Yuxarı

Britaniyalı nazir İntiqam Əliyevin azadlığa buraxılmasını alqışlayıb

Devid Lidinqton: Mən Azərbaycan hökumətini bu müsbət addımla yaratdığı dinamikanı gücləndirməyə çağırıram

Bakı. 29 mart. REPORT.AZ/ Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Devid Lidinqton Azərbaycan Ali Məhkəməsinin İntiqam Əliyevin azadlığa buraxılmasıyla bağlı qərarını alqışlayıb.

"Report" xəbər verir ki, bu barədə Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Mən Azərbaycan hökumətini bu müsbət addımla və martın 17-də Prezidentin imzaladığı əfv sərəncamı ilə yaratdığı dinamikanı gücləndirməyə çağırıram. Birləşmiş Krallıq Azərbaycanda demokratiya və insan hüquqlarının gücləndirilməsində hökumətin səylərinə öz töhfəsini verməyə hazırdır", - deyə D.Lidinqton bildirib.

Martın 28-də Ali Məhkəmədə baş prokuror Zakir Qaralovun "Hüquq Maarifçiliyi Cəmiyyəti"nin həbsdə olan sədri İntiqam Əliyevlə bağlı məhkəmə qərarından cəzanın ağır olmasına dair verdiyi əlavə kassasiya protesti üzrə məhkəmə keçirilib. Məhkəmə qərarına əsasən, İ.Əliyev 5 il şərti həbs cəzası olmaqla azadlığa buraxılıb.

Qeyd edək ki, İ.Əliyev 2014-cü ilin avqustun 8-də həbs olunub. O, Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 192.2-ci (qanunsuz sahibkarlıq) və 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddələri ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Əliyev 3 il hər hansı vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Qərardan narazı qalan İ.Əliyev apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Məhkəmə hökmü dəyişməyib.

Vəkil Cavad Cavadov isə məhkəmə hökmünün dəyişdirilmədən saxlanılmasına dair Bakı Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. İ.Əliyevin kassasiya şikayəti təmin edilməyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi