Bakı. 25 may. REPORT.AZ/ "Azərbaycan ildən-ilə öz müstəqilliyini möhkəmləndirir".
"Report" xəbər verir ki, bunu ADR-in 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda Avrasiya siyasəti və təhlükəsizlik məsələləri üzrə isveçli alim, analitik Svante Kornel deyib.
Onun sözlərinə görə, bu gün dünyada çox mürəkkəb geosiyasi vəziyyət yaranıb.
"Hələ də 20-ci əsrin əvvəllərində olduğu kimi, təcavüz nəticəsində müstəqilliyin itirilməsi təhlükəsi var. Amma Azərbaycan müstəqilliyinin hər ilində dövlətçiliyini və müstəqilliyini qoruyur və möhkəmləndirir", - o bildirib.
Amerikalı professor Maykl Reynoldsun sözlərinə görə, vaxtilə Azərbaycan Demokratik Respublikası dövlətin mövcudluğunun prioritetlərini müəyyən edib: "Hələ o zaman ADR-in yaradıcıları çoxpartiyalı parlamentlə demokratik respublika yolunu tutublar və bu gün müasir Azərbaycan bu işi davam etdirir".
O qeyd edib ki, artıq o zaman Azərbaycan bütün regiona böyük siyasi və mədəni təsir göstərib.