Bu il BMT Baş Assambleyasının 75-ci sessiyasının açılışında əksər üzv ölkələrin dövlət və hökumət başçıları iştirak etməsələr də, ümumi siyasi müzakirələrə qatılacaq, bunun üçün videomüraciətlərini əvvəlcədən təqdim edəcəklər. BMT Baş katibi Antonio Quterreşin isə bilavasitə Baş Assambleya kürsüsündən nitq söyləyəcəyi gözlənilir.
“Report” xəbər verir ki, bu barədə Baş katibin sözçüsü Stefan Dujarrik bildirib.
BMT rəsmisi baş katibin məzuniyyətdən qayıdaraq Nyu-York ştatındakı mövcud qaydaya uyğun olaraq, 2 həftəlik karantindən keçdiyini, hazırda isə BMT qərargahındakı iş otağında fəaliyyət göstərdiyini diqqətə çatdırıb.
75-ci sessiya çərçivəsində sentyabrın 9-da Baş katib Dünya Meteorologiya Təşkilatının rəhbəri ilə birgə həmin təşkilatın illik hesabatının təqdimatında iştirak edəcək. Sentyabrın 21-də BMT qərargahında təşkilatın 75-ci ildönümünə həsr olunan yüksək səviyyəli görüş, ayın 28-də Gənclər Forumu, 29-da inkişafa maliyyə dəstəyi ilə bağlı tədbir, 30-da isə biomüxtəlifliyə dair sammit keçiriləcək.
Bundan əlavə, oktyabrın 1-də Dünya Gender Konfransında qəbul edilmiş Pekin Bəyannaməsinin 25-ci ildönümünə dair, ertəsi gün isə Beynəlxalq Nüvə Silahların Ləğv Olunması Gününə həsr olunmuş tədbirlər nəzərdə tutulur.