“Biz gürcülər onun Gürcüstana köməyini yaxşı xatırlayırıq”.
Gürcüstanın Milli Elmlər Akademiyasının (GMEA) vitse-prezidenti, akademik Roin Metreveli “Report”un yerli bürosuna müsahibə verib. O, Azərbaycanın ümummilli lideri Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb.
Həmin müsahibəni təqdim edirik.
- Heydər Əliyevlə ilk görüşünüzü necə xatırlayırsınız?
- Heydər Əliyev haqqında danışmaq çox maraqlıdır, belə ki, o, həddindən artıq maraqlı şəxsiyyət olub. O, Gürcüstan və gürcülərin böyük dostu idi. Heydər Əliyev böyük intellektual, çox məlumatlı idi və xalqı üçün böyük işlər gördü. Gürcüstanda ona hər zaman hörmət ediblər, edirlər və edəcəklər. Təsadüfi deyil ki, Tbilisidə onun abidəsi ucaldılıb. Biz gürcülər onun xatirəsini əziz tuturuq. Xoşbəxt adamam ki, bir neçə dəfə dahi şəxiyyətlə görüşmək imkanım olub. Mən onu Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, daha sonralar isə yeni Azərbaycanın rəhbəri kimi tanıyırdım.
1996-cı ildə mən İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin (TDU) rektoru idim. Universitetin Ali Şurasının qərarı ilə Heydər Əliyev TDU-nun fəxri doktoru adına layiq görülmüşdü. Həmin ilin yazında o, böyük nümayəndə heyəti ilə Tbilisiyə səfərə gəldi. Aprel ayının əvvəlində Heydər Əliyev nümayəndə heyəti ilə TDU-ya baş çəkdi. Heyətə siyasətçilər, Milli Məclis sədri, akademiklər Ziya Bünyadov və İqrar Əliyev kimi görkəmli tarixçilər daxil idi. Təntənəli mərasimdə Gürcüstan Prezidenti Eduard Şevardnadze də iştirak edirdi. Mən rektor olaraq TDU-nun fəxri doktoru mükafatını Heydər Əliyevə təqdim etdi. O, çox məmnun idi. Çıxışında necə səmimi insan olduğunu göstərdi. Mükafat münasibətilə Eduard Şevardnadze, alimlər və tələbələr də onu təbrik etdi. Onun çıxışı çox yaddaqalan oldu. O, gürcü xalqına böyük sevgisindən danışdı, universitet və tələbələrə xoş sözlər ünvanladı. Təntənəli mərasimdən sonra biz üçümüz – mən, Heydər Əliyev və Eduard Şevardnadze bir yerdə bir saat söhbət etdik, bir çox məsələlərin müzakirəsini apardıq. Söhbət zamanı o, Gürcüstan və Qafqaza böyük sevgisindən, gələcəyimiz barədə söz açdı. O, qeyri-adi, görkəmli şəxsiyyət idi. Heydər Əliyev və Eduard Şevardnadzenin çox yaxşı dostluq münasibətləri vardı və bu aydın görünürdü. Söhbət vaxtı onlar bəzi ciddi məsələlərlə bağlı bir-biri ilə fikir mübadiləsi aparırdılar. Bu görüş xatirəmdə böyük iz buraxıb.
- Görkəmli şəxsiyyət insan və siyasətçi kimi xatirənizdə necə qalıb?
- Heydər Əliyev böyük insan, müsbət keyfiyyətlərlə dolu və prinsipial şəxsiyyət idi. O, yaddaşımda müdrik, nöqsansız, görkəmli, öz millətini və başqa xalqları sevən böyük beynəlmiləlçi kimi qalıb.
Onunla ikinci dəfə 1998-ci ildə görüşüm oldu. Həmin ildə Azərbaycanda ali məktəbin yubileyi qeyd edilirdi. Mən Bakıya yollanan nümayəndə heyətinə rəhbərlik edirdim. Yubiley tədbirində Türkiyənin, təxminən, 15 rektoru iştirak edirdi. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru, akademik Viktor Sadovniçi də mərasimə qatılmışdı. Heydər Əliyev rektorlarla ayrıca görüş keçirməyə qərar verdi. O, çıxış edəndən sonra söz rektorlara verildi. İlk öncə türkiyəli rektorlar çıxış etdi, mən və Viktor Sadovniçi qaldıq. MDU rektorunun çıxışından sonra söz mənə verildi. Fikirləşdim ki, iki saatlıq görüşdən sonra Heydər Əliyev yorğun ola bilər. Mən ona müraciət edərək xatırlatdım ki, rektoru olduğum TDU-nun fəxri doktorudur. O, şad olduğunu söylədi və 40 dəqiqə ərzində Gürcüstan və bizim dostluğumuzdan danışdı. Heydər Əliyev böyük mənəvi zənginlik saçan insan idi. Onun gördüyü işlər o qədər böyükdür ki, bütün miqyasını dəyərləndirmək mümkün deyil. Mənə SSRİ-nin təhsil nazirinin Heydər Əliyevin məlumatlılığına necə təəccüb etməsi barədə danışıblar. O, ittifaqın Nazirlər Soveti sədrinin birinci müavini olarkən təhsillə bağlı kollegiyada iştirak edib. Nazir onun çıxışının əhatəli olacağını gözləmirmiş. Heydər Əliyev isə nitqində təhsil sistemində bütövlükdə mövcud olan çatışmazlıqları qeyd etdi. Onun ittifaqda təhsillə bağlı vəziyyət barədə detallı məlumata malik olması bu sahənin insanlarını olduqca təəccübləndirmişdi.
- Heydər Əliyev və Eduard Şevardnadzenin dostluğuna toxundunuz. Siz onların münasibətlərini necə təsvir edərdiniz?
- Bəli, onların dostluğu güclü idi. Onlar tez-tez telefonla danışıqlar aparırdılar. Xatirimdədir, 1998-ci ildə Eduard Şevardnadzeyə qarşı sui-qəsd törədiləndə onun vəziyyəti ilə ilk maraqlanan Heydər Əliyev olmuşdu. Həmin günün axşamı televiziya vasitəsilə bildirildi ki, ilk zəng Heydər Əliyevdən olub.
Heydər Əliyev Eduard Şevardnadzeyə hər zaman dəstək göstərirdi. 1995-ci ildə Eduard Ambrosieviç prezident seçilərkən o, xüsusi olaraq Tbilisiyə gəldi. Mən də səfərlə bağlı görüşlərdə iştirak edirdim. Heydər Əliyev rəsmi olaraq Eduard Şevardnadzeni dəstəklədi. Bu iki böyük siyasətçinin dostluğu həqiqətən də bizim xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına kömək etdi. Gürcülər və azərbaycanlılar tarixən dost və qardaş olublar. Hər iki lider bu münasibətlərin güclənməsində böyük rol oynayıb.
- Ötən əsrin 90-cı illərinin əvvəllərində çətin dövrlərdə Heydər Əliyevin Gürcüstana dəstəyi və köməyi bu gün də unudulmur...
- Bəli, biz çətin vaxtları, Heydər Əliyevin Gürcüstana köməyini də yaxşı xatırlayırıq. O, yalnız azərbaycanlı deyildi, qafqazlı idi. O, əsl beynəlmiləlçi idi. Həm Azərbaycan, həm Gürcüstan dövlətləri üçün böyük işlər görüb.
- Batono Roin, hazırkı Azərbaycan-Gürcüstan münasibətlərini necə qiymətləndirərdiniz?
- Münasibətlərimiz çox müsbətdir. Azərbaycanı və Azərbaycan xalqını sevirəm. Azərbaycanda çoxlu dostlarım var və bununla fəxr edirəm. Biz bundan sonra da bir-birimizə kömək edəcəyik.
Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında inkişaf etməkdə davam edir. O, atasından çox bəhrələnib və bu, Azərbaycanın xeyrinədir. İlham Heydər oğlu dərin təhsilli şəxs, vəziyyətə hakim dövlət başçısıdır. Hesab edirəm ki, o, atasının yolunun və işinin layiqli davamçısıdır. Fikrimcə, ona bir çox işlərində xanımı, Birinci vitse-prezident Mehriban Əliyeva kömək edir. Azərbaycan xalqı ölkə rəhbərliyindən razıdır və bu, çox önəmlidir. Bakıya gedəndə çiçəklənən şəhər görürsən. Bakı bu gün inkişaf edən meqopolisdir. Azərbaycan paytaxtında ölkə rəhbərliyinin şəhərin və ölkənin inkişafına qayğısı hiss olunur.