"Son bir ildə Qarabağda münaqişə dövründən sonrakı mərhələyə keçid baş verib: Bir il əvvəl Qarabağda münaqişə, hərbi əməliyyatlar dövrü yaşanılırdı. Bu gün 44 günlük Qarabağ müharibəsindən bir il ötür. Bu zaman ərzində atəşkəs haqqında razılaşmanın şərtlərinin həyata keçirilməsi, sabitliyin yaradılması, yenidənqurma proseslərinin başlanılması və iqtisadi inkişaf dövrünə qədəm qoyulub".
Bu fikirləri "Report"un yerli bürosuna Fransanın Avropada Perspektiv və Təhlükəsizlik İnstitutunun prezidenti Emmanuel Dupuy İkinci Qarabağ müharibəsinin başlamasından ötən bir il ərzində baş verən prosesləri təhlil edərkən bildirib.
Onun sözlərinə görə, münaqişədən sonrakı dövr Cənubi Qafqaz regionunun İpək Yolu üçün ən əlverişli dəhliz kimi əhəmiyyətini bir daha göstərdi: "Qarabağda münaqişənin sona çatmasında mühüm rolu olan tərəflər Ankara və Moskva oldu. Bu gün münaqişənin yekunlaşmasından qazanan əsas tərəflərdən biri isə Çindir. Çünki Pekin iqtisadi inkişafa dəstək olmaq bacarığı olan potensial investordur. Münaqişədən sonrakı dövrdə Qarabağda yenidənqurma proseslərindəki işçi qüvvəsinə böyük ehtiyac var. Lakin işçi qüvvəsindən əlavə investorlarlara da ehtiyac var. Belə ki, Cənubi Qafqaz hər zaman İpək yolu üçün əlverişli dəhliz hesab olunub".
E.Dupuy Qərb ölkələrinin münaqişədən sonrakı dövrdə Qarabağda gedən yenidənqurma işlərindən kənarda qaldığını da deyib: "Qərb Əfqanıstanda olduğu kimi, bu sahədə də uduzan tərəf oldu. Qərb Qarabağ münaqişənin həlli zamanı öhdəliklərindən yayınmaqla yenidənqurma proseslərindən iştirak etmək imkanlarını itirdi. Bu gün Qərb şirkətlərindən demək olar heç biri Qarabağdakı yenidənqurma proseslərinə cəlb olunmayıb. Şuşa və bölgənin digər şəhərlərinin yenidən qurulması işlərində iştirak etmək üçün namizəd şirkətlər arasında yalnız bir ingilis və bir italyan şirkətinin adı hallanır. Tükiyə şirkətləri isə üç aeroportun tikintisinə cəlb ediliblər. Mən şəxsən özüm bu bölgəyə səfərim zamanı Qarabağda gedən sürətli və böyük miqyaslı yenidənqurma işlərinin şahidi olmuşam".