Yuxarı

Fələstin səfiri: "Azərbaycan İƏT çərçivəsində "Əl-Qüds" qrupunun fəal üzvüdür" - MÜSAHİBƏ

Hazırda dünyanın 138 ölkəsi Fələstin dövlətini tanıyır

Bakı. 20 iyul. REPORT.AZ/ Fələstin Dövlətinin Azərbaycandakı səfiri Naser Əbdül Kərimin "Report" agentliyinə müsahibəsi

- Azərbaycan və Fələstin arasındakı ikitərəfli əlaqələri necə qiymətləndirirsiniz? Hansı sahələrdə əməkdaşlığı dərinləşdirmək olar?

- Tərəflər arasında əlaqələr əladır, siyasi sahədə də, təhsil sahəsində də əməkdaşlıq yaxşı səviyyədədir. Xeyli sayda fələstinli tələbə Azərbaycanda təhsil alır. Amma yenə də bu baxımdan hələ çox işləməliyik. Belə ki, əməkdaşlıq üçün yeni sahələrin, xüsusilə də ticarət və mədəni mübadilə sferalarının inkişafına dair qarşılıqlı diqqət var. Hərçənd ticarət sahəsində işğal faktı maneə törədən amildir. Potensialın artırılması proqramlarının həyata keçirilməsi Azərbaycanın - inkişafı yolunda bir sıra problemləri aradan qaldıran gənc ölkənin təcrübəsindən faydalana biləcək fələstinli məmur və mütəxəssislərin hazırlanmasında yaxşı imkan təmin edə bilər.

- Humanitar sahədə əməkdaşlığın perspektivlərini necə görürsünüz?

- Azərbaycan paytaxtı Qüds (Yerusəlim) olan müstəqil Fələstin dövlətinə siyasi dəstək verməkdən savayı, BMT agentlikləri vasitəsilə Qəzza sektorundakı son müharibədən sonra öz evlərini tərk etmiş onminlərlə fələstinliyə yardım göstərib.

- Azərbaycan fəal maliyyə donoru və İƏT daxilində "Əl-Qüds qrupu"nun üzvüdür. Bu qrup çərçivəsində hansısa görüş keçirilməsi gözlənilir? Fələstin və İsrail arasındakı münaqişənin həllinə yardım göstərilməsi məsələsində Azərbaycanın fəaliyyətini necə qiymətləndirirsiniz?

- Azərbaycan qrupun fəal üzvüdür. 2013-cü ildə Bakı Fələstin və Qüdsə dəstək məqsədilə İƏT xarici işlər nazirlərinin xüsusi görüşünü keçirdi və bu müqəddəs şəhərdə infrastruktur və Fələstin xalqına dəstək olmaq üçün 5 milyon dollar ayırdı.

- Fələstin-İsrail münaqişəsinin nizamlanması prosesi hansı mərhələdədir?

- Münaqişənin həlli yaxın olsaydı, fələstinlilər yer üzünün ən xoşbəxt insanları olardı, lakin təəssüf ki, reallıq fərqlidir. İsrail müasir tarixdə ən uzunmüddətli işğalı davam etdirir. Bu ölkənin hökuməti İsrailin siyasi spektorunun ən sərt elementlərindən ibarətdir. Onlar Fələstin xalqının öz dövlətinin olması hüququnu qəbul etmir və Fələstin torpaqlarını özlərininki hesab edir. Beynəlxalq hüquq və qətnamələrin əksinə, İsrail fələstinlilərin bu torpaqlarda dərin köklərinin olmasını inkar edir. İsraildə baş tutan son seçkilər ərəfəsində baş nazirin əsl üzünü gördük. O, nifrətdən işğalı möhkəmləndirmək və fələstinlilərə zülm etmək vasitəsi kimi istifadə etdi.

Həqiqətən, tunelin sonunda işıq olmalıdır və sülhə nail olmaq mümkündür. Amma bu işığın görünməsi üçün siyasi iradə nümayiş etdirilməlidir. Bunun üçün İsrail məsələnin mahiyyətinin işğal olduğunu etiraf etməli, Fələstinin işğalına, bütün əhaliyə işgəncələrə, qanunsuz şəkildə torpaq ələ keçirilməsinə, zəngin yerli mədəniyyətin demonizasiyasına son qoyduğunu və sülh əldə olunmasının təkcə Fələstinin yox, həm də İsrailin və ümumilikdə regionun maraqlarına daxil olduğunu, xalqların müharibə aparıb bir-birindən qorxması əvəzinə, sülh və harmoniya içərisndə yaşamasının daha yaxşı olduğunu bəyan etməlidir. Aydındır ki, 1967-ci ilin sərhədləri daxilində iki dövlət prinsipinə əsaslanan sülh sonsuz fayda gətirəcək və təəssüf ki, üzləşdiyimiz və dünyanı narahat edən terrorizm və vəhşiliyə son qoyacaq.

- Fələstin dövlətini BMT-nin əksər üzvləri tanıyıb. Bundan əlavə, Fələstin bayrağı BMT mənzil-qərargahının qarşısında yellənir. Fələstinin dünyanın aparıcı ölkələri və beynəlxalq təşkilatlar tərəfindən daha çox tanınmasını gözləmək olar?

- Bəli, bir çox ölkələr bunu həyata keçirəcəklərinə bizi əmin ediblər. Hazırda dünyanın 138 ölkəsi Fələstin dövlətini tanıyır.

- Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Fələstinin mövqeyi necədir?

- Fələstinin mövqeyi aydındır və biz Azərbaycanın BMT-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi, problemin siyasi proses olaraq sülh yolu ilə həllini tələb edən qətnamələr vasitəsilə beynəlxalq hüququn həyata keçirilməsi üzrə çağırışını dəstəkləyirik.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi