“Fransa parlamenti erməni diasporunun tezislərini çap edən mətbəəyə çevrilib”.
Bunu "Report"a siyasi şərhçi Murad Sadəddinov Fransa Milli Assambleyasının noyabrın 30-da Azərbaycan əleyhinə qəbul etdiyi qətnaməni şərh edərkən deyib.
“Təəssüf ki, Fransanın qanunverici orqanları Azərbaycana qarşı çox birtərəfli və qərəzli siyasət yürüdür”, - o deyib.
M.Sadəddinov bu qətnamənin Fransanın nə dərəcədə erməni maraqlarının təsiri altında olduğunu bir daha göstərdiyini bildirib.
Onun sözlərinə görə, bu qətnamə Fransa ilə Azərbaycan arasında münasibətlərə xələl gətirəcək: bu, ilk növbədə, Cənubi Qafqaz regionunun ən qüdrətli dövləti olan Azərbaycanda Fransanın maraqlarının həyata keçirilməsinə öz təsirini göstərəcək. Bu maraqlar isə kifayət qədər böyükdür - Azərbaycanda çoxsaylı Fransa şirkətləri təmsil olunur.
Politoloq onu da vurğulayıb ki, bütün bunlar Fransanın Azərbaycan ilə Ermənistan arasında danışıqlar prosesində iştirakının məhdudlaşdırılmasına doğru aparır.
Bununla belə, o hesab edir ki, Fransa Xarici İşlər Nazirliyi belə sənədləri fəaliyyət üçün əsas kimi qəbul etmir, çünki onların absurdluğunu və Azərbaycan tərəfindən əks demarşın mümkünlüyünü başa düşür.
"Fransa parlamenti Azərbaycan əleyhinə qətnamə qəbul etməklə 30 il əvvəl və Azərbaycan ərazilərinin işğal altında olduğu illərdə baş verənlərə göz yummuş oldu. Qətnamədə biz Ermənistanın suverenliyini və sərhədlərini pozmaqda ittiham olunuruq. Bəs 30 il əvvəl Ermənistan Azərbaycanın suverenliyini və sərhədlərini pozanda, işğalçılar Azərbaycan torpaqlarında “ağalıq” edəndə Fransa parlamentariləri harada idilər? O vaxt da Azərbaycanın ərazi bütövlüyünün bərpasını tələb edirdilərmi?", - politoloq bildirib.
Onun fikrincə, əgər Fransa Avropa İttifaqının (Aİ) aparıcı ölkəsi olduğuna və Azərbaycana təzyiq göstərə biləcəyinə inanırsa, böyük səhv edir: "Hazırda Aİ-yə üzv 9 dövlət müvafiq sazişlər əsasında Azərbaycan ilə strateji əlaqələrə malikdir. Biz Aİ-nin cənubunda yerləşən demək olar ki, bütün ölkələri enerji daşıyıcıları ilə təmin edirik. Bugünkü reallıqları nəzərə alsaq, bu, çox mühüm amildir. Bu qətnamənin nə bizim üçün, nə də beynəlxalq ictimaiyyət üçün heç bir hüquqi qüvvəsi yoxdur”.