“İranda aksiyalar kütləviləşərsə, uğurla nəticələnəcəyini, Güney Azərbaycanın müstəqil ola biləcəyini düşünürəm. Hətta beynəlxalq şərait də buna imkan verir”.
Bu fikirləri “Report”a açıqlamasında siyasi elmlər doktoru, professor Sabir Məmmədli deyib.
Onun sözlərinə görə, İkinci Qarabağ müharibəsində əldə olunan tarixi zəfərin Güney Azərbaycandakı soydaşlarımızı hərəkətə gətirməsi gözlənilən idi: “İranın 30 il ərzində Ermənistanı davamlı dəstəkləməsi oradakı soydaşlarımız kimi, türk dünyasını da ciddi narahat edirdi. Çünki İran nə qonşuluğa, nə də müsəlmanlığa uyğun davranır. Bu mənada hazırkı hadisələr gözlənilən idi. Rəsmi Tehran isə kifayət qədər çox səhvə yol verir. Ermənistanla əlaqələrin gücləndirilməsi güneyli soydaşlarımızın reaksiyasına səbəb oldu. Həmçinin İranın Araz boyunca hərbi təlimlər keçirməsi də bu dövlətin növbəti ciddi səhvi oldu. Beləliklə, molla rejimi bütün “qırmızı xət”ləri keçib. İsrail və Türkiyə müdafiə nazirlərinin ard-arda ölkəmizə səfəri göstərdi ki, dost və müttəfiq dövlətlər də İranın son hərəkətlərindən narahatdırlar. Müdafiə nazirlərinin Azərbaycana gəlməsi, əlbəttə, İrana ciddi mesaj idi”.
Siyasi icmalçı bildirib ki, İranda hicab taxmadığına görə gənc qızın öldürülməsi proseslərə təkan verdi: “Böyük şəhərlərdə aksiyalar davam edir. Milli azadlıq hərəkatı özünü aydın şəkildə büruzə verir. Proses uğurla gedir. Güneyli soydaşlarımızın səsləndirdiyi şüarlar göstərir ki, aksiyalar milli dava səciyyəsi daşıyır. Beynəlxalq güc mərkəzləri bu proseslərə xüsusi diqqət yetirir. Məsələn, ABŞ Prezidenti Cozef Bayden vurğulayıb ki, İran azad olacaq. Fikrimcə, bu bəyanatın verilməsi təsadüfi deyil. İran özü-özünü küncə sıxışdırıb”.
S.Məmmədli İranın nüvə sazişindən kənara çıxmasının ABŞ və İsraili daha da hiddətləndirdiyini söyləyib: “Cənub sərhədimizdə Xüsusi Təyinatlı Qüvvələrimizin keçdiyi təlimlər güneyli soydaşlarımızı daha da ruhlandırır. Fikrimcə, İrandakı aksiyaların miqyası daha da artacaq. Artıq hiss olunur ki, etirazlar mütəşəkkildir. Mitinqlərin motivi, aksiyaların daha çox gecələr keçilməsi bunu göstərir. Xaricdəki soydaşlarımızın münasibətləri də hərəkatın yaxın vaxtlarda başa çatmayacağının, əksinə, tədricən güclənəcəyinin təzahürüdür. Hazırkı aksiyalar texnoloji baxımdan “rəngli inqilablar"ı xatırladır”.