İsrail səfiri Gəncədə Ermənistanın raket atəşinə tutduğu əraziyə gedib

İsrail səfiri Gəncədə Ermənistanın raket atəşinə tutduğu əraziyə gedib İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Corc Dik Gəncə şəhərinə səfər edib.
Xarici siyasət
2 Noyabr , 2021 14:38
İsrail səfiri Gəncədə Ermənistanın raket atəşinə tutduğu əraziyə gedib

İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Corc Dik Gəncə şəhərinə səfər edib. 

"Report"un Qərb bürosunun məlumatına görə, səfər çərçivəsində rəsmi qonaq Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüb. 

Görüş zamanı xarici diplomata Gəncə şəhəri haqqında ətraflı məlumat verilib, Azərbaycan-İsrail münasibətlərindən söz açılıb. Bildirilib ki, Azərbaycan bütün dünyada sülhsevər, çoxmillətli, multikultural dəyərlərin qorunub saxlanıldığı tolerant ölkə kimi tanınır. Əsrlər boyu yəhudilər burada azərbaycanlılarla dostluq və mehribanlıq şəraitində yaşayıblar. Yəhudi icması Azərbaycanda ən fəal icmalardan biridir. Bu gün Azərbaycan-İsrail münasibətləri yüksələn xətt üzrə inkişaf edir. Bu əlaqələr həm ikitərəfli siyasi, həm mədəni, həm də iqtisadi müstəvidə qurulub.  Niyazi Bayramov qeyd edib ki, Azərbaycan 44 günlük Vətən müharibəsi dövründə İsrailin yaxın dəstəyini hiss edib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı bu şanlı qələbədə İsrailin Bakıya siyasi dəstəyi də mühüm rol oynayıb. Azərbaycan tərəfi bütün bunları çox yüksək qiymətləndirir. 

İsrail Dövlətinin Azərbaycandakı səfiri Corc Dik bildirib ki, Gəncəyə ikinci dəfədir səfər edir. O, ilk dəfə ötən ilin oktyabr ayında Gəncə Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulduqdan sonra burada olub, raket hücumlarından zərər çəkən dinc sakinlərlə görüşərək onlara başsağlığı verib. O bildirib ki, bir neçə ay əvvəl İsrail səfirliyinin dəvəti ilə Azərbaycana gələn plastik cərrah və göz həkimləri, burada əksəriyyəti Vətən müharibəsi iştirakçısı olan 150 nəfərə yardım göstəriblər. Corc Dik vurğulayıb ki, bir neçə İsrail şirkəti Bakıda keçirilən “Qarabağın bərpası” sərgisində iştirak etdib və onlar işğaldan azad edilən torpaqlarda dağıntıların bərpa olunmasına köməklik göstərmək niyyətindədirlər. Gəncəyə səfərinin məqsədindən söz açan İsrail səfiri, burada gün ərzində bir sıra görüşlər keçirəcəyini bildirib. O, yaxın zamanlarda İsrail səfirliyinin xətti ilə Gəncədə bəzi layihələrin icrasına başlanılacağını şəhər rəhbərlyinin diqqətinə çatdırıb. 

İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Corc Dik Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində dağılan əraziləri də ziyarət edib. Səfirə məlumat verilib ki, Vətən müharibəsi zamanı açıq hərbi əməliyyatlarda ardıcıl məğlubiyyətə uğrayan Ermənistan Azərbaycan Silahlı Qüvvələrinin uğurlu hücum əməliyyatlarının qarşısını almaq, bu hücumları dayandırmaq, xalq arasında qorxu və vahimə yaratmaq məqsədilə dinc insanların məskunlaşdığı yaşayış məntəqələrini qadağan edilmiş raketlərdən atəşə tutub, mülki vətəndaşlarımız arasında böyük tələfatlara nail olmağa çalışıb. Gəncə şəhərinin ardıcıl raket hücumlarına məruz qalması nəticəsində aralarında qadın və uşaqlar da olmaqla 26 mülki şəxs həlak olub, 130-dan çox dinc sakin isə yaralanıb. Şəhərdə mülki infrastruktur obyektlərinə, tarix-mədəniyyət abidələrinə, o cümlədən nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

11:02

Gün ərzində səfir Gəncə Uşaq Evində olacaq, Yəhudi Dini İcmasının üzvləri ilə görüşəcək.

İsrailin Azərbaycandakı səfiri Corc Dik Gəncədə Ermənistanın 44 günlük Vətən müharibəsi zamanı raket atəşinə tutduğu əraziyə baş çəkib. 

"Report"un Qərb bürosunun məlumatına görə, diplomat erməni terrorunun qurbanlarının xatirəsini yad edib, dağıntıların baş verdiyi yerlərə güllər düzüb. 

10:42

İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Corc Dik Gəncə şəhərinə səfər edib.

"Report"un Qərb bürosunun məlumatına görə, diplomat ilk olaraq Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüb.

Daha sonra qonaqlar Ermənistanın Gəncədə törətdiyi terror hadisələrinin baş verdiyi əraziyə baş çəkəcək, qurbanların xatirəsini yad edəcəklər.

Qeyd edək ki, C.Dik səfər çərçivəsində Azərbaycan Dövlət Aqrar Universiteti, Gəncə Uşaq Evi və Gəncə SOS Uşaq Kəndində də olacaq.

Son xəbərlər

Orphus sistemi