Bakı. 27 dekabr. REPORT.AZ/ Xarici işlər naziri Elmar Məmmədyarov Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Beybit İsabayevi qəbul edib.
Xarici İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, görüşdə Azərbaycan və Qazaxıstan xalqları arasında əlaqələrin ortaq tarixi, etnik və mədəni köklərə əsaslandığı bildirilərək iki ölkənin liderləri arasında səmimi dostluğun və yüksək səviyyəli dialoqun ölkələrimiz arasında tərəfdaşlığın hərtərəfli inkişafına mühüm təkan verdiyi qeyd olunub. Bu əsnada Qazaxıstan Respublikasının prezidenti Nursultan Nazarbayevin Azərbaycana səfərinin və səfər çərçivəsində imzalanmış sənədlərin ikitərəfli əlaqələrin inkişafında xüsusi əhəmiyyəti diqqətə çatdırılıb.
Görüş zamanı bu il Azərbaycan və Qazaxıstan arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinin qeyd olunduğu və bu çərçivədə yüksək səviyyədə qarşılıqlı təbrik məktublarının mübadiləsi, Qazaxıstanda və Azərbaycanda müxtəlif tədbirlərin keçirilməsi məmnuniyyətlə nəzərdən keçirilib, həmçinin hökumətlərarası birgə komissiyanın ölkələrimiz arasında iqtisadi-ticarət, nəqliyyat, enerji və digər sahələrdə əməkdaşlığın hərtərəfli inkişafında və qarşılıqlı faydalı birgə layihələrin müəyyən edilməsində mühüm rol oynadığı və komissiyanın bu il məhsuldar iclasının keçirildiyi vurğulanıb.
Görüşdə Şərq-Qərb nəqliyyat dəhlizinin əhəmiyyətinə toxunulub və bu çərçivədə Azərbaycan və Qazaxıstanın əməkdaşlığı təqdir edilib. Həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.
Səfir Qazaxıstan Respublikasının Azərbaycan Respublikası ilə diplomatik münasibətlərinin qurulmasının 25 illiyi və ikitərəfli münasibətlərin inkişafında göstərdiyi xidmətlərinə görə, Qazaxıstan Respublikasının prezidenti cənab Nursultan Nazarbayevin fərmanı ilə Azərbaycan Respublikası xarici işlər naziri Elmar Məmmədyarovun təltif edildiyi “Qazaxıstan Respublikasının müstəqilliyinin 25 illiyi” medalını təqdim edib.
Nazir Elmar Məmmədyarov bu təltifat münasibətilə dərin təkkürünü və ehtiramını bildirib.