“Cənubi Qafqazda davamlı sülh və sabitliyin bərqərar olması üçün Azərbaycanla birlikdə təklif etdiyimiz “3+3” formatında regional əməkdaşlıq platformasının ilk iclası ötən həftə keçirilib. Biz təkcə Türkiyə-Ermənistan münasibətlərində deyil, bütün bölgə üçün normallaşma arzusundayıq və bu yanaşmamızda tam səmimiyik”.
“Report” xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay söyləyib.
“Təbii ki, belə bir proses Ermənistanın atacağı addımlardan asılı olaraq ehtiyatla və Azərbaycanla yaxından təmasda olaraq gerçəkləşdiriləcək. Qafqazda davamlı sülh, əmin-amanlıq və rifahın bərqərar olması üçün əhatəli əməkdaşlıq bundan sonra da bizim səmimi arzumuz olacaq”, - vitse-prezident vurğulayıb.
Xatırladaq ki, dekabrın 10-da Rusiyanın paytaxtı Moskva şəhərində Azərbaycan, Türkiyə, İran, Ermənistan və Rusiyanın iştirakı ilə “3+3” formatında ilk toplantı keçirilib.
Bundan başqa, rəsmi Ankara Türkiyənin ABŞ-dakı keçmiş səfiri Serdar Kılıçı Ermənistan üzrə xüsusi nümayəndə təyin edib.
Ermənistan Xarici İşlər Nazirliyi də Türkiyə üzrə xüsusi elçi təyin ediləcəyini açıqlayıb.