Yuxarı

Deputat Eldar İbrahimov: “ATƏT Parlament Assambleyası Qarabağ münaqişəsinə yumşaq münasibət göstərir”

Həmsədrlərin fəaliyyəti cəmiyyətimiz tərəfindən etirazla qarşılanır

Bakı. 22 sentyabr. REPORT.AZ/ “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Minsk qrupunun fəaliyyəti isə bizi qane edə bilməz”.

“Report”un məlumatına görə, bunu yap.org.az saytına müsahibəsində  Azərbaycanın ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin üzvü Eldar İbrahimov deyib.

O, ATƏT Parlament Assambleyasının bütün tədbirlərində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə bağlı məsələləri gündəmə gətirdiklərini qeyd edib.

E.İbrahimov bildirib ki, Ermənistan işğalçılıq siyasətinə baxmayaraq, ATƏT Parlament Assambleyası problemə yumşaq münasibət göstərir: “Beynəlxalq qurumların bu cür yanaşmaları Ermənistanı işğalçılıq siyasətini davam etdirməyə sövq edir. Biz təşkilatın tədbirlərində bu haqda məlumat veririk və işğalçı dövlətə qarşı ciddi tədbirlərin görülməsini tələb edirik. Amma çox zaman belə cavab alırıq ki, münaqişənin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Minsk qrupunun fəaliyyəti isə bizi qane edə bilməz. Həmsədrlər vaxtaşırı olaraq regiona turist səfərləri edirlər. Yəni onların səfərlərinin heç bir nəticəsi yoxdur. Deyirlər ki, məsələni hər iki tərəf razılığa gəlib həll etməlidir. Əgər biz özümüz razılığa gələcəyiksə, onda Minsk qrupu nəyə lazımdır? Ona görə də, həmsədrlərin fəaliyyəti cəmiyyətimiz tərəfindən etirazla qarşılanır”.

Qeyd edək ki, oktyabrın 3-dən 5-dək İsveçrənin Cenevrə şəhərində ATƏT Parlament Assambleyasının payız sessiyası keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi