"Fransa Cənubi Qafqaz regionunda gedən proseslərə müdaxilə etmək niyyəti güdür. Elə rəsmi Parisin Ermənistanı himayə etməsi, onu silahlandırması, sülh danışıqlarına zərbə vurma cəhdlərinin kökündə də bu niyyət dayanır".
Bunu "Report"a Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
Onun sözlərinə görə, Vaşinqton və Brüssel sülh yaratmaq məqsədilə tərəflər arasında dialoqu koordinasiya etdiyi halda Paris davam edən sülhyaratma prosesinə qarşı təxribat törədir:
"Əslində, 2020-ci ilin noyabrın 10-dan etibarən Fransa özünə yer tapa bilmir. BMT Təhlükəsizlik Şurasında erməni təxribatlarını sərhəd toqquşması adı ilə gündəliyə salıb Azərbaycanı ittiham edən Fransa bu davranışı ilə tərəflərin sülhə yaxınlaşmasının əleyhinə olduğunu aşkar nümayiş etdirib. Ümumiyyətlə, biz hər dəfə Brüssel görüşündən sonra Parisdən sözdə sülhə dəstək bəyanatları eşitsək də, son davranışlar sabiq və uğursuz vasitəçi kimi Fransanın Ermənistanı qızışdıraraq, sülh gündəliyinin irəli getməsinə imkan vermədiyini müşahidə etmişik. Bu, həm də Vaşinqtonun və Aİ-nin fəaliyyətinə qısqanclıqla yanaşılması kimi başa düşülməlidir. Məsələ burasındadır ki, Fransanın destruktiv yanaşması Ermənistana əsassız ümidlər verir. Avropa Siyasi Birliyinin Praqada keçirilən görüşündə danışıqlar masasında oturmağa müvəffəq olsa da, Makronun planları Kişineuda iflasa uğradı. Almaniya kanslerinin budəfəki görüşdə iştirakı Fransa prezidentinin planlarını pozdu. Bir sözlə, Fransa bu cür davranışlarla, əslində, öz nüfuzunu zədələyir".
Deputat əlavə edib ki, Parisin Rusiya mövzusunda qeyri-stabil davranşları da diqqətdən yayınmır. Bu ölkə bir tərəfdən Ukraynaya dəstək ifadə etdiyi halda, digər tərəfdən də Moskva ilə gizli danışıqlar aparır. Ümumiyyətlə, bu gün Makron Avropa siyasətində ən çox korrupsiyalaşmış hakimiyyəti təmsil edir. Məhz onun siyasətinin nəticəsidir ki, hazırda Fransada etirazlar genişlənir və artıq vətəndaş itaətsizliyi həddinə çatıb. Görünən budur ki, Fransa Cənubi Qafqaz bölgəsində də hər hansı nüfuz əldə edə bilməyəcək. Onun destruktiv mövqeyinə gəlincə, bu pozucu dəstəkdən cəsarətlənən Ermənistan sülh gündəliyindən imtina edərək, genişmiqyaslı təxribatlara əl atır. Təbii ki, təxribatların yekununda itirən Ermənistan olur. Ona görə də Ermənistan da kənar dəstəklərə arxalanmaqdansa, sülh sazişi imzalamaq istiqamətində çalışmalıdır. Bölgənin təhlükəsizliyi naminə bütün fəaliyyət bu istiqamətə yönəlməlidir.