Kiyevdə qlobal çağırışlar kontekstində Azərbaycanla əlaqələrin intensivləşdirilməsi müzakirə olunub

Kiyevdə qlobal çağırışlar kontekstində Azərbaycanla əlaqələrin intensivləşdirilməsi müzakirə olunub Ukraynada “Ukrayna-Azərbaycan: qlobal dünya nizamına çağırışlar şəraitində strateji tərəfdaşlıq. İkinci dialoq” mövzusunda dəyirmi masa keçirilib.
Xarici siyasət
15 May , 2023 16:00
Kiyevdə qlobal çağırışlar kontekstində Azərbaycanla əlaqələrin intensivləşdirilməsi müzakirə olunub

Ukraynada “Ukrayna-Azərbaycan: qlobal dünya nizamına çağırışlar şəraitində strateji tərəfdaşlıq. İkinci dialoq” mövzusunda dəyirmi masa keçirilib.

"Report" xəbər verir ki, Ukrayna-Azərbaycan layihələrinin kuratoru Marina Qonçarukun təşəbbüsü ilə təşkil edilən tədbir Ukraynanın "Barristers" hüquq şirkətinin dəstəyi ilə keçirilib.

Bu, müxtəlif sektorlardan olan analitiklərin və ekspertlərin müharibə şəraitində Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsi imkanlarını müzakirə etmək üçün Ukrayna paytaxtında bir araya gəldiyi ikinci görüş olub. Natiqlərin qeyd etdiyi kimi, indiki hərbi vəziyyət şəraitində layihələri həyata keçirmək üçün yeni çağırışların öhdəsindən gəlmək, imkanlar axtarmaq lazımdır.

Ukrayna “Ümmə” Müsəlmanları Ruhani İdarəsinin keçmiş müftisi, hazırda Ukrayna Silahlı Qüvvələrində feldşerlər briqadasının tərkibində xidmət edən Səid İsmayılovun sözlərinə görə, Ukraynada ən böyük müsəlman diasporu azərbaycanlılara məxsusdur. O qeyd edib ki, azərbaycanlılar Ukraynada İslam ənənəsinin inkişafında fəal iştirak edirlər.

“Barristers” hüquq şirkətinin nümayəndəsi Konstantin Qloba müharibə şəraitində əcnəbilərə, eləcə də xarici biznesə hüquqi yardım göstərilməsi haqqında danışıb. Onun sözlərinə görə, Ukrayna və Azərbaycan hüquqşünasları arasında əməkdaşlığın inkişaf etdirilməsi çox vacibdir, çünki bu, ölkələrimiz arasında qarşılıqlı münasibətlərin müxtəlif sahələrini keyfiyyətcə yeni səviyyəyə çıxarmağa kömək edəcək, eyni zamanda, hərbi vəziyyətə və digər amillərə görə meydana gələn halların həlli yollarını axtarmağa kömək edəcək.

Ukraynanın xalq deputatı, Ali Radanın Xarici siyasət və parlamentlərarası əməkdaşlıq komitəsinin sədri Oleksandr Merejko ukraynalı deputatların bir neçə həftə əvvəl Ukraynada səfərdə olmuş Azərbaycan Milli Məclisinin nümayəndə heyəti ilə görüşü barədə söhbət açıb.
Ukrayna Ticarət və Sənaye Palatasının vitse-prezidenti Valeri Korol bildirib ki, Azərbaycan şirkətləri Ukraynanın tikinti sektoruna investisiya qoymaqda və bu sektorda iştirak etməkdə maraqlıdırlar. Onun sözlərinə görə, Azərbaycan Milli Məclisinin deputatları ilə görüşlər zamanı Azərbaycanın işgüzar dairələrinin nümayəndələrinin Ukraynaya səfəri müzakirə olunub.

Yaxın Şərq Araşdırmaları Mərkəzinin direktoru İqor Semivolos Ukrayna və Azərbaycanın üzləşdiyi ümumi geosiyasi çağırışlardan söhbət açıb. Qarabağ mövzusunun Ukrayna mətbuatında kifayət qədər işıqlandırılmaması ilə bağlı sualı cavablandıran İqor Semivolos qeyd edib ki, Ukraynada Cənubi Qafqazın tədqiqinə böyük diqqət yetirən və mütəmadi olaraq bu mövzuda analitik məqalələr yazan çoxlu ekspert və analitiklər var.

Azərbaycan Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov 24 fevral 2022-ci il tarixindən sonra ukraynalılara və azərbaycanəsilli Ukrayna vətəndaşlarına göstərilən yardımlardan danışıb. Natiq Ukraynanın miqrasiya sektorunun ictimai təşkilatları ilə əməkdaşlıqda, təcrübə mübadiləsində də maraqlı olduqlarını bildirib.

Azərbaycanda Ukrayna Qadınları Birliyinin prezidenti Lidiya - Əliyeva Ukrayna-Azərbaycan dialoqunun genişləndirilməsində Azərbaycandakı Ukrayna icmasının rolundan danışıb. O, həmçinin qeyri-sabitlik şəraitində Ukrayna diasporunun üzləşdiyi yeni çağırışlardan danışıb.
Son olaraq dəyirmi masanın təşəbbüskarı Marina Qonçaruk Ukrayna-Azərbaycan dialoq platformalarının inkişafının vacibliyini qeyd edib və belə bir dialoqun yeni layihələrə töhfə verəcəyinə, eləcə də Ukrayna və Azərbaycanın müxtəlif sektorlarından olan mütəxəssislər arasında ünsiyyət səviyyəsini yüksəldəcəyinə ümidvar olduğunu bildirib.
 

Son xəbərlər

Orphus sistemi