“Serbiya Prezidenti Aleksandr Vuçiçin Azərbaycana səfəri iki dövlət arasında münasibətlərin, həmçinin enerji sektoru daxil olmaqla iqtisadiyyat və müdafiə sahələrində əməkdaşlıq əlaqələrinin dərinləşməsinin göstəricisidir".
Bunu "Report"a serbiyalı politoloq, Avropa Araşdırmaları İnstitutunun elmi işçisi Stevan Qayiç deyib.
Onun sözlərinə görə, bu, şübhəsiz ki, iki dövlət arasında gələcək əməkdaşlığı reallaşdırmağa imkan verən mühüm səfərdir.
"Hesab edirəm ki, Prezident İlham Əliyevin Belqrada səfərindən qısa müddət sonra baş tutan bu səfər iki dövlət arasında gələcək əməkdaşlığa müsbət təsir göstərməlidir. Bu, sadəcə olaraq protokol səfəri deyil, həm də bir çox sahələr üzrə gələcək əməkdaşlığı reallaşdırmağa imkan verən görüşdür”, - o bildirib.
Dövlətlər arasında enerji sahəsində əməkdaşlığı şərh edən ekspert bunun daha da genişlənəcəyini güman etdiyini bildirib. “Hesab edirəm ki, bu əməkdaşlıq, həm elektrik enerjisi, həm də Serbiyanın yaxın gələcəkdə Azərbaycandan alacağı qaz təchizatı baxımından daha da genişlənəcək. Aİ-nin Rusiyaya qarşı tətbiq etdiyi və Serbiyaya da təsirsiz ötüşməyən sanksiyalarla əlaqədar olaraq, ölkə Azərbaycandan bütün növ enerji ehtiyatlarının, lakin ilk növbədə qazın tədarükündə çox maraqlıdır. Qaz Bolqarıstan ilə Serbiya arasında tikiləcək və bir neçə Aİ ölkəsini qazla təmin etməyə imkan verəcək interkonnektor vasitəsilə nəql ediləcək”.
Ekspert vurğulayıb ki, Azərbaycanın Serbiyanın ərazi bütövlüyü ilə bağlı mövqeyi Serbiya dövləti və ictimaiyyəti üçün çox önəmlidir: "Azərbaycan beynəlxalq hüquq normalarına qətiyyətlə riayət edir ki, bu da Serbiyanın suverenliyinə və ərazi bütövlüyünə hörmət məsələsində öz əksini tapır. Bu, Serbiya tərəfində qarşılıqlı ehtiram oyatmaya bilməz".