Azərbaycan və Ermənistan liderlərinin BRICS sammitində vasitəçisiz bir araya gəlməsi sülhlə bağlı ümidləri artırdı.
Bu fikirləri "Report"a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
Onun sözlərinə görə, BRICS qarşılıqlı, faydalı əməkdaşlıq istəyən ölkələrin praktiki maraq göstərdiyi qlobal mərkəzə çevrilib:
"Bu XVI BRICS sammitində aparılan müzakirələrdən, burada iştirak edən ölkə rəhbərlərinin yanaşmasından da aydın oldu. Azərbaycan uğurlu təcrübəsi ilə BRICS-in inkişaf potensialına töhfə vermək niyyətindədir. Bu platforma müxtəlif qitələrin dövlətlərini birləşdirir, həmrəyliyi gücləndirir. Prezident İlham Əliyevin sammitdə bəyan etdiyi kimi, Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır. Bu, 2020-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrlik dövründə tərəfimizdən əyani şəkildə nümayiş etdirilib. Azərbaycan artıq Qlobal Cənub və Qlobal Şimal arasında iqlim üzrə əməkdaşlığa töhfə verir. Kazan sammitində eyni zamanda Azərbaycanın bu ilin noyabrında nüfuzlu iqlim konfransı – COP29-a ev sahibliyi etməsinə də diqqət çəkildi. Dövlət başçısı bir daha bəyan etdi ki, istər iqlim dəyişikliyi, istərsə də qlobal təhlükəsizlik, beynəlxalq hüququn aliliyi, bir-birinin işlərinə qarışmamaq, qarşılıqlı hörmət məsələlərində anlaşmaya nail olunmasına səy göstərəcək".
Deputat bildirib ki, BRICS sammiti eyni zamanda Azərbaycan və Ermənistan arasında ikitərəfli sülh gündəliyinin inkişaf etdirilməsi ilə yadda qaldı:
"Üstəlik, tərəflərin vasitəçisiz bir araya gəlməsi ümidləri bir qədər də artırdı. Rəsmi məlumatdan aydın oldu ki, görüşdə tərəflər ikitərəfli sülh gündəliyinin irəli aparılmasını, o cümlədən sülh sazişini, sərhədlərin delimitasiyası və demarkasiyasını, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər. Xarici işlər nazirlərinə Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş üzərində işlərin mümkün tez zamanda yekunlaşdırılması və imzalanması üçün ikitərəfli danışıqları davam etdirmək barədə təlimat verilib".
K.Nurullayeva həmçinin Nikol Paşinyanın görüşdən sonra nikbin bəyanat verdiyini xatırladıb:
"O, dövlət sərhədlərinin delimitasiyası prosesinin aktivləşdirilməsi ilə bağlı danışıb. Amma yalnız bəyanatla prosesi irəli aparmaq mümkün deyil. Təcrübə də göstərir ki, bəyanatlardan praktik addımlara keçmək lazımdır. Ermənistanın baş naziri Qərbdəki havadarların təsiri altına düşmək əvəzinə, ikitərəfli sülh gündəliyini inkişaf etdirmək və nəticəyönümlü addımlar atmaq barədə düşünməlidir".