"Dünən Brüssel prosesinin bərpası və görüşdə ərazi bütövlüyü prinsipi üzrə bir daha gəlinən razılıq Parisin növbəti məğlubiyyəti oldu".
Bu fikirləri "Report"a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.
Deputat bildirib ki, Brüssel görüşünün iki prizmadan müsbət qiymətləndirilməsi vacibdir:
"Dünənki görüşün Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin və Azərbaycan XİN-nin ifadə etdiyi kimi, faydalı və nəticəyönümlü sayılması və bütövlükdə uzun müddətdən sonra prosesinin özünün yenidən bərpası baxımından önəm daşıyır. Sirr deyil ki, Fransa Cənubi Qafqazda özünün neokolonist və neoimperialist mövqeyini möhkəmləndirmək üçün regionda davamlı sülh və sabitlik prosesində maraqlı deyil. Paris bu mürtəce mövqeyini 30 illik işğal dönəmində, II Qarabağ savaşında və postmüharibə dövründə dəfələrlə nümayiş etdirib. Prezident İlham Əliyev tərəfindən bütün cəhdləri dəf edildikdən və Fransa bütövlükdə regionda sıxışdırıldıqdan sonra isə Makron rejimi Azərbaycanla Ermənistan arasında mümkün sülh prosesini hədəfə alaraq sülh müqaviləsinə hər vəchlə maneçilik törətməyə başladı. Fransa təbii ki, ilk növbədə Avropa İttifaqının sədri kimi Aİ çərçivəsində başlanan və nisbətən məhsuldar hesab edilən Brüssel prosesinə müdaxilə etməyə başladı. Xüsusən Praqa görüşündə biz Makron hökumətinin ikiüzlü və dağıdıcı fəaliyyətinin şahidi olduq. Bu yanaşma təbii ki, bölgəyə də təsirsiz ötüşmədi və təcavüzkar Ermənistan təbii ki, bu prosesdən cəsarətlənərək Parisin bu “dəstəyinə” revanşist niyyətinin reallaşma imkanı kimi baxmağa başladı. Lakin dövlət başçısı İlham Əliyev Ermənistana Şuşadan xəbərdar etdiyi kimi, heç kimə bölgədə yeni reallığı dəyişmək imkanı vermədi və bütün hallarda da Ermənistan bir az da məğlubiyyətə yuvarlandı".
Onun sözlərinə görə, dünən Brüssel prosesinin bərpası və görüşdə ərazi bütövlüyü prinsipi üzrə bir daha gəlinən razılıq Parisin növbəti məğlubiyyəti oldu:
"Biz bir məqamı unutmamalıyıq ki, ötən ilin oktyabrında Praqa və Soçi görüşlərində də Alma-Ata bəyanatına müvafiq olaraq eyni qənaətə gəlinmişdi. Lakin Fransanın pozuculuq fəaliyyəti və İrəvanın da arzusu ilə proses qeyri-müəyyən vəziyyətdə donmuşdu. Lakin İlham Əliyevin qətiyyətli addımları ilə İrəvan nəinki oyuna qayıtmaq məcburiyyətində qaldı, əksinə, Azərbaycanın ərazi bütövlüyünü daha detallı formada etiraf edərək Qarabağ "sevdasından" vaz keçməli oldu. Prezident İlham Əliyev göstərdi ki, Paris Brüssel prosesini dağıda bilmədi".
Parlamentari vurğulayıb ki, Fransa bu gün Cənubi Qafqazda oyundan kənardadır və bu məhz Azərbaycanın iradəsi ilə baş verir: "Üstəlik Azərbaycan və Ermənistan rəhbərləri iyulda Brüsseldə və oktyabrda Qranadada təşkil ediləcək 3-cü “Avropa siyasi birliyi” Zirvə Toplantısı çərçivəsində yenidən görüşə bilər. Ötən dövr, eləcə də dünənki Brüssel görüşü göstərdi ki, Fransa özünün təcavüzkar ideyaları, separatizmə dəstəyi və proksi müharibə cəhdlərinə baxmayaraq, Bakının qarşısında pat vəziyyətində qalıb. Bu mənada proseslərin istənilən sonrakı mərhələsində Azərbaycanın istəklərini reallaşdırmaq imkanları şübhə doğurmur".