Son vaxtlar Belarus-İran münasibətlərində yaxınlaşma hiss olunur. 31 iyul-1 avqust tarixlərində Belarus müdafiə naziri Viktor Xrenin Tehranda rəsmi səfərdə olub. Səfər çərçivəsində iki ölkənin müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi, eləcə də ölkələr arasında birgə hərbi təlimlərin keçirilməsi kimi məsələlər müzakirə olunub. Rusiya-Ukrayna müharibəsində təklənən, beynəlxalq sanksiyalarla üzləşən Rusiyanın əsas dəstəkçisi Belarus olduğu bəllidir. Belarusla yanaşı, ciddi embarqolarla üzləşən qonşumuz İran da Rusiya ilə əməkdaşlıqda maraqlıdır. İndi isə Rusiyanın güclənməsinə dəstək olan Belarus və İran hərb sahəsində əməkdaşlıqdan danışır. Sirr deyil ki, son vaxtlar İran-Azərbaycan münasibətlərində gərginlik yaşanır. Bunun fonunda İranın Ermənistanla əlaqələri isə günü-gündən güclənir. Beləliklə, İranın Belarusla müdafiə sənayesindəki əməkdaşlığı, Ermənistana silah ötürən cənub qonşumuzun regionda təhlükəli vəziyyət yarada biləcəyi narahatlığı doğurur.
Məsələ ilə bağlı “Report”a açıqlama verən Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin sədri Araz Aslanlı bildirib ki, İran və Belarus müəyyən dərəcədə qlobal sistemdən təcrid olunub, hər ikisi xüsusilə Qərb dövlətləri ilə problem yaşayır. Bu baxımdan onlar üçün beynəlxalq əlaqələrdə yeni münasibət qurmaq və ya mövcud olan münasibəti gücləndirmək önəm daşıyır:
“Bu iki dövlətin beynəlxalq aləmdəki mövqeləri ikitərəfli münasibətə önəm verməyi şərtləndirir. Bu, ümumi bir mənzərədir. Xüsusi hal kimi baxsaq, hər iki dövlət beynəlxalq münasibətlər sistemində Qərb blokunun qarşısında olan Rusiya ilə yaxşı münasibətə malikdirlər. Onların təhlükəsizliyi baxımından Rusiya önəm daşıyır. Ona görə də bu və ya digər dərəcədə Rusiya-Ukrayna müharibəsində, əsasən, Rusiyanın yanındadırlar. Hətta zaman-zaman Belarusdan Ukraynaya cəbhə açılma məsələsi gündəmə gəlir. İran isə qismən yanındadır, bu istiqamətdə Rusiyaya pilotsuz uçuş aparatları və başqa texnikaları satır. Yəni Rusiyaya Ukrayna ilə müharibədə dəstək verirlər”.
İran-Belarus əməkdaşlığına Azərbaycanın baxışına gəldikdə isə politoloq qeyd edib ki, Heydər Əliyevin dövründə balanslaşdırılmış xarici siyasət kursu çərçivəsində rəsmi Bakı başqa dövlətlərin aralarındakı münasibətlərə mümkün qədər qarışmamağa çalışır, o həddə qədər ki onların münasibətləri Azərbaycana qarşı yönəlməyib:
“Hansısa iki dövlət öz aralarındakı münasibətləri inkişaf etdirdiyi zaman Azərbaycan üçün birbaşa və ya dolayı yolla hədə yaratmırsa, o zaman buna münasibət bildirmir. Beynəlxalq hüququn beynəlxalq münasibətlər sistemində əsas dəyərlərdən biri budur. Dövlətlər öz xarici siyasətlərini özləri müəyyənləşdirə bilərlər, onların daxili və xarici siyasətinə başqa dövlətlərin müdaxiləsi qəbul olunmur. Bu baxımdan Azərbaycanın yanaşması doğrudur”.
Belarus-İran əməkdaşlığının Azərbaycan üçün risk yaradıb-yaratmaması ilə bağlı isə Araz Aslanlı hesab edir ki, hazırkı vəziyyətdə risk mövcud deyil:
“Azərbaycan indiyədək Belarusla olan münasibətlərini elə qurub ki, Belarusun hər hansı bir dövlətlə, hətta Ermənistanla münasibətləri belə Azərbaycan üçün mənfi nəticələr yaratmağa istiqamətlənməyib. Azərbaycan Belarusla münasibətləri bəlkə də ən uğurlu quran dövlətdir. Fərqli mövqelərə malik olduqları halda, ikitərəfli münasibətlər elə qurulub ki, Azərbaycan Belarusun milli maraqlarına zidd heç bir prosesin parçası olmayıb, eləcə də Belarus. Belarus hətta üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) da buna imkan verməyib. İran isə Azərbaycan ilə münasibətlərdə gərginliyi yaratmağa çalışan, bəzən də yaradan tərəf rolunda çıxış edir. Bu mənada İran Belarusla münasibətləri inkişaf etdirərək bundan Azərbaycan qarşı da ziyan vurmaq məqsədi güdə bilər. Amma Belarusla münasibətlərdə bizim əvvəlcə yaşadıqlarımız göstərib ki, Belarus da Azərbaycanın həssaslığına diqqətlə yanaşıb, imkan verməyib ki, üçüncü dövlətlə münasibətləri həmin ölkə tərəfindən Azərbaycana qarşı istifadə olunsun. Azərbaycan da buna diqqət edir. Ona görə də hesab edirəm ki, indiki vəziyyətdə Azərbaycan Belarus-İran münasibətlərinə xüsusi bir münasibət bildirməz. Ancaq irəliləyən tarixdə İranın Belarusla inkişaf etdirməyə çalışdığı münasibətin Azərbaycan üçün risk yaratma potensialı olarsa, təbii ki, Azərbaycan bununla bağlı mövqe bildirəcək. Tərəflərə xatırladacaq ki, Azərbaycan regiondakı prosesləri diqqətlə izləyir və özünə yönələcək heç bir addıma icazə verməyəcək. Belarus yaxşı bilir ki, Lukaşenkonun hakimiyyəti dövründə Belarus sıxıntılar yaşayanda Azərbaycan xüsusi addımlar atıb. Həmin vaxt onu Rusiya sıxışdırırdı, Qərb də dəstək vermirdi. Məncə, bunu Belarus nəzərə alır və alacaq”.