Fransanın növbəti dəfə öz hüquqları uğrunda mübarizəyə qalxmış Martinik xalqına zor tətbiq etməsi rəsmi Parisin müstəmləkə siyasətinin tərkib hissəsidir.
Bunu “Report”a açıqlamasında “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimli deyib.
Ekspert hesab edir ki, Fransanın zorakı əməliyyatı və dinc etirazçılara qarşı güc tətbiqinin əsarətdə saxladığı xalqlara heç bir halda suverenlik vermək niyyətində olmadığını təsdiq edir:
“Martinik xalqının suverenliyini əldə etmək uğrunda mübarizəsi rəsmi Paris tərəfindən dəfələrlə zorakılıqla yatırılıb. Eyni zamanda saxtalaşdırılmış referendumlarla bu məsələyə siyasi don geyindirilib. Fransa müstəmləkələrində keçirilən heç bir referendumda müstəqillik tərəfdarları qalib gələ bilməyib”.
O, bunun sirrinin saxtakarlıq olduğunu bildirib:
“Bu referendumlarla Fransa öz müstəmləkə siyasətinə sanki haqq qazandırır. Referendumlarda müstəqillik tərəfdarlarının qalib gələ bilməməsinin əsas səbəbindən biri də Fransanın həmin cəmiyyətlərdə təfriqə siyasəti aparması, cəmiyyətin müxtəlif təbəqələrinin bir-birinə qarşı qoymasıdır. Təəssüf ki, bu referendumların saxtakarlığına, o cümlədən müstəqilliklə əlaqədar etirazını bildirən xalqlara qarşı güc tətbiq edilir”.
Z.İbrahimli Fransanın XXI əsrdə müstəmləkə siyasətini var gücü ilə müdafiə etməsinə tənqidi yanaşdığını vurğulayıb.
“Fransa öz qüvvələrindən istifadə edərək etirazçılara divan tutur. Biz Kaledoniyada da bunun şahidi olduq. Bununla kifayətlənməyən Fransa bütün dünyanın gözü qarşısında müstəmləkə siyasətinə haqq qazandıran referendumları da saxtalaşdırır. BMT-nin Təhlükəsizlik Şurasının üzvünün bu cür siyasət yürütməsinin nə dərəcədə düzgün olduğu sual altındadır”, - o bildirib.
Ekspert BMT-nin müvafiq strukturlarının Fransanın bu hərəkətinə siyasi və hüququ qiymət verməsinin vacib olduğunu qeyd edib. O bildirib ki, Avropa İttifaqı ölkələri də buna göz yummamalıdırlar:
“Baxmayaraq ki, Fransa hər fürsət düşəndə insan hüquqları və azadlıqlarından danışır, əgər bu əməllərindən çəkinməsə, onun digər xalqların hüquqları, eləcə də insan hüquqları barədə danışması gülünc görünəcək. Fransa insan haqları haqqında hesabatlar yayır. Amma özü dünya müstəmləkə siyasətinin aparıcı ölkəsidir. Çox təəssüf ki, dünya birliyi və aparıcı beynəlxalq təşkilatlar da buna göz yumur”.
Z. İbrahimli BMT-də keçirilən Baş Assambleya iclasında da mövcud məsələnin qaldırılmasının və vətəndaş cəmiyyətinin məsələdə fəal olmasının əhəmiyyətini də vurğulayıb.