“Azərbaycanın İrandakı səfirliyinə hücum onsuz da gərgin olan Azərbaycan-İran münasibətlərinə diplomatik ziyan vurdu”.
Bunu "Report"a Ankarada yerləşən Yaxın Şərq Strateji Araşdırmalar Mərkəzinin (ORSAM) rəhbəri Ahmet Uysal deyib.
O xatırladıb ki, yayılan məlumatlara görə, İranın Bakıdakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb, Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilmiş silahlı basqının şiddətlə qınanıldığı, diplomatik nümayəndəliklərə qarşı bu kimi hücumların qəbuledilməz olduğu onun diqqətinə çatdırılıb.
"Vyana Konvensiyasına görə, diplomatların və diplomatik nümayəndəliyin təhlükəsizliyinin təmin edilməsi öhdəliyi onların yerləşdiyi ölkənin üzərinə düşür. İran hakimiyyəti terror aktını törədən şəxsi ən qısa zamanda məsuliyyətə cəlb etməli, hadisə ilə bağlı hərtərəfli təhqiqat aparmalı, terror aktının təşkilində və törədilməsində iştirak edən digər şəxslərin müəyyən edilərək cəzalandırılmasını təmin etməlidir”, - Ahmet Uysal qeyd edib.
O, səfirliklərə qarşı bu cür aktların dünyanın istənilən yerində baş verə biləcəyini təəssüflə bildirib: “Amma acı həqiqət budur ki, Azərbaycanın İrandakı səfirliyinə hücum səfirliyin yerləşdiyi ölkənin kəşfiyyat və təhlükəsizlik xidmətlərinin zəifliyini aşkara çıxardı”.
Uysal 2016-cı ildə nümayişçilərin Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinin və Məşhəddəki konsulluğunun binasına od vurduğunu xatırladıb. "Səudiyyə Ərəbistanının İrandakı səfirliyi hücuma məruz qaldıqdan sonra bəzi Körfəz ölkələri, o cümlədən Səudiyyə Ərəbistanı İran ilə diplomatik əlaqələri kəsmişdi. Səudiyyə Ərəbistanının İrandakı diplomatik missiyasının işi hələ də bərpa edilməyib", - ekspert əlavə edib.
Mərkəzin rəhbəri hesab edir ki, səfirliyin yerləşdiyi ölkə hücuma göz yumarsa, qarşı tərəfin reaksiyası diplomatik münasibətlərin qırılması həddinə çata bilər.
"Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib ki, Azərbaycan tərəfi Tehrandakı səfirliyi təxliyə etmək qərarına gəlib və səfirliyin əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsində İrana etibar etmir. O qeyd edib ki, Azərbaycan hadisənin araşdırılması üçün beynəlxalq mexanizmlərdən istifadə edəcək. Buna görə də bu terror aktının təhqiqatının nəticələri Azərbaycanın bundan sonra atacağı addımlar üçün əsas olacaq, lakin bu hücumun onsuz da gərgin olan Azərbaycan-İran münasibətlərinə diplomatik ziyan vurduğu göz qabağındadır”, - ekspert bildirib.