. Özləri danışıqlar aparırlar. Onların köməyimizə ehtiyacı varsa, biz hazırıq, qapımız açıqdır. Ancaq düşünürəm ki, hazırda, mənim də gördüyüm kimi, iki ölkə özləri mükəmməl şəkildə əlaqə qururlar və bunu görmək həqiqətən də fantastikdir.
- Rusiya sülhməramlılarının işğaldan azad olunmuş əraziləri tərk etməsinə də münasibətinizi öyrənmək istərdik.
- Rusiya sülhməramlıları haqqında fikir bildirmək istəmirəm. Azərbaycanın indi ərazi bütövlüyünü bərpa etməsi çox yaxşı haldır. Hesab edirəm ki, bunun bir hissəsi kimi ölkənin ərazisi üzrə öz polis işçilərini və ordusunu səfərbər etməsi, məsuliyyəti öz üzərinə götürməsi normaldır. Ona görə də düşünürək ki, xarici hərbçilərin ölkəni tərk etməsi yaxşı haldır.
- Son olaraq bilmək istərdim ki, Avropa Komissiyası COP29 çərçivəsində Azərbaycana nə kimi dəstək göstərəcək? Bu istiqamətdə əməkdaşlıq nəzərdə tutulurmu?
- Biz elə bu gün COP29-u da müzakirə edəcəyik, günortadan sonra COP sədri olan nazirinizlə görüşəcəyik. Hazırda təfərrüatları açıqlaya bilmərəm, lakin mütləq COP29 çərçivəsində Azərbaycana kömək təklif edəcəyik. Hesab edirik ki, COP Azərbaycan üçün böyük nailiyyətdir, bu, bərpa olunan enerji, enerji səmərəliliyi, iqlim dəyişikliyi ilə mübarizə sahəsində gördüyünüz işlərin etirafıdır. Biz bunu çox güclü şəkildə dəstəkləmək istəyirik.