Bu gün Xarici İşlər naziri Ceyhun Bayramov İsveç Krallığının ölkəmizdə yeni təyin olunmuş səfiri Kristian Kamilin etimadnaməsinin surətini qəbul edib.
Xarici İşlər Nazirliyindən "Report"a verilən məlumat görə, C.Bayramov səfir Kristian Kamili təyinatı münasibətilə təbrik edərək İsveçin Azərbaycandakı diplomatik təmsilçiliyinin statusunu yüksəldərək ölkəmizdə ilk rezident səfirini təyin etməsinin iki ölkə arasında əlaqələrin inkişafına əhəmiyyətli töhfə verəcəyini qeyd edib.
K.Kamill ölkəmizə səfir təyin olunmasından məmnun olduğunu söyləyib. İsveçin Azərbaycanda diplomatik təmsilçiliyini yüksəltməsinin ölkəmizə verilən əhəmiyyətin göstəricisi olduğunu vuğulayıb. O, diplomatik fəaliyyəti dövründə iki ölkə arasındakı əməkdaşlığın genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.
Görüşdə Azərbaycan və İsveç arasında mövcud olan ikitərəfli əməkdaşlıq münasibətləri, o cümlədən siyasi, iqtisadi, ticarət, mədəniyyət, turizm sahələrində əlaqələrin inkişafı, parlamentlərarası əməkdaşlığın genişləndirilməsi imkanları, eləcə də çoxtərəfli platformalarda fəal təmsilçilik və təmaslar barədə fikir mübadiləsi aparılıb.
İsveç Krallığının 2021-ci ildə ATƏT-də fəaliyyətdə olan sədrliyi həyata keçirməsi ərəfəsində İsveç Xarici İşlər nazirinin, həmçinin ikitərəfli məsələləri müzakirə etmək məqsədilə bölgəyə səfərinin həyata keçirilməsinin nəzərdən keçirildiyi qeyd olunub.
C.Bayramov İsveç səfirinə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun ağır nəticələri, Ermənistanın iki dövlətin sərhədində törətdiyi cari ilin 12-16 iyul hərbi təxribatı və bu ölkə rəhbərliyinin bölgədə gərginliyin artmasına xidmət edən addımları, son zamanlar geniş silahlanmanı həyata keçirən Ermənistanın təxribatçı fəaliyyətini davam etdirməsi, beynəlxalq ictimaiyyətin işğalçı ölkəyə qəti ismarışlarının verilməsinin zəruriliyi barədə ətraflı məlumat verib. Nazir İsveçin ATƏT-də fəaliyyətdə olan sədrliyi çərçivəsində ATƏT məkanında təhlükəsizliyə başlıca təhdid olan bu münaqişənin həlli məsələsinin gündəlikdə saxlanmasının vacibliyini ifadə edib.
K.Kamill İsveçin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və münaqişənin sülh yolu ilə həllində maraqlı olduğunu vurğulayıb.
Tərəflər habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.