Bakı. 18 mart. REPORT.AZ/ Azərbaycanın Braziliyadakı səfirliyində Novruz bayramı münasibətilə tədbir keçirilib. "Report"un məlumatına görə, tədbirdə Braziliya rəsmi dairələri, yerli ictimaiyyət və ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak edib.
Mərasimdə çıxış edən səfir Elnur Sultanov Azərbaycanda Novruz bayramı və adət-ənənələri barəsində ətraflı məlumat verib. Sonra qonaqlara ölkəmizin Novruz ənənələrinə dair videomaterial təqdim olunub.
Bundan əlavə, səfir E.Sultanov bu ilin Azərbaycanda multikulturalizm ili elan edildiyini vurğulayaraq, ölkəmizin multikulturalizm və tolerantlıq ənənələri barəsində məlumat verib. O, Azərbaycanın bu sahədə dünyada nümunə kimi tanındığını qeyd edərək, 2016-cı ilin 25-27 aprel tarixlərində Bakıda keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu haqqında danışıb. Tədbir işitirakçılarına adıçəkilən Foruma dair videoçarx nümayiş etdirilib.
Sonra qonaqlara Azərbaycan mətbəxinin ləziz təamları və Novruz şirniyyatları təqdim olunub.