BMT rəsmisi: Erməni terroru nəticəsində öldürülən Evner Ergünün xatirəsi təşkilatda hörmətlə anılır

BMT rəsmisi: Erməni terroru nəticəsində öldürülən Evner Ergünün xatirəsi təşkilatda hörmətlə anılır 21 avqust Beynəlxalq Terror Qurbanlarını Anma Günündə Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-Yorkdakı mənzil-qərargahında dünyadakı teror qurbanları və təşkilatın müxtəlif vaxtlarda teror hücumları nəticəsində şəhid olmuş əməkdaşları anılıb.
Xarici siyasət
22 Avqust , 2024 10:14
BMT rəsmisi: Erməni terroru nəticəsində öldürülən Evner Ergünün xatirəsi təşkilatda hörmətlə anılır

21 avqust Beynəlxalq Terror Qurbanlarını Anma Günündə Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-Yorkda yerləşən mənzil-qərargahında dünyadakı terror qurbanları və qurumun müxtəlif vaxtlarda terror hücumları nəticəsində qətlə yetirilən əməkdaşları anılıb.

"Report" xəbər verir ki, BMT-nin terror hücumu nəticəsində öldürülən əməkdaşlarından biri də təşkilatın mənzil-qərargahında adına xatirə lövhəsi qoyulan türk diplomat Evner Ergündür.

O, erməni terror təşkilatının hücumu nəticəsində 1984-cü il noyabrın 19-da Vyanada təşkilatın Sosial İnkişaf və Humanitar Məsələlər Mərkəzinin direktor müavini vəzifəsində çalışdığı zaman öldürülüb. Mərkəzin Vyana ofisində yeganə türk direktoru olan Evner Ergün Avstriya paytaxtının hərəkətli küçələrindən birində qırmızı işıqda gözləyərkən avtomobilinə yaxınlaşan şəxs tərəfindən silahlı hücuma məruz qalıb və altı güllə yarası alan diplomat hadisə yerində ölüb. O, 17 il idi ki, BMT-də fəaliyyət göstərirdi. Təşkilatın əsas qərargahında adı əbədiləşdirilən yeganə türk diplomat olan E.Ergünün xatirəsinə həsr olunmuş lövhədə onun haqqında məlumatlar əks edilib.

Ermənistan tarixin müxtəlif dövrlərində törətdiyi qətliamlar, soyqırımları, erməni terror təşkilatları isə öz qurbanları üçün status, sərhəd və məkan tanımayıb. Dünyada ən toxunulmaz insanlar siyahısında olan, beynəlxalq və humanitar qanunların qoruduğu diplomatlara belə erməni terroru aman verməyib. Xatırlatmaq yerinə düşər ki, XX əsrin əvvəllərində Türkiyədə fəallaşan ermənilər Qərb dövlətlərinin təhriki və dəstəyi ilə Osmanlı dövlətinə qarşı çıxmağa başlayıblar. Ermənilər tərəfindən həyata keçirilən "Nemezis" planı nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti (AXC) və Osmanlı İmperiyasının mühüm simaları qətlə yetirilib. Xain hücumları həyata keçirən terrorçulardan bəziləri yaxalansa da, sonradan müxtəlif adlar altında azadlığa çıxarılıblar.

Hər fürsətdə özlərinin “soyqırımı”na məruz qaldıqlarını iddia edən ermənilər 1973-cü ildən etibarən, Türkiyə diplomatlarını yenidən hədəfə almağa başladılar. Türklərə qarşı terror məqsədilə yaradılan ASALA (Erməni gizli ordusu) ilk dəfə 1975-ci ildə, digər erməni terror təşkilatı JCAG (“Erməni Soyqırımı Ədalət Komandoları”), "Erməni İnqilab Ordusu" isə 1975-ci ildə Livanın paytaxtı Beyrutda quruldu. ASALA və JCAG terror təşkilatlarının 1970-ci ildən indiyədək xaricdə yaşayan türklərə qarşı törətdikləri sui-qəsdlər nəticəsində 31-i diplomat və onların ailə üzvləri olmaqla, ümumilikdə 58 Türkiyə vətəndaşı qətlə yetirildi. Bununla belə, həmin cinayətləri həyata keçirən terrorçuların çoxu yenə də cəzasız qaldı. Şəhid diplomat Evner Ergünün amansızlıqla qətlə yetirilməsinə görə məsuliyyəti Erməni İnqilab Ordusunun öz üzərinə götürməyinə baxmayaraq, onun qatilləri hələ də azadlıqdadır.

BMT-nin baş katibinin sözçüsünün müavini Ferhan Hak "Report"un ABŞ bürosuna açıqlamasında BMT-nin erməni terror təşkilatının hücumu nəticəsində öldürülən Evner Ergünün xatirəsinə böyük hörmətlə yanaşdığını vurğulayıb:

“Birləşmiş Millətlər Təşkilatı Türkiyədən, Azərbaycandan və ya dünyanın hər hansı digər ölkəsindən olan diplomatların öldürülməsi bir yana, onlara qarşı istənilən hücumun əleyhinədir. Biz inanırıq ki, bütün dövlətlər diplomatların müdafiəsi ilə bağlı Vyana Konvensiyasına riayət etməlidirlər. Diplomatlara qarşı heç bir təqibə və ya hədə-qorxuya yol vermədən onlara öz işləri ilə məşğul olmağa tam imkan yaradılmalıdır. Bu, diplomatiyanın dünyada səmərəli şəkildə həyata keçirilməsi üçün ilkin şərtdir. Əlbəttə, BMT-nin, onun əməkdaşlarının imtiyaz və toxunulmazlığı haqqında müvafiq konvensiyalar var. Biz bütün xalqları bunun hamının razılaşdığı bir öhdəlik olduğunu başa düşməyə çağırırıq".

BMT rəsmisi bildirib ki, terror təşkilatlarının və ya ayrı-ayrı şəxslərin hər hansı bir ölkənin diplomatına hücum etməsi, əslində, münaqişələrin sülh yolu ilə həlli vasitələrinə qarşı hücum deməkdir:

“Diplomatiya və danışıqların hər bir xalqın idarəçilik mexanizminin bir hissəsi olması vacibdir və nəticədə biz diplomatların müdafiəsinə, konsulluq idarələrinin və səfirlik binalarının mühafizəsinə, diplomatiyanın zorakılıq təhlükəsi olmadan işinə davam edə biləcəyinə əmin olmalıyıq".

Uzun müddət “Anadolu” İnformasiya Agentliyinin BMT-nin Cenevrədəki ofisində və Nyu-Yorkdakı mənzil-qərargahında təmsilçisi olmuş, hazırda CNBC-nin Nyu-Yorkdakı nümayəndəsi kimi fəaliyyət göstərən xarici siyasət məsələləri üzrə təcrübəli jurnalist Betül Yürük "Report"un ABŞ bürosuna açıqlamasında bildirib ki, E.Ergünün xatirəsinin sülhün simvolu hesab olunduğu BMT-nin mənzil-qərargahında yaşadılması, əslində, Ermənistana və onun dəstəklədiyi terror təşkilatlarına verilmiş çox ciddi bir mesajdır:

“Uzun illərdir, beynəlxalq münasibətlər, diplomatiya ilə bağlı xəbərlər yazan jurnalist kimi dünyanın əksər yerlərində bir çox diplomatlarla, xüsusilə, azərbaycanlı və türk diplomatlarla işləmək imkanım oldu. İstər Qarabağ məsələsi, istərsə də qondarma “erməni soyqırımı” məsələlərinin türk və azərbaycanlı diplomatların daim diqqət mərkəzində olduğunu birbaşa müşahidə etmişəm. Son illərdə, əsasən də Qarabağın işğaldan azad olunmasından sonra da azərbaycanlı və türk diplomatların üzərində yenidən böyük bir basqı var. Bu əslində, ötən əsrin 70-ci illərindən günümüzə qədər gələn bir təhdid və basqıdır.

İndiyə qədər 30-dan çox türk diplomat şəhid edilib. Onlardan biri də uzun illər BMT-nin Cenevrə ofisində işləyən və yüksək səviyyəli bir diplomat olan Evner Ergündür. O, Ermənistanın formalaşdırdığı terror təşkilatı tərəfindən amansızcasına qətlə yetirilib. Dünyada sülh üçün çalışan bir təşkilatın əməkdaşının terrora qurban getməsi olduqca kədərli faktdır.

Bu gün onun xatirəsinin sülhün simvolu hesab olunan BMT-nin mənzil-qərargahında yaşadılması isə əslində, Ermənistana və onun dəstəklədiyi terror təşkilatlarına verilmiş bir mesajdır. Bir türk olaraq ölkəmin belə bir diplomat yetişdirməsindən, eyni zamanda, BMT-nin onun xatirəsinə dərin hörmətindən qürur duyuram. E.Ergünün xatirəsi yaşadılmalı və əziz tutulmalıdır. Ümid edirəm ki, bir daha belə böyük ağrı-acı yaşamayacağıq".

Son xəbərlər

Orphus sistemi