KİV: “Azərbaycanla münasibətlər İsrailin regionda əlaqələri gücləndirmək istəyinin göstəricisidir”

KİV: “Azərbaycanla münasibətlər İsrailin regionda əlaqələri gücləndirmək istəyinin göstəricisidir” Azərbaycanla əlaqələrin genişlənməsi İsrailin Mərkəzi Asiya və Qafqaz regionu ölkələri ilə əlaqələri gücləndirmək istəyinin sübutudur.
Xarici siyasət
19 yanvar 2023 13:49
KİV: “Azərbaycanla münasibətlər İsrailin regionda əlaqələri gücləndirmək istəyinin göstəricisidir”

Azərbaycanla əlaqələrin genişlənməsi İsrailin Mərkəzi Asiya və Qafqaz regionu ölkələri ilə əlaqələri gücləndirmək istəyinin sübutudur.

"Report"un məlumatına görə, bu barədə "Times of Israel"də dərc olunan məqalədə deyilir.

“Bu səylərin bəlkə də ən bariz əlaməti Rusiya, Gürcüstan, Ermənistan və xüsusilə İsrail üçün vacib məqam sayılan İranla həmsərhəd olan, əhalisinin əksəriyyəti şiə müsəlmanı olan dünyəvi ölkə - Azərbaycanla sürətlə inkişaf edən əlaqələrdir”, - məqalədə bildirilib.

Qeyd olunub ki, İkinci Qarabağ müharibəsi zamanı İsrailin Azərbaycana dəstəyi xalqımız tərəfindən yüksək qiymətləndirilib: “Müharibə zamanı İsrailin Azərbaycandakı səfiri Corc Dik Gəncədə raket hücumunun baş verdiyi yerə baş çəkib, çoxlu mülki vətəndaşın həlak olduğu faciə yerinə gül dəstələri qoyub.

Səfir “The Times of Israel”ə deyib ki, bu jest münasibətlərdə dönüş nöqtəsi olub: “İsrail çətin anlarda Azərbaycanın yanında olduğunu göstərib”.

O, Azərbaycan üçün bunun dostluğun sübutu olduğunu əlavə edib.

Məqalədə vurğulanıb ki, İsrailin daha ciddi dəstəyi silah tədarükü ilə bağlı olub: “Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun məlumatına əsasən, 2016-2020-ci illərdə Azərbaycana idxal edilən silahların 69 faizi İsrailin payına düşüb.

Azərbaycan Milli Məclisinin deputatı Ramin Məmmədov “The Times of Israel” nəşrinə müsahibəsində bildirib ki, iki dövlət arasında əlaqələr regional və qlobal münasibətlər üçün model ola bilər: “Bu münasibətlər göstərir ki, hazırkı münaqişələr dini və ya etnik qruplar arasında deyil, mötədillərlə radikallar arasındadır”.

Qeyd olunub ki, Azərbaycanın İranla həmsərhəd olması bu ölkəni İsrail üçün cəlbedici müttəfiq edir.

Eyni zamanda əlavə edilib ki, Azərbaycanın İranla münasibətləri İkinci Qarabağ müharibəsindən sonra sarsılıb: “İranla gərginlik müharibədən sonra kəskin şəkildə artıb. Belə ki, həmin dövrdə İran Azərbaycanla sərhəddə böyük hərbi təlimlər keçirmiş və Bakıya qarşı ritorikasını gücləndirmişdi. İranla Azərbaycan arasında qarşılıqlı ittihamlardan bir həftə sonra Azərbaycan 5 ölkə vətəndaşının İranın xeyrinə casusluq ittihamı ilə həbs edildiyi barədə məlumat vermişdi. Bundan bir neçə gün sonra isə Azərbaycan parlamentində İsraildə səfirliyin açılması ilə bağlı səsvermə keçirilib”.

Orphus sistemi