"Azərbaycan öz xarici siyasətində təhlükəsizliyə əsaslanan konsepsiyadan iqtisadiyyata əsaslanan konsepsiyaya keçir".
"Report" xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Caspian Policy Center”in təşkil etdiyi "ABŞ-Xəzər Diplomatik Münasibətlərinin 30 ili" adlı vebinarda deyib.
H.Hacıyev bildirib ki, Azərbaycanın işğal altında olan əraziləri azad edildikdən əsas təhlükəsizlik problemini həll edib:
"Azərbaycan bu problemi həll etdikdən sonra hazırda bütün diqqətini region və dünya ölkələri ilə iqtisadi əməkdaşlığın genişləndirilməsinə yönəldə bilər".
Prezidentin köməkçisinin sözlərinə görə, Azərbaycan ilə ABŞ arasında iqtisadi əlaqələr hər iki tərəf üçün faydalıdır:
"Azərbaycanla müqavilələr ABŞ-da yeni iş yerlərinin açılmasına kömək edir. Xüsusilə, aviasiya, kosmos və digər sahələrdə əməkdaşlıq səmərəlidir".
“Biz, həmçinin iki ölkə vətəndaşları arasında əlaqələrin genişləndirilməsini, turizmin inkişaf etdirilməsini və ABŞ-ın ayrı-ayrı ştatları ilə birbaşa əməkdaşlığı gözləyirik ki, bu da mühüm əhəmiyyətə malikdir”, - H.Hacıyev vurğulayıb.