BMT-nin Cenevrə ofisində Azərbaycanın təşkilatçılığı ilə konfrans keçirilib

BMT-nin Cenevrə ofisində Azərbaycanın təşkilatçılığı ilə konfrans keçirilib Tədbirdə Azərbaycanın daimi nümayəndəsi Vaqif Sadıqov çıxış edib
Xarici siyasət
8 Dekabr , 2016 11:21
BMT-nin Cenevrə ofisində Azərbaycanın təşkilatçılığı ilə konfrans keçirilib

Bakı. 8 dekabr. REPORT.AZ/ BMT-nin Cenevrə Bölməsində - Millətlər Sarayında “İnsan Hüquqları Günü” və “İnkişaf Hüququ üzrə Bəyannamənin otuzilliyi” münasibətilə “İnkişaf hüququ 30 il sonra: nailiyyətlər, problemlər və irəliyə doğru yol” mövzusunda panel müzakirələr keçirilib.

Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tədbir Azərbaycanın Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyi və “İnsan Hüquqlarının Təkmilləşdirilməsi və Qlobal Dialoq üzrə Cenevrə Mərkəzi” qeyri-hökumət təşkilatı tərəfindən təşkil olunub.

Tədbirdə İnkişaf hüququ üzrə BMT-nin İşçi Qrupunun sədri və məruzəçisi Zamir Əkrəm, Cənub Mərkəzinin maliyyə və inkişaf məsələləri üzrə baş müşaviri Manuel Montes, Antverpen Universitetinin beynəlxalq hüquq şöbəsinin rəhbəri, professor Koen de Feyter və BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar üzrə Komitəsinin üzvü, professor Nicolaas Schrijver məruzəçi qismində iştirak edib.

Azərbaycanın BMT-nin Cenevrə ofisinindəki daimi nümayəndəsi Vaqif Sadıqov Minilliyin İnkişaf Məqsədləri üzrə Azərbaycanın mühüm nailiyyətlər qazandığını və hazırda, milli davamlı inkişaf strategiyasının Davamlı İnkişaf Məqsədləri üzrə 2030 Gündəliyinə uyğunlaşdırıldığını qeyd edib. Bu xüsusda, yeni yaradılan Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının əsas məqsədinin 2030-cu ilədək qlobal məqsəd və hədəflərə uyğun milli prioritetləri və onlara dair göstəriciləri müəyyən etməkdən, ölkədə sosial-iqtisadi sahələri əhatə edən dövlət proqramları və strategiyalarının Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşdırılmasını təmin etməkdən ibarət olduğunu bildirib. Daimi nümayəndə, həmçinin inkişaf etməkdə olan ölkələrin üzləşdiyi humanitar və sosial-iqtisadi problemlərin qarşısının alınması istiqamətində beynəlxalq ictimaiyyət tərəfindən görülən tədbirlərdə Azərbaycanın fəal rol oynadığını ifadə edib və bu xüsusda, Azərbaycan Beynəlxalq İnkişaf Agentliyi və Heydər Əliyev Fondunun fəaliyyəti barədə məlumat verib.

Tədbirdə çıxış edənlər İnkişaf hüququ üzrə Bəyannamənin yerinə yetirilməsi istiqamətində əldə olunan nailiyyətlər, mövcud problemlər və həll vasitələri, eləcə də inkişaf hüququnun həyata keçirilməsi üçün beynəlxalq əməkdaşlığın daha yaxşı təşviq edilməsi yolları barədə fikirlərini bölüşüblər.

Tədbirdə çoxsaylı dövlətlərin, beynəlxalq hökumətlərarası və qeyri-hökumətlərarası təşkilatların, eləcə də akademik dairələrin nümayəndələri iştirak edib.

Son xəbərlər

Orphus sistemi