Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Amerika Birləşmiş Ştatları dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid arasında telefon danışığı baş tutub.
Bu barədə "Report"a Xarici İşlər Nazirliyindən məlumat verilib.
Telefon danışığı zamanı, Azərbaycanla Ermənistan arasında sülh prosesinin cari vəziyyəti və perspektivləri, habelə Azərbaycan və ABŞ arasında əməkdaşlıq gündəliyinin müxtəlif məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov regionda cari vəziyyət, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesinin müxtəlif istiqamətləri, gələcək sülh müqaviləsi üzrə işə başlanılması istiqamətində Azərbaycanın məlum mövqeyi və təklifi, habelə Azərbaycan tərəfindən atılan addımları qarşı tərəfin diqqətinə çatdırıb. Nazir Cenevrə görüşünün nəticəsində Ermənistana təqdim edilmiş sülh müqaviləsinin elementlərinə dair qarşı tərəfdən hələ də cavab gözlənildiyini diqqətə çatdırıb.
Karen Donfrid ABŞ-ın bölgədə sülh və sabitliyin təmin edilməsi səylərini dəstəklədiyini vurğulayıb. Liderlər və nazirlər arasında əldə olunmuş razılıqlara uyğun olaraq sülh prosesinin irəlilədilməsinin vacib olduğunu bildirib.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesini müzakirə ediblər.
"Report" xəbər verir ki, bu barədə nazir tviterdə yazıb.
"ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid ilə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması və sülh səylərinin perspektivləri ilə bağlı telefon danışığı apardıq. Ölkəmizin regionda sülh və sabitliyin təmin olunmasına sadiqliyini və tam hazır olduğunu bir daha təsdiq etdim”, - paylaşımda deyilir.