Əsəd rejiminin devrilməsi ilə Ermənistan Suriyadakı dayaqlarını itirdi.
Bu barədə "Report"a açıqlamasında Milli Məclisin üzvü Könül Nurullayeva danışıb.
Deputat vurğulayıb ki, Suriya həm də erməni terror təşkilatlarının, erməni hərbi batalyonlarının fəallıq göstərdiyi coğrafiya idi:
"Bu terrorçuların Əsəd rejimi, Suriya xüsusi xidmət orqanları ilə sıx əlaqəsi vardı. 90 mindən çox Suriya ermənisinin Azərbaycanın o vaxtkı işğal altında olan ərazilərində məqsədli şəkildə məskunlaşdırılması, bu ərazilərin demoqrafik tərkibinin dəyişdirilməsi cəhdi müharibə cinayətinin tərkib hissəsi idi. Paşinyan isə populistcəsinə seçkilərdə Əsədi qələbə münasibətilə təbrik edərkən israrla Əsədin səylərinin on ildən çox vətəndaş müharibəsinin davam etdiyi Suriyada sülhün bərqərar edilməsi və dialoqun başlanmasına yönəldiyini deyərək onların ölkədə böhranın aradan qaldırılmasına kömək edəcəyinə ümidini ifadə edirdi"
K.Nurullayeva diqqətə çatdırıb ki, Ermənistan hərbçilərinin minatəmizləmə adı altında Hələbdə xidməti açıq şəkildə Əsəd rejiminə dəstək məqsədi daşıyırdı:
"Ermənistan hərbi kontingenti Suriya ordusunun fəaliyyətinə dəstək göstərirdi. Bəşər Əsəd rejimi həm də ermənipərəst mövqeyi ilə fərqlənirdi. Suriya-nın İƏT çərçivəsində Azərbaycanın maraqlarına qarşı çıxış etməsi, Ermənistanla bağlı qətnamələrə mane olmaq cəhdləri unudulmayıb. Məsələ burasındadır ki, özünü qərbpərəst kimi təqdim etməyə çalışan Paşinyan hakimiyyəti Şərqdəki antiqərb mövqeli hakimiyyətlərlə sıx əməkdaşlıq etməklə riyakarlıqdan əl çəkmir. Ancaq Əsəd rejiminin çökməsi Ermənistan üçün zərbə oldu".
Müsahib söyləyib ki, Suriyada Əsəd rejiminin çökməsi Dəməşqlə bütün rəsmi münasibətlərə təsir edib.
"Rəsmi Bakı Suriya dövlətinin ərazi bütövlüyünü və suverenliyini tam dəstəkləyir. Ankaranın prosesdə aktiv rol oynaması isə Suriyada sabitlik dövrünün başlayacağına ümidləri artırır. Prezident İlham Əliyevin Türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı da Cənubi Qafqaz və Yaxın Şərq regionuna aid məsələlərə toxunulub, xüsusilə Suriyada Əsəd rejiminin çökməsindən sonra yaranmış vəziyyət müzakirə olunub. Rəsmi Bakı qardaş Türkiyə ilə birlikdə Suriya xalqının üzləşdiyi humanitar problemlərin aradan qaldırılmasına dəstək verməyə hazır olduğunu qeyd edib",-deputat əlavə edib.
K.Nurullayeva xatırladıb ki, Azərbaycan Suriyada vəziyyət sabitləşəndən sonra ikitərəfli münasibətlərin bərpa olunacağına, əməkdaşlığın qarşılıqlı dostluq və tərəfdaşlıq prinsipi əsasında inkişaf edəcəyinə ümidvardır:
"Əslində, Əsəd hakimiyyətinin sonunun bu cür olacağı əvvəldən bəlli idi. Çünki ordu başda olmaqla kimyəvi hücumlardan qaçan, həbsxanalarda ağır işgəncələrə məruz qalan on minlərlə suriyalı mövcud vəziyyətdən bezmişdi. Hələbin, İdlibin timsalında yandırılmış şəhərlər, qan içində olan azyaşlılar, qadınlar Suriyanın əsl siması idi".