“Laçın yolu məsələsi ilə bağlı spekulyasiya edən və ondan siyasi manipulyasiyalar üçün istifadə edən bir sıra Ermənistan rəsmilərinin iddiaları tamamilə əsassızdır”.
"Report" xəbər verir ki, bunu Ermənistanın Qarabağın erməni sakinlərinin reinteqrasiyasına mane olmasına etiraz edən xarici QHT-lərin birgə bəyanatını imzalayanlardan biri olan Keniyanın İlkin Vətəndaş Təşkilatları Konsorsiumunun Vətəndaş Cəmiyyəti Təşkilatının rəhbəri Eliud Emeri deyib.
O qeyd edib ki, Azərbaycan çoxmillətli dövlətdir ki, burada bütün milli azlıqlar, o cümlədən ölkədə yaşayan ermənilər üçün bərabər imkanlar yaradılıb.
“Onlar dinc əhaliylə birgə yaşaya və işləyə bilərlər”, - o bildirib.
E.Emeri əlavə edib ki, Laçın yolu Azərbaycanın suveren ərazisindədir və Beynəlxalq Məhkəmənin iyulun 6-da qəbul etdiyi qərar bunu bir daha təsdiqləyir. Yəni Azərbaycanın sərhəddə keçid məntəqəsi yaratması onun suveren hüququdur.
"Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin ehtiyaclarını ödəmək üçün Ağdam-Xankəndi yolundan istifadə etmək təklifi beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilib. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel də bu yaxınlarda Ağdam-Xankəndi yolunun istifadəsini dəstəklədiyini bildirib. Beynəlxalq Qırmızı Xaç Komitəsi də humanitar yardım üçün bu etibarlı və əlverişli yoldan istifadə etməyə hazırdır”, - QHT rəhbəri bildirib.
Onun fikrincə, beynəlxalq ictimaiyyət bilməlidir ki, Azərbaycan nəinki blokada yaratmır, əksinə, yardım təklif edir: “Ermənistan 30 ildən artıqdır ki, Naxçıvanı blokadada saxlayan və onunla Azərbaycanın digər əraziləri ilə birbaşa əlaqəyə mane olan bir ölkədir”.