“Fransa-Almaniya Gənclər Ofisinin (OFAJ) proqramı çərçivəsində iyunun 6-dan 10-dək Azərbaycandan olan 10 gənc Strasburqa səfər edəcək, burada Almaniya, Fransa və Ermənistan gəncləri ilə görüşəcək və əməkdaşlıq perspektivlərini müzakirə edəcəklər”.
“Report” xəbər verir ki, bunu Fransanın Azərbaycandakı səfiri Zakari Qross bu gün gənclərlə görüşündə deyib.
“Bu, bizim Almaniya səfirliyi ilə “Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramı çərçivəsində yeni əməkdaşlıq istiqamətləri” adlı proqramı üzrə birgə təşəbbüsümüzdür. Əlbəttə ki, biz Azərbaycan və Ermənistan arasında münasibətlərin bərpası prosesini dəstəkləyirik. Biz azərbaycanlı gənclərin sülh naminə səylərini görməyə şadıq”, - Fransa səfiri bildirib.
Diplomat söyləyib ki, Azərbaycan hazırda azad edilmiş ərazilərində dinc həyatın bərqərar olması üçün şəhərləri bərpa edir: “Biz bu regionu sabit və sülh şəraitində görməkdə maraqlıyıq”.
Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq də Azərbaycan və Ermənistan gəncləri və ictimai fəalları arasında təmasların vacibliyini qeyd edib.
“Hesab edirik ki, regionda ümumi gələcəyin perspektivlərini müzakirə etmək lazımdır və bu, çox vacibdir. Biz ölkələr arasında dinc yanaşı yaşama və sülh yolu ilə münasibətlərin bərpasına inanırıq və bunu dəstəkləyirik”, - V.Maniq bildirib.