Bu gün Ermənistan Rusiya ilə münasibətlərinin tarixi cəhətdən ən çətin mərhələsini yaşayır. Paşinyan hökuməti hakimiyyətinin ilk günlərindən Qərbə doğru kurs götürsə də, hələ də Şimala alternativ tapa bilməyib. Rəsmi Moskva isə Ermənistanda öz təsirini saxlamaqda, bu məsələdə Qərblə üz-üzə gəlməkdə belə qərarlıdır.
Son illərdə Kremllə İrəvan arasındakı münasibətlər Cənubi Qafqaz regionunda və ondan kənarda gedən geosiyasi oyunların əsas mövzularından birinə çevrilib. Erməni dövlətinin Rusiyanın təsir dairəsindən tədricən çıxması prosesi artıq uzun müddətdir davam edir.
Bu yaxınlarda isə İrəvanda Rusiya və Ermənistan münasibətlərinə həsr edilmiş konfransın keçirilməsi də iki ölkə arasında böhranın nə qədər dərin olduğunu göstərdi. “Ermənistan və Rusiya qlobal və regional yenidənqurma kontekstində: dərslər və strateji seçimlər” adı altında keçirilən bu konfransda hər iki tərəfdən ekspertlər belə qənaətə gəliblər ki, Rusiya ilə Ermənistan arasında münasibətlər özünün ən çətin tarixi mərhələsindədir.
Rus ekspertlər məsələdə erməni hökumətini günahlandırsalar da, Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan bildirib ki, regiondan tədricən uzaqlaşan elə Rusiyadır. Erməni rəsmi, eyni zamanda, İrəvanın Qərbin göstərişləri ilə hərəkət etməsi ilə bağlı fikri də absurd və mənasız adlandırıb.
Kreml, rus diplomatları və bu ölkənin siyasi elitası bəyan edir ki, Rusiyanın Cənubi Qafqazı tərk etmək niyyəti yoxdur. Hətta bir çox rusiyalı siyasətçilər daha da irəli gedərək Qərbin Ermənistandan geosiyasi maraqlarını təmin etmək üçün məqsədli şəkildə istifadə etdiyini bildirirlər.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov açıq şəkildə vurğuladı ki, Avropa İttifaqı və ABŞ Rusiyanı əsas regionlardan, o cümlədən Cənubi Qafqazdan qovmağa çalışır: “Avropa İttifaqı bizi istənilən mümkün və istənilən yolla ölkədən çıxarmaq niyyətindədir. Biz tarixən buradayıq və heç bir halda bu ərazini tərk etməyəcəyik”. Oxşar bəyanatları Kremlin mətbuat katibi Peskov və elə prezident Putin də səsləndirib.
Bu hadisələr və bəyanatlar göstərir ki, Rusiya ilə Qərb arasında Cənubi Qafqaz uğrunda geosiyasi rəqabət getdikcə artır və bu rəqabətin mərkəzində Ermənistan dayanır. Moskvanın Qafqazda gələcək mövcudluğuna əmin olmasına baxmayaraq, Ermənistan siyasəti getdikcə daha çox Qərblə inteqrasiyaya yönəlib.
İrəvan Avropa İttifaqı, NATO və digər Qərb strukturları ilə fəal əməkdaşlıq edir və öz hərəkətlərini “Rusiyanın mövqelərini zəiflətməklə” əsaslandırır; Ancaq bu yanaşma bir çox risklər daşıyır.
Rusiyalı ekspertlər Ermənistanın hazırkı siyasətini Ukrayna ssenarisi ilə müqayisə edirlər. Moskva xəbərdarlıq edir ki, Ermənistan qərbyönlü siyasətini davam etdirsə, ciddi geosiyasi dəyişikliklərlə üzləşəcək. Bəzi rus elitaları Ermənistan hakimiyyətinin hərəkətlərini “bu ölkə üçün fəlakətli” hesab edirlər.
Uzun illər Rusiyanın Cənubi Qafqazda əsas müttəfiqi kimi Ermənistan “strateji baza” və Avrasiya layihələrində mühüm həlqə hesab olunurdu. Bu ölkə Moskva üçün iqtisadi və hərbi cəhətdən mühüm dayaq bazası idi; Amma İrəvanın Qərbə doğru getməsi Rusiyanın bölgədəki təsirini azaltmaqla yanaşı, regionda geosiyasi tarazlığı pozaraq qeyri-sabitliyə də səbəb ola bilər.
Moskvanın regionda ənənəvi mövqelərini zəiflədən əsas amillərdən biri Ermənistanın hazırkı hakimiyyətinin Kremlin maraqlarını nəzərə almaq istəyinin azalmasıdır.
Ermənistanın baş naziri Nikol Paşinyan və hökuməti Qərblə hərbi-siyasi əlaqələrin gücləndirilməsinə üstünlük verir və Rusiya ilə ənənəvi sıx münasibətləri tədricən marginallaşdırır. Bu siyasətin nəticəsidir ki, İrəvan Rusiya ilə birgə layihələrdə passiv iştirak edir və Qərb strukturları ilə daha sıx əməkdaşlıq edir.
ABŞ, Fransa və Avropa İttifaqının artan dəstəyi ilə Ermənistan Qərblə əlaqələrini fəal şəkildə genişləndirir. NATO ilə birgə təlim və İrəvanda Aİ-nin nümayəndəliyinin açılması bariz nümunələrdəndir. Amma qərbçilik Ermənistan üçün ciddi təhlükələr gətirə bilər.
Tarix dəfələrlə sübut edib ki, Qərb ölkələri öz maraqlarının qorunub saxlanmasına üstünlük verir və çox vaxt kiçik tərəfdaşlarının maraqlarına məhəl qoymurlar. Bu, o deməkdir ki, Ermənistanın təhlükəsizliyi və ərazi bütövlüyü kimi strateji maraqları kritik məqamlarda daha böyük geosiyasi məqsədlərə qurban verilə bilər.
Eyni zamanda, Rusiya hələ də Ermənistanın əsas iqtisadi və enerji tərəfdaşı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində bu ölkənin təhlükəsizliyinin təminatçısıdır. Moskva ilə sıx əməkdaşlığa son qoyulması İrəvan üçün ciddi iqtisadi və siyasi nəticələr verə bilər.
Bununla yanaşı, qeyd etmək yerinə düşər ki, Bu yaxınlarda Sankt-Peterburqda keçirilən MDB dövlət başçılarının qeyri-rəsmi sammitində iştirak etməmək üçün Paşinyan “COVİD” bəhanəsini uydurub. Son vaxtlar baş nazirin MDB ilə bağlı tədbirlərdən qaçması, Aİİ tədbirlərinə üstünlük verməsi də nəzərdən yayınmayıb. Məntiqə görə, MDB siyasi struktur, Aİİ isə iqtisadi strukturdur. Erməni siyasətçinin unutduğu isə odur ki, Aİİ, ilk növbədə, siyasi vahiddir. Eyni zamanda, görüşlərin keçiriləcəyi 1 ay əvvəldən məlum idi.
Paşinyanla Putin arasında ikitərəfli görüşün keçirilib-keçirilməyəcəyi barədə isə Kreml açıqlama verərək bildirib ki, belə bir görüş planlaşdırılmasa da, liderlər ayaqüstü söhbət edə bilərlər. Paşinyan isə koronavirus infeksiyasından şantaj kimi istifadə edib - "Mənimlə görüşmürsənsə, gəlmirəm". Bu, əslində orta məktəb təfəkkürüdür və görünür, tələbəliyi yarımçıq qalan Paşinyan bundan uzaqlaşa bilmir: “Müəllim, xəstəyəm, dərsə gələ bilmirəm”.
Qısacası, erməni hökumətinin fəaliyyəti göstərir ki, baş nazir hələ də vəzifəsinin ciddiliyini anlamayıb. Belə şantajlar isə adətən iqtisadiyyatla ödənilir. Bəs Rusiya ilə münasibətləri qoparmaq nələrə başa gələ bilər? İlk olaraq, ərzaq təhlükəsizliyi təhlükə altına düşə bilər. Çünki Rusiya Ermənistana ərzaq təhlükəsizliyini gücləndirməyə kömək edib. Belə ki, Ermənistan istehlak edilən buğdanın təxminən üçdə birini və qarğıdalının kiçik bir hissəsini özü istehsal edir, qalan hissəsi (demək olar ki, tamamilə) Rusiyadan idxal olunur.
Hakimiyyət ölkəni Qərbə aparırsa, başa düşməlidir ki, Rusiya mallarına gömrük rüsumları qoyulacaq və Aİ siyasi səbəblərdən bu rüsumları durmadan artırır. Beləliklə, Aİ-də Rusiya buğdasının rüsumu ton üçün 148 avro təşkil edir.
Bundan əlavə, belə bir vəziyyət Ermənistanda ciddi qaz probleminə səbəb ola bilər. Hazırda erməni dövləti Şimaldan qazı çox ucuz qiymətə, yəni 1000 kubmetrini 165 dollara alır. Avropa isə qazın 1000 kubmetri üçün bundan bir neçə dəfə baha qiymət ödəyir. Rusiyanı İranla əvəz etmək isə texniki cəhətdən mümkün deyil. Çünki İran-Ermənistan qaz kəməri il ərzində 1.5 milyard kubmetr qaz ötürə bilər.
İrəvan isə Moskvadan 2.7 milyard kubmetr qaz alır. Rusiyanın qazın qiymətini qaldırması vəziyyətində bu, erməni iqtisadiyyatının iflic olması deməkdir.
Ticari cəhətdən də Kremlin orbitindən uzaqlaşmaq Ermənistan üçün faciəyə çevrilə bilər. Çünki bu gün erməni dövlətinin əsas ticarət partnyorları MDB dövlətləri, Aİİ üzvləri və əsasən də Rusiyadır. Moskvadan qopacağı halda Aİİ ölkələri bazarlarını qorumaq üçün əlavə vergilər tətbiq edə bilərlər. Bu itirilmiş ixracın digər bazarlarda kifayət qədər tez ödənilə biləcəyinə heç bir zəmanət yoxdur. Ən azı ona görə ki, son iki il ərzində Ermənistanın Avropa və ABŞ ilə ticari əlaqələrində geriləmə müşahidə edilib.
Aİ ümumiyyətlə erməni məhsullarını almaqda maraqlı deyil. Erməni sahibkarların Avropa bazarına çıxışı isə yaxın 10-20 ildə mümkün görünmür. Çünki müxtəlif sertifikatlar, tələblər onlar üçün əlçatan sayılmır. Siyahı bununla da bitmir. Nəzərə almaq lazımdır ki, hazırda Ermənistan iqtisadiyyatının şah damarları Rusiyanın əlindədir və minlərlə rus şirkəti bu ölkədə fəaliyyət göstərir, iş yerləri açır. Münasibətlərin korlanması bu potensialın da itirilməsi ilə nəticələnər.
Beləliklə, hazırda erməni dövləti istiqamətini itirmiş gəmi kimi irəliləməkdə davam edir. Baş nazir konkret olaraq Rusiya ilə münasibətləri qıraraq Qərbin ağuşuna atılmaq istəyir. Amma siyasətçi kimi formalaşmayan Paşinyan hələ də hərəkətlərinin nəticələrini ölçüb-biçə bilmir və ölkəsini uçuruma sürüklədiyini dərk etmir.
Yəqin ki, Kreml koronavirus bəhanəsini Paşinyana bağışlamayacaq və 2025-ci ildə bu hərəkətin cavabı həm siyasi, həm də iqtisadi cəhətdən veriləcək. Son günlər Yuxarı Lars keçid məntəqəsində yenə də erməni yük maşınlarının yığılıb qalmasını işarə kimi qəbul etmək olar.
Yaxşısı budur ki, hökumət başçısı əlaltıları vasitəsilə Aİ-yə qoşulmaq üçün imza toplamaqdansa, belə ciddi məsələlər üzərində baş sındırsın. Çünki Qərbə bel bağlayan dövlətlərin aqibəti açıq-aşkardır...
Kamil Məmmədov