“Azərbaycanla Ermənistan ilkin mərhələni keçməmiş, Nikol Paşinyan ikinci, üçüncü mərhələdən danışır”.
Bunu “Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev "ARB 24" televiziya kanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, Azərbaycanın həyata keçirdiyi antiterror tədbirlərindən sonra erməni sakinlər "Laçın" sərhəd-buraxılış məntəqəsində media nümayəndələrinə müsahibələrində Ermənistan tərəfinin onları məcbur şəkildə köçürdüklərini bildiriblər: “Azərbaycan ilk gündən Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinləri öz vətəndaşları kimi qəbul etməyə hazır olduğunu bildirib. Bununla bağlı hər hansı bir format olmalıdır, həmin format burada erməni sakinlərə yaşamaq hüququnun verilməsidir. Onlar 1987-1988-ci illərədək burada yaşayan insanlar, həmçinin Qarabağda yaşayan ermənilərin doğulan övladları ola bilər”.
Ermənistanın işğal dövründə Qarabağ və ətraf rayonlarda qeyri-qanuni məskunlaşma siyasəti həyata keçirdiyini xatırladan F.Hüseynəliyev qeyd edib ki, bir çox ölkələrdən erməniəsilli şəxslər bu ərazilərə köçürülərək qanunsuz şəkildə yerləşdirilib: “Bütün bu reallıqlar fonunda Azərbaycan həmin şəxsləri niyə öz suveren ərazisinə qəbul etməlidir?! Azərbaycan qoyduğu şərtlərə uyğun olan erməni sakinlərə ölkədə Azərbaycan vətəndaşlarının bütün hüquqlarına sahib olmaqla yaşamaq hüququ verəcək. Hesab edirəm ki, sözügedən məsələ ilə əlaqədar heç bir problem yaşanmayacaq. Lakin qeyd-şərtsiz istənilən şəxsi qəbul etmək o deməkdir ki, terrorçu rejimin nümayəndələri və onları dəstəkləyənlər yenidən bəhsolunan ərazilərə qayıda bilərlər ki, heç bir dövlət belə bir şeyi qəbul etməz”.
Ermənistanın baş naziri Nikol Paşinyanın ölkənin İctimai televiziyasına müsahibəsində Qranada görüşü barəsində səsləndirdiyi fikirləri şərh edən F.Hüseynəliyev əlavə edib ki, istənilən halda Azərbaycanla Ermənistan arasında delimitasiya və demarkasiya prosesi sülh müqaviləsindən sonra ola bilər: “Nikol Paşinyan hazırda bir qədər irəli gedərək sülh müqaviləsinin imzalanması üçün əlavə şərtlər qoymaq istəyir. Ancaq Ermənistanla Azərbaycan arasında hazırda sülh müqaviləsi imzalanmayıb. Belə olan halda heç bir xəritədən, sərhəddən söz gedə bilməz. Əvvəla, iki ölkə sülh müqaviləsi imzalamalı və bunun əsasında növbəti addımlar atılmalıdır. Delimitasiya üçün əsas olaraq hansı xəritələrin götürüləcəyi isə sonrakı mərhələdir. Biz ilkin mərhələni keçməmiş, Nikol Paşinyan ikinci, üçüncü mərhələdən danışır. Yaxşı bilirik ki, bu cür danışıqlar heç bir nəticəyə gətirib çıxarmayacaq”.
Agentlik rəhbəri söyləyib ki, Azərbaycan hansısa şərtləri qəbul etmir və etməyəcək: “Bizim sovet dövründən bir neçə kəndimiz anklav olaraq indiki Ermənistan ərazisində qalıb. Fikrimcə, Ermənistan baş naziri özünü bu məsələdən sığortalamaq istəyir və düşünür ki, həmin kəndlər Ermənistan ərazisində qalmalıdır və s. Lakin vurğuladığım kimi, bunlar sülh müqaviləsindən sonra müzakirə olunacaq məsələlərdir. Yəni, ilkin sənəd olmadan ikinci mərhələyə keçmək mümkün deyil”.