"Avropa-Ermənistan Dostluq Qrupu və onun Avropada fəaliyyət göstərən ən böyük Ermənistanyönlü təşkilat olan “Ədalət və Demokratiya Uğrunda Avropa Erməni Federasiyası”nın (EAFJD) rəhbəri Kaspar Karampetyan ilə əlaqələri barədə hərtərəfli istintaq aparılmalıdır".
“Report” Belçikanın LE VIF nəşrinə istinadən xəbər verir ki, Avropanı şoka salan "Qatargate" korrupsiya qalmaqalı ehtimal ki, erkən mərhələdədir və bu dəfə hadisələrin "Armengate" adı altında təkrarlana biləcəyi ilə bağlı düşünməyə əsas verir.
Brüsseldəki özəl mənbələrin məlumatına görə, Avropa Parlamentinin keçmiş prezidenti, “Qatargate” işi üzrə “məşhurlaşan” Eva Kayli daim digər dövlətlərin, o cümlədən Ermənistanın adından istifadə edib.
Məqalədə qeyd olunur ki, ötən ilin noyabr ayında Fransada bir qrup parlament üzvü Azərbaycanı "Ermənistana qarşı təcavüzdə" və "ərazi bütövlüyünün pozulmasında" ittiham edən qətnamə imzalayıb. Bundan başqa, Eva Kayli də daxil olmaqla, həmin 33 nəfərin EAFJD ilə sıx əlaqəsi olan Avropa-Ermənistan Dostluq Qrupunun üzvü olduğu bildirilir.
EAFJD rəhbəri Karampetyanın öz biznesini qurmaq üçün Brüsseli seçməsi heç də təsadüfi deyil. Belə ki, Belçikada o, brilyant alverçisi kimi tanınır: "Onun Afrikanın münaqişəli bölgələrindən Belçikaya gətirdiyi rəngli almazlar məhz burada cilalanır. Daha sonra brilyantlar dəqiq düşünülmüş rüşvət sxemi əsasında sertifikatlaşdırılır və Avropanın brend mağazalarının piştaxtalarına gəlib çıxır".
"Digər özəl mənbələrə görə, milyonçu Qarabağ separatçılarının silahlı fəaliyyətinə dəstək verib ki, nəticədə bu bölgə beynəlxalq hüquqa zidd olaraq, 1992-ci ildən etibarən işğal altında qalıb", - məqalədə deyilir.
Digər tərəfdən, Kaspar Karampetyanın Qarabağ separatçılarının liderləri ilə tez-tez görüşməsi və rejim üçün pul toplaması heç kim üçün sirr deyil. Bundan əlavə, EAFJD, Qarabağ separatçılarının nümayəndələrini Strasburqa və Brüsselə də dəvət edib.
"Erməni terror təşkilatı olan ASALA ilə bir vaxtlar yaxınlığı ilə seçilən Karampetyan Avropanın siyasi salonlarında və hətta Avropa Parlamentində işğalçı rejimi qanuniləşdirmək üçün səylərdə aparıcı rol oynayıb. Hətta bir neçə il öncə Brüsseldə keçirilən təntənəli gecədə o, erməni separatçılarını dəstəkləmək üçün 3,8 milyon avro topladığı ilə öyünüb. Karampetyan rəsmi qurumların bir sıra nümayəndələrinə Azərbaycanı nüfuzdan salmaq üçün Ermənistana və Qarabağa səfər etməyi təklif edib", - məqalədə deyilir.
Beləliklə, bu gün Avropa İttifaqı təcili olaraq onun kölgə lobbiçiləri ilə münasibətlərini tənzimləyən bütün qaydalara və qanunlara yenidən baxmağa ehtiyac duyur. Bu proses uzun illərdir davam etsə də, günahkarları cəzalandırmaq üçün heç bir real sanksiya tətbiq olunmur. "Avropa-Ermənistan Dostluq Qrupunu, ona rəhbərlik edən şəxsləri birləşdirən qeyri-şəffaf münasibətlər, eləcə də iş adamı Karampetyan ilə münasibətlər bunun yeni və ən bariz nümunəsidir", - müəllif fikrini tamamlayıb.