Yuxarı

​İlham Əliyev Münxendə Serbiyanın baş naziri Aleksandr Vuçiç ilə görüşüb

Görüşdə ikitərəfli əlaqələrin siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyi bildirilib

Bakı. 6 fevral. REPORT.AZ/ Bu gün prezident İlham Əliyev Münxendə Serbiyanın baş naziri Aleksandr Vuçiç ilə görüşüb.

"Report" xəbər verir ki, görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyi bildirilib.

Həmçinin, qarşılıqlı səfərlərin və görüşlərin əhəmiyyəti vurğulanıb, xalqlarımız arasında dostluq münasibətlərinin əlaqələrimizin inkişafına öz töhfəsini verdiyi qeyd edilib.

Azərbaycanın Serbiya iqtisadiyyatında, o cümlədən bu ölkədə yol inşası sahəsində uğurla iştirak etdiyi diqqətə çatdırılıb. Bu görüşün əməkdaşlığımızın müxtəlif sahələrdə genişləndirilməsi ilə bağlı perspektivlərin müzakirəsi üçün yaxşı imkan yaratdığı vurğulanıb.

Söhbət zamanı Azərbaycanın xarici ölkələrə fəal şəkildə sərmayə qoymasının əhəmiyyəti vurğulanıb. Serbiya tərəfinin Azərbaycan şirkətlərinin bu ölkənin iqtisadiyyatının müxtəlif sahələrində iştirakının genişləndirilməsində maraqlı olduğu bildirilib.

Görüşdə energetika sahəsində əməkdaşlıq imkanlarının araşdırılmasının mümkünlüyü qeyd edilib, ölkələrimiz arasında əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi