Bakı. 29 may. REPORT.AZ/ İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurası
Forumun sədri Elşad İskəndərovun başçılıq etdiyi nümayəndə heyəti İƏT XİN Şurasının Küveytdə keçirilən 42-ci sessiyasında xüsusi qətnamə təqdim edib. Şuranın yekdilliklə qəbul etdiyi "Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumu haqqında” adlı qətnamədə Xocalı faciəsi soyqırım aktı adlandırılaraq, İƏT-ə üzv ölkələr insanlığa qarşı törədilən bu cinayətin beynəlxalq və milli səviyyələrdə tanınması üçün lazımi səy göstərməyə çağırılıb.
Qətnamə eyni zamanda, 1992-ci ilin fevralında Xocalı şəhərində erməni silahlı qüvvələri tərəfindən həyata keçirilən qətliamın insanlığa qarşı cinayət olduğunu bildirərək İƏT-ə üzv dövlətləri və qurumları "Xocalıya Ədalət" kampaniyasında fəal iştirak etməyə, həmçinin faciəni törədənlərin məsuliyyətə cəlb olunması üçün çağırış edib.
Bununla yanaşı, İƏT xarici işlər nazirləri bu ilin yanvar ayında Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumu və İƏT Parlamentlər İttifaqı arasında imzalanan əməkdaşlıq haqqında memorandumu təsdiq edib. Sözügedən memorandumda iki qurum arasında "Xocalıya Ədalət" kampaniyası çərçivəsindəki əməkdaşlığa hərtərəfli dəstəyin göstərilməsi xüsusi vurğulanıb.