“El Espanol”: “Azərbaycan Aİ-nin əsl dostu kimi qəbul olunmaqda qərarlıdır”

“El Espanol”: “Azərbaycan Aİ-nin əsl dostu kimi qəbul olunmaqda qərarlıdır” “Azərbaycan hökuməti Avropa İttifaqının (Aİ) əsl dostu kimi qəbul olunmaqda qərarlıdır”.
Xarici siyasət
28 Dekabr , 2022 16:38
“El Espanol”: “Azərbaycan Aİ-nin əsl dostu kimi qəbul olunmaqda qərarlıdır”

“Azərbaycan hökuməti Avropa İttifaqının (Aİ) əsl dostu kimi qəbul olunmaqda qərarlıdır”.

“Report” xəbər verir ki, bu barədə “El Espanol” nəşrinin “İrana görüntü açılan mina sahəsində çay mərasimi: Aİ-nin Qafqazdakı dostu Azərbaycana səfər” məqaləsində deyilir.

Azərbaycana səfər edən məqalənin müəllifi təkcə paytaxt Bakının gözəlliklərindən deyil, həm də Azərbaycanın müxtəlif bölgələrinə, o cümlədən işğaldan azad edilmiş ərazilərə səfər təəssüratlarından bəhs edib.

Məqalədə Bakının tez-tez mühüm beynəlxalq tədbirlərə, o cümlədən 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsinə və “Formula 1” yarışlarına ev sahibliyi etdiyi nəzərə çatdırılır.

“El Espanol”un məqaləsində bu yayın əlamətdar hadisəsindən də bəhs edilir: iyulun ortalarında Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin "Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu"nu imzalamaq üçün Bakıya səfər etməsindən söhbət açılır. Bu sənəd 2027-ci ilə qədər Azərbaycandan Avropaya təbii qaz nəqlinin ən azı iki dəfə artırılmasını nəzərdə tutur.

Müəllif Xudafərin körpüsündə də olub və Azərbaycan-İran sərhədini öz gözləri ilə görüb. Müəllif orta əsrlərdə əlaqələrin və ticarətin fəal şəkildə inkişaf etdiyini, lakin “kitablara görə 800 ildən çox tarixi olan bu on beş tağın hazırda “çiyinlərində” heç nə daşımadığını” vurğulayır. O yazır ki, iki ölkəni birləşdirən bu laxlayan körpü “dünyəvi Azərbaycan və İran İslam Respublikasının bir-birindən təkcə dini və mədəni məsələlərdə üz çevirmədiklərinin” sübutudur.

Məqalədə Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə mina təhlükəsi problemi ilə üzləşməkdə davam etdiyinə diqqət çəkilir: “Qarabağa gedən yolda gördüyümüz yalnız böyük torpaq sahələri və xəbərdarlıq işarələridir. İşarələrin üzərindəki yazıları başa düşməsək də, şəkillər hər şeyi aydın izah edir. Səliqə ilə yerə vurulmuş torlar, tikanlar və kəndirlərlə işarələnmiş sahələr hara ayaq basmağa icazə verildiyindən, haranın isə təhlükəsiz olduğundan xəbər verir. Basdırılan tank əleyhinə minalardır, bir yanlış addım və sizdən yalnız xatirələr qalacaq”.

Qarabağda aparılan bərpa işlərini ətraflı təsvir edən müəllif qeyd edir ki, “nəhəng buldozerlər tikilməkdə olan avtomobil və dəmir yolları üçün keçidlər açır”.

“Məcburi köçkünlərin belə uzun müddətdən sonra öz doğma torpaqlarına qayıtmaq hüququ var və hökumət buna böyük sərmayə yatırır”, - məqalədə qeyd olunur.

Son xəbərlər

Orphus sistemi