“Ermənistanla Azərbaycan arasında sülh olmasını istəməyən xarici qüvvələr var. Amma ölkələrin bir-birinin ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanıması və regiondakı digər xarici aktorlar tərəfindən bu prinsipə hörmətlə yanaşılması məsələnin həlli yoludur”.
Bunu “Report”un Zəngilan və Cəbrayıla ezam olunmuş müxbirinə açıqlamasında “Naval postgraduate school”un (ABŞ) professoru Brenda Şaffer deyib.
Onun sözlərinə görə, Zəngilan coğrafi baxımdan Azərbaycan, Rusiya, İran, Türkiyə və Ermənistan arasında nəqliyyat marşrutlarının və kommunikasiyaların kəsişməsində yerləşir və strateji rol oynayır: “Azərbaycan və Türkiyə kimi ölkələr bunun əhəmiyyətini anlayır və burada nəqliyyat infrastrukturunu inkişaf etdirməyə, dəhlizlər yaratmağa, regionda əlaqələrin açılmasına kömək etməyə çalışır. Digər tərəfdən, bu prosesə, ticarət mühitinin inkişafına və mövcud strateji imkanlardan istifadəyə mane olmaq istəyən qüvvələr var. Demək, Ermənistanla Azərbaycan arasında sülhün qarşısını almağa çalışan xarici qüvvələr mövcuddur”.
B.Şafferin fikrincə, Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması üçün kənardan köməyə ehtiyac yoxdur, əksinə, xarici amillərin daha çox dağıdıcı olduğunu söyləmək olur: “Əlbəttə ki, iki ölkə razılığa gələ bilər, lakin bu, kifayət deyil, digər ölkələrin bu sülhə müdaxilə cəhdlərinin olmaması vacibdir”.
O əlavə edib ki, iki ölkə arasında sülhün bərqərar olması üçün ən mühüm prinsip onların bir-birinin ərazi bütövlüyünü qarşılıqlı tanımasıdır: “Ermənistan qoşunlarını çıxarmalı və təkcə Qarabağda deyil, sərhəddə, Gürcüstana daha yaxın olan hissədə yerləşən kəndləri Azərbaycana qaytarmalı və Azərbaycanın Qarabağda suverenliyi tam bərpa olunmalıdır”.
Amerikalı professor əslində, hər şeyin çox sadə olduğunu vurğulayıb: “Azərbaycan artıq Ermənistanın ərazi bütövlüyünə hörmət etdiyini bəyan edib. Necə ki, Azərbaycan Ermənistanın ərazi bütövlüyünə hörmət etdiyini deyir, Ermənistan, Rusiya, ABŞ, İran da bu prinsiplə razılaşmalıdır. Bu münaqişənin həll yolu məhz budur”.