“Tunisin Cəbrə adasında keçirilən Beynəlxalq Frankofoniya Təşkilatının 50 illik yubiley sammiti çərçivəsində Azərbaycana qarşı çirkin təxribat planının ifşa edilməsi, hazırlanmış qətnamədən bütün anti-Azərbaycan tezislərinin çıxarılması növbəti diplomatik uğurumuzdur”.
Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə deyib.
Onun sözlərinə görə, Fransa və Ermənistan rəsmən iki bacı dövlət olduqlarını bəyan ediblər: “Bunu Prezident İlham Əliyev də öz çıxışında çox gözəl şəkildə ifadə edib. Son vaxtlar Fransa siyasi rəhbərliyi diqqəti ölkədə mövcud olan sosial-iqtisadi problemlərdən başqa yerlərə cəlb etməyə çalışır. Biz görürük ki, Fransa 30 ilə yaxın müddətdə Ermənistanla Azərbaycan arasında olan münaqişənin həllinə maneçilik törədib, beynəlxalq turizmlə məşğul olub. Amma beynəlxalq hüququn bərqərar olunmasına, Azərbaycanın torpaqlarının azad edilməsinə və sülh yaranmasına imkan verməyiblər. İndi də regionda sülh bərqərar ola bilər deyə təşvişə düşüblər”.
A.Mollazadə Azərbaycanın BMT-nin qətnamələrini özünün icra etdiyini xatırladıb və bununla da ATƏT-in Minsk Qrupunun turist kimi fəaliyyətinə xitam verdiyini söyləyib: “Təəssüf ki, Ermənistanın əsas müttəfiqləri dünyada terroru dəstəkləyən dövlətlər kimi tanınır. Fransa da bu cür dövlətlərlə əməkdaşlıq edir. Fransanın Orta Şərqdə terror aktları həyata keçirən və Ermənistan-Azərbaycan münaqişəsinin sonunu istəməyən İranla da mövqeyi eynidir. Bu gün Rusiya Ukraynada hər gün minlərlə uşağı, qadını, günahsız insanları qətlə yetirir. Fransa isə bu istiqamətdə oxşar addımlar atan Ermənistan barədə mövqe bildirmək istəmir. Fikrimcə, BMT-nin Təhlükəsizlik Şurası dəyişməlidir. BMT Təhlükəsizlik Şurasında olan dövlətlər məsuliyyətini üzərlərindən atıb dünyanı başqa formada təmsil etmək üçün sistem qurmalıdırlar. Çünki bu gün dünyada hüququn aliliyini görmürük. Əksinə, nüvə silahına malik ölkələrin münaqişələri dəstəklədiyini müşahidə edirik. Azərbaycan Qoşulmama Hərəkatında duruşu, mövqeyi ilə zəifə, kasıba kömək etmək, dünyada sülh və sabitlik yaratmağın zəruri olduğunu nümayiş etdirdi. Ona görə də Qoşulmama Hərəkatının bütün üzvləri, hətta Beynəlxalq Frankofoniya Təşkilatında təmsil olunanlar belə Fransanın oyunlarına öz etirazlarını bildirdilər”.
Deputat həmçinin vurğulayıb ki, Fransada, ümumiyyətlə, Avropa mühitində son zamanlar müəyyən korrupsiya faktlarının əlamətləri nəzərə çarpır: "Zəngin erməni diasporu lobbi fəaliyyətini qanunverici orqanlara daşıyıb və burada bir çox siyasətçilər məhz qazanc mənbəyi kimi öz siyasətlərini formalaşdırırlar. Bu baxımdan, Azərbaycana qarşı Fransa Senatında qəbul olunan sənədlər ciddi siyasi korrupsiyanın əlamətidir”.