Azərbaycan və Qazaxıstan arasında hərbi əməkdaşlığın dərinləşdirilməsi ticari-iqtisadi əlaqələrin gücləndirilməsi və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) boyunca aktiv qarşılıqlı fəaliyyət kontekstində təbii addımdır.
Bunu "Report"a Avropa və beynəlxalq araşdırmalar üzrə ekspert Eldəniz Hüseynov ölkələrin hərbi kəşfiyyat sahəsində əməkdaşlıq haqqında saziş imzalamağa hazırlaşmasına münasibət bildirərkən deyib.
Ekspert vurğulayıb ki, bir neçə dövlətin ərazisindən keçən, tranzit və ticarət üçün yeni perspektivlər açan Orta Dəhliz təhlükəsizlik məsələlərinə diqqətin artırılmasını tələb edir: “Təhlükəsizliyin təmin edilməsi çərçivəsində “Azərbaycan və Qazaxıstan arasında müdafiə sahəsində hərbi kəşfiyyata dair əməkdaşlıq haqqında Saziş”in Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin bu ilin mart ayında Azərbaycana dövlət səfəri çərçivəsində imzalanması mümkündür”.
E.Hüseynovun sözlərinə görə, bu saziş iki ölkə arasında hərbi sahədə əməkdaşlığın dərinləşdirilməsinin əsasını qoyacaq, hərbi kəşfiyyat sahəsində əməkdaşlıq üçün öhdəlikləri, şərtləri və prosedurları müəyyən edəcək.
O qeyd edib ki, sənəddə birgə döyüş hazırlığı da nəzərdə tutulub ki, bu da Orta Dəhliz və əlaqədar infrastrukturun təhlükəsizliyinin təmin edilməsində mühüm addımdır: “Bu əməkdaşlıq nəqliyyat, logistika və tranzit layihələrinin gücləndirilməsi, o cümlədən Qazaxıstan neftinin Azərbaycan ərazisindən tranzitinin artırılması kontekstində xüsusi əhəmiyyət kəsb edir ki, bu da təkcə iqtisadi deyil, həm də ölkələrin strateji baxımdan yaxınlaşmasına töhfə verir. Qeyd etmək lazımdır ki, Qazaxıstan və Türkiyə daha əvvəl oxşar protokol imzalayıblar, lakin bu, daha çox mümkün məlumat mübadiləsinə aiddir. Amma Azərbaycanla saziş daha geniş əməkdaşlıq spektrini nümayiş etdirir və hər iki ölkənin təhlükəsizlik məsələlərinə diqqət yetirmək istəyini vurğulayır”.
Ekspert bildirib ki, Azərbaycan və Qazaxıstan arasında hərbi əməkdaşlığın gücləndirilməsi regionda sabitlik, təhlükəsizlik və tərəqqi üçün qarşılıqlı istəyi əks etdirən ikitərəfli münasibətlərin inkişafı üzrə ümumi strategiyanın əsas tərkib hissəsinə çevrilir.